Sabiq deputat, keçmiş səfir Elmira Axundovanın dəyəri 10 milyonlarla manatı aşan əmlak sıyahısına biri də əlavə olunub.
Musavat.com xəbər verir ki, Elmira Axundova Abşeron rayonu, Novxanı kəndinin ərazisində, Binəqədi-Novxanı yolunda “Azin Construction” MMC-nin lahiyəsi ilə böyük bir anbar tikdirib.
Anbarın ümumi sahəsi 1 hektara yaxındır. Məlumata görə, Novxanı ərazisindəki bu obyektin qiyməti 1 milyon manatdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytındakı məlumatdan belə aydın olur ki, Elmira Axundovanın adına qeydiyyata alınan obyektin istismara icazəsi 29.04.2024-cü il tarixində verilib.
Xalq.az saytı Elmira Axundovanın adına olan çıxarışı da yayıb.
Qeyd edək ki, Elmira Axundova və oğlu Həbib Axundovun adı 8 milyon manatlıq dələduzluq işinə qarışandan az sonra varlanmaları barədə məlumatlar da üzə çıxıb. 8 milyon manatlıq dələduzluq işi üzrə Elmira Axundovanın evinin daimi sakini Elnur İbrahimov həbsə alınıb. Hazırda həbsdə olan Elnur İbrahimova Elmira Axundovanın oğlu Həbib Axundov tezliklə azadlığa çıxacağı ilə bağlı vəd verib. Lakin həmin vədə bu günə qədər əməl olunmