Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq.
“Qlobal East VVest” MMC “Şərq-Qərb” ASC-ni məhkəməyə verməklə əmlak tələb edir.
Musavat.com xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Maraqlı burasıdır ki, iddiaçı və cavabdeh son zamanlara qədər Ramiz Mehdiyevin ailə biznesinə daxil idi. “Qlobal East VVest” MMC isə məhkəməyə verdiyi “Şərq-Qərb” ASC-nin tərkibində idi. Belə bir halda Ramiz Mehdiyevin şirkətləri arasındakı məhkəmə çəkişməsinin səbəbi nədir? Ramiz Mehdiyevin ailə biznesinə daxil olan ASC ilə MMC niyə məhkəmə müstəvisində çəkişməyə qərar verib?
Bu suallar hələlik açıqdır.
Yada salaq ki, 2020-ci ildə Hesablama Palatası o zaman Ramiz Mehdiyevin rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyasında(AMEA) nöqsanlarla aşkarlamışdı. “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd olunurdu ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 milyon manat məbləğində debitor borcun bağlanması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.
“Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu günlərdə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub. 2019-cu ilin əvvəlinə “Şərq-Qərb” ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına uzun illər icazə verilməyib.
“Şərq-Qərb” ASC-nin idarəçiliyinə “Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC də var. “Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olub. Ramiz Mehdiyevin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com