Ali Məhkəməyə Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mühasibi olmuş 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin kassasiya şikayəti daxil olub.
Musavat.com xəbər verir ki, şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Mirhadı Tağıyev DAİM rəhbəri 1964-cü il təvəllüdlü Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi arestant mühasibin şikayətini təmin etməyib.
Sonu ölümlə nəticələnən qanlı olay 2021-ci ilin oktyabrında, Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib. İş münasibətləri zəminində yaranan mübahisə mühasibi bıçağa əl atmağa vadar edib.
Mirhadı Tağıyev olaydan sonra istintaqçılara deyib ki, ittiham üzrə özünü təqsirli bilmir:
“2010-2014-cü illərdə Dövlət İqtisad Universitetində ali təhsil aldım. Təhsilimi başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollandım. 2020-ci ilin dekabrında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsində mühasib vəzifəsinin vakant olduğunu öyrəndim. Həmin vaxt şöbənin direktoru Ziyad Əhmədovun qəbuluna getdim və vakant olan mühasib vəzifəsində çalışmaq istəyimi bildirdim. Qəbul zamanı Ziyad Əhmədov məndən sənədlərimi təqdim etməyimi, vəzifəyə uyğun sayılacağım təqdirdə mənimlə əlaqə saxlayacağını bildirdi. Ona görə də tələb olunan sənədləri topladım və ona təqdim etdim. Lakin bir neçə gün keçməyinə baxmayaraq, mənfi və ya müsbət heç bir xəbər ala bilmədim. Ona görə elektron qaydada Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdim. Bir neçə gün sonra nazirlikdən zəng etdilər və müsahibəyə dəvət olundum. Kənd Təsərrüfatı Nazirliyinə gedərək müsahibədə iştirak etdim və Dövlət Aqrar İnkişaf Mərkəzinin Goranboy rayon şöbəsinin mühasibi vəzifəsinə təyin olundum.
2021-ci ilin yanvarın 10-da mərkəzin Goranboy rayon şöbəsində işə başladım. İşə başladığım vaxtdan direktor Ziyad Əhmədovla münasibətlərimiz pisləşdi. O, hər gün mənə irad bildirirdi. İradlar bəzən haqlı, bəzən haqsız olurdu. Bu səbəbdən çox əsəbiləşirdim. Hər iş günü stressli keçirdi. Xidməti iş otağımdan dəhlizə çıxanda belə Ziyad Əhmədov irad tuturdu. Haqsız irad olanda ona cavab qaytarırdım. Buna görə də aramızda mübahisə baş verirdi. Dəfələrlə sənədlərdə olan texniki səhvlərə görə aramızda mübahisə olub. Hadisə günü, yəni oktyabrın 8-də, səhər saat 9 radələrində işə gəldim. Xidməti otağımda öz işimi gördüm. Saat təxminən 10.30-da Ziyad Əhmədov daxili telefonla zəng etdi, məni otağına çağırdı. Şöbənin işçilərinin əmək haqlarını, ezamiyyət pullarını, mükafatlandırılma vəsaitlərini “Kapital Banka”a məxsus “Müştəri Bank” internet saytı vasitəsi ilə həyata keçirdim.
Həmin internet saytında həm mənim, həm də Ziyad Əhmədovun adına profil olub. Hər iki profili mühasib olaraq mən idarə etmişəm. Ziyad Əhmədovun xidməti otağına getdim. O, xidməti kompüterində bankın internet saytını açdı, mənim bilmədiyim bölməyə daxil olmağa çalışdı.
Məndən “Muştəri Bank”a məxsus istifadəçi adı və şifrəni tələb etdi. İzah etdim ki, “Müştəri Bank”a məxsus istifadəçi adı və şifrə ilə başqa bölməyə daxil olmaq mümkün deyil. Lakin Ziyad Əhmədov deyinərək dedi ki, sən dediyimi elə, şifrəni ver. “Müştəri Bank”da olan hesabının istifadəçi adı və şifrəsini verdim. O, həmin məlumatları internet saytında müvafiq bölməyə daxil etdi. Lakin həmin bölməyə girə bilmədi. Buna görə yenə deyinməyə başladı. Yalan danışmağıma dair fikirlər səsləndirdi. Əsassız ittihamlara əsəbiləşdim, onun otağından çıxaraq getdim. Ona görə əsəbiləşdim ki, əvvəlcədən Ziyad Əhmədova “Müştəri Bank”ın istifadəçi adı və şifrəsi ilə internet saytında başqa bölməyə daxil ola bilməyəcəyini izah etmişdim. Lakin o, mənə əsassız yerə etibarsızlıq göstərdi”.
