"Mənə qarşı media xuliqanlığı baş verib. "Künc - bucaq" adlı Youtube kanalına verdiyim müsahibədən anons tərtib edilib, burada ciddi təxribata yol verilib”.
Musavat.com xəbər verir ki, bu barədə Rauf Arifoğlu özünün Facebook hesabında yazıb.
R. Arifoğlu daha sonra yazır:
"Belə ki, müsahibənin içərisindən ayrı-ayrı sözləri kəsərək, belə bir məzmun yaradıblar ki, mən öz həbsxana yoldaşlarım - Pənah Hüseyn, Arif Hacılı, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Etimad Əsədov (mərhum) haqqında demişəm ki, onlar mənə qarşı ifadə veriblər, "məni satıblar". Əslində isə mən həmin adları çəkərək, barələrində müsbət fikirlər səsləndirmişəm (Bu videonun ikinci hissəsində montajsız dediklərimə diqqət).
Əleyhimə ifadə iddiaları isə həbsə girməyən, istintaqla əməkdaşlıq edən siyasi liderlər, o cümlədən, hansısa yollarla həbsdən yayınan Müsavat rəhbərləri haqqındadır.
Müsahibə ümumilikdə normaldır, 1-2 istisna olmaqla təqdir edilə bilər. Hətta bəzi peşəkarlar bu müsahibənin mənim verdiyim ən yaxşılardan olduğunu söyləyiblər. Lakin anons hissəsi və onun xüsusi olaraq, sosial mediada ayrıca yayılması şəxsimə qarşı açıq və düzünəqəsdlə təxribatdır. Bu barədə müsahibə götürən müxbirə və kanal sahiblərinə bilavasitə söyləmişəm. Tələblərim qarşısında bu hissələri 3 gün sonra aradan qaldırıblar. Lakin artıq gecdir və montajla düzəldilmiş anons hissəsi hər yerdə yayılıb. Bu səbəbdən, belə bir açıqlamanı yaymağı vacib saydım.
Göstərilənlərlə bağlı hüquqi addımlarım da ola bilər".
Musavat.com