Ramzan Kadırov senatora və deputata qan davası elan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov ona qarşı sui-qəsd sifarişi vermək cəhdi barədə məlumat verib. Bu barədə o, təhlükəsizlik rəsmiləri ilə görüşdə bildirib.

Musavat.com RBC-yə istinadən xəbər verir ki, Kadırovun çıxışının videosu onun Teleqram kanalında yayımlanıb, videonun məzmununun əksəriyyəti çeçen dilindədir.

Kadırov çıxışında Dağıstandan olan senator Süleyman Kərimovun, həmçinin Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Qurbanovun adını çəkir.

“Əgər onlar əksini sübut etməsələr, Baraxoyev, Süleyman Kərimov və Rizvan Qurbanova qarşı rəsmən qan davası elan edirəm. Şahidlər var, sifariş verdikləri adamlar var, soruşublar ki, siz Ramzan Kadırovun qətlinə görə sifarişi neçəyə qəbul edə bilərsiniz”, – TASS onun sözlərinin çeçen dilindən tərcüməsini sitat gətirir.

Ramzan Kadırov həmçinin Wildberries-in Moskva ofisində baş verən atışma ilə bağlı vəziyyətə “milli rəng” vermək və Kadırovun adamlarını münaqişənin təhrikçiləri olmaqda ittiham etmək cəhdlərini də açıqlayıb.

“Bütün xalqları milli zəmində bir-birinə qarşı qoymağın mümkün olduğuna inanan hər kəs dərindən yanılır. Sözlərinizə görə məsuliyyət daşımalısınız!”, - Çeçenistan rəhbəri bildirib.

Musavat.com

 

10.10.2024 15:51
643