Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evlə bağlı protest verildi - VİDEO

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirə edilməməsi ilə bağlı qərardan kassasiya protesti verilib.

Söhbət Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən iki fərdi ev və Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsindən gedir.

R.Məmmədov məhkəmədə həmin evlərdən birini Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

İstintaq orqanı tərəfindən sözügedən əmlaklar üzərinə həbs qoyulsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi qərarı ləğv edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü əsaslı sayıb.

Dövlət ittihamçısı hökm və qərarla razılaşmır, Ali Məhkəmədən əmlakların müsadirə edilməsini xahiş edir.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsairə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.(Qafqazinfo)

28.08.2023 13:35
1436