Ramiz Mehdiyevin kürəkəni zorla ələ keçirdiyi torpağı 18 milyona satışa çıxardı

"Ramiz Mehdiyevin qızının əri tərəfindən zor tətbiq etməklə və məhkəmələrə təzyiqlər göstərməklə əlimizdən aldığı, Nizami rayonu ərazisində, "Neolit" restoranının yanında yerləşən torpaq sahəsini 18 milyon manata satışa çıxarıb".

Musavat.com xəbər verir ki, bu haqda tanınmış hüquqşünas Əliabbas Yasavullu feysbuk səhifəsində qeyd edib.

Hüquqşünas paylaşımında yazır:

"18 milyon manata...

Ramiz Mehdiyevə olan sonuncu - 29.06.2021-ci il tarixli müraciətimdən...

"...Hörmətli Ramiz müəllim!

Bütün baş verənlərdən sonra belə, 23 iyun 2021-ci il tarixli teleqramla "Bir ağsaqqal kimi Sizə müraciət edərək qızınızın həyat yoldaşı - İlham Əliyevlə aramızda olan torpaq mübahisəsinin sülh yolu ilə həllində köməklik göstərməyinizi və bununla əlaqədar məni şəxsən qəbul etməyinizi xahiş etdim.

Lakin 25.06.2021-ci il tarixdə, saat 12:53-də istifadəsində olan (055) 253-03-xx nömrəli telefon vasitəsi ilə istifadəmdəki (055)-317-50-xx nömrəli telefon nömrəsinə zəng edən şəxs özünü Sizin kürəkəniniz - İlham kimi təqdim etdi. Sizi narahat etdiyimə görə kəskin iradını bildirdi, torpağı "vicdanlı alıcı kimi" qanuni yollarla əldə etdiyini və məhkəmələrin bu barədə müvafiq qərarlarının olduğunu bildirsə də, dediklərinin tam yalan olduğunu ona göstərmək istəyimlə bağlı təklifimə yox cavabını verdi. Mənimlə görüşməmiş və təhdidlə yanaşı, bir daha onu narahat etməməyimi tələb etdi.

Bir daha bildirmək istəyirəm ki, həmin torpaq sahəsi məhkəmələrdə kürəkəniniz tərəfindən məhz Sizin adınızdan istifadə edilməklə qanunsuz yollarla mənimsənilsə də, mübahisə ictimailəşdirildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə Ağayeva Kamilə Şirəli qızının adında saxlanılmış və bundan sonra isə nə baş verdiyindən surəti həm Sizə, həmçinin aidiyyəti orqanlara olmaqla, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanlanmış 09.12.2011-ci il tarixli, 01.09/019-Ş.R saylı müraciətimdə dolğun məlumat vermişdim. Həmin müraciətdə göstərmişdim ki:

"...Ramiz Mehdiyevlə bağlı olaraq bildirmək istəyirəm ki, onun bandyuqa kürəkəni "məhkəmələr" vasitəsilə əmlakımızı əlimizdən alaraq 21 aprel 2007-ci il tarixdə anası - Əliyeva Elmira Hacıbala qızının adına sənədləşdirib. Həmin işlə bağlı bandyuqa kürəkən bizim geri çəkilməyəcəyimizdən əmin olduqdan sonra torpaq sahəsi adına olmuş Ağayeva Kamilə Şirəli qızını oğurlatdırıb, onu 3 gün saxlatdırdıqdan sonra notarius vasitəsilə əmlakından imtina barədə ərizə yazdırmağa nail olmaqla yanaşı, tərəfindən hətta zorlanması ilə bağlı şikayət ərizəsi yazdırmağa belə cəhd göstərib...

Onun bu kimi qanunsuz əməllərindən sonra belə, müvafiq məhkəmə qərarı ilə həmin torpaq sahəsinin mənim adıma keçirilməsinə və həmin qərarın da bu günə kimi qanuni qüvvəsində olmasına baxmayaraq, "Gilan" kiçik müəssisəsinin adını "Ruzu-A" MMC-yə dəyşdirməklə və həmin MMC-nin adına reyestrdən çıxarış almaqla yəqin düşünüblər ki, törətdikləri cinayətləri tam şəkildə ört-basdır etməyə nail olublar.

Mən heç kəsin it-pişiyinə daş atmadım, çəpərini yarıb bağından oğurluq etmədim, hinindəki toyuq-cücəsinə kış demədim, mənə qarşı olan pisliklərə cavab olaraq da hər zaman insanlığımı nümayiş etdirdim və nəyinsə əlimdən zorla alınmasını isə mümkünsüz olduğunu bildirdim..."

Hüquqşünas qeyd edib ki, bununla bağlı baş prokurora müvafiq məlumatlar verilib və hesab edir ki, hazırda qanunsuz alqı-satqının aparılmasına qədər onun da düşünməyə zamanı var.

E.Məmmədəliyev,
Musavat.com

02.07.2023 23:42
5490