Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi? - VİDEO

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

“Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi”, - aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

“Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı”.

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:

“Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, “Maşın şou”ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim “Maşın şou”dan sonra Azərbaycanın sevimlisi oldu”.

Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər.

“Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi”, - şair Könül Nazimqızı söyləyib.

Ətraflı süjetdə:

09.05.2024 03:04
1429