Mirhadı Tağıyev ifadəsinin davamında bildirib ki, bir neçə dəqiqə sonra Ziyad Əhmədov daxili telefonla zəng edib və yenidən onu öz yanına çağırıb:
“Mobil telefonumu da gətirməyimi tələb etdi. Telefonumu da götürərək onun otağına getdim. Ziyad mənə yalan danışdığımı bildirdi, “Müştəri Bank”da öz adına olan hesabın istifadəçi adı və şifrəsini mobil telefonunda açaraq göstərməyimi tələb etdi. Telefonumda olan tətbiqə girdim və Ziyad Əhmədovun adına olan hesabın istifadəçi adı və şifrəsini göstərdim. Ziyad Əhmədov həmin istifadəçi adı və şifrə ilə yenidən hansısa bilmədiyim yerə daxil olmağa çalışdı. Cəhdi yenə uğursuz oldu. Ziyad Əhmədov bir daha mənim yalan danışmağıma dair sözlər dedi. Mən də əsəbiləşdim, onunla mübahisə etdim. Sonra otaqdan əsəbi halda çıxaraq öz otağıma getdim.
Təxminən 30 dəqiqə xidməti otağımda oturaraq sakitləşməyə çalışdım. Amma işdə oturduqca daha çox əsəbiləşdiyim üçün yaşadığım evə getdim. Evdə olarkən atam Şahid zəng etdi. Dedi ki, sən orda nə işlə məşğulsan, müdirin zəng edib, səndən şikayət edir, niyə sözə baxmırsan? Atama evdə olduğumu dedim. O da mənə dərhal işə getməyimi, Ziyadın məni gözlədiyini bildirdi”.
Mirhadı Tağıyevin istintaqa dediyinə görə, Ziyad Əhmədovun aralarında olan söz-söhbəti atasına deməsinə daha çox əsəbiləşib:
“Evdən çıxıb işə doğru getməyə başladım. Goranboy şəhərində yerləşən “Gülüstan market”in yanından keçərkən qəfil ağlıma bıçaq almaq düşdü. Mağazaya girdim, bir mətbəx bıçağı aldım. Bundan sonra işə getdim. Birbaşa Ziyad Əhmədovun otağına qalxdım. Ona dedim ki, atama niyə zəng eləmisən, nə sözün var, mənə de. Əsəbi olduğumu görən Ziyad Əhmədov daha da gərginlik yaratdı. Yenə də mənə əsassız iradlar bildirməyə başladı. Söhbət əsnasında məni təhqir etdi, atamın qeyrətli kişi olduğunu, mənim isə qeyrətsiz olduğumu bildirdi. Onu qorxutmaq üçün cibimə qoyduğum bıçağı çıxardım və üzərinə getdim. Niyyətim onu qorxutmaq olub. Onu bıçaqla vurmaq istəməmişəm. O, bıçağı tutaraq əlimdən almaq istədi. Əlbəyaxa olduq, əlindən çıxaraq qaçmaq istədim. Birtəhər əlindən çıxdım və otağı tərk etdim. İnzibati binadan çıxaraq Goranboy rayon polis şöbəsinə getdim. Polis şöbəsində onun öldüyünü öyrəndim. Bu zaman sarsıntı keçirdiyim üçün polis şöbəsinin əməkdaşları təcili tibbi yardım çağırdılar”.
Mirhadı Tağıyev deyib ki, onun niyyəti Ziyad Əhmədovu öldürmək olmayıb:
“Sadəcə bıçaqla onu qorxutmaq istəmişəm. Lakin Ziyad Əhmədov bıçağı tutaraq əlimdən almağa çalışdığı üçün ehtiyatsızlıqdan ona xəsarət yetirmişəm. Hadisə zamanı həyəcanlı olduğum üçün rayon prokurorluğuna verdiyim ilkin ifadəmdə Ziyad Əhmədovun qarın nahiyəsinə zərbə endirdiyimi bildirmişəm. Ona qəsdən heç bir zərbə endirməmişəm. Sadəcə olaraq bıçağı cibimdən çıxararaq onu qorxutmaq istəmişəm. Hadisə onun xidməti iş otağında baş verib. Həmin vaxt yanımızda heç kim olmayıb. Onun otağından əlimdə bıçaqla çıxanda qəbul otağında oturan katibə Ülviyyə məni görüb”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Mirhadı Tağıyev ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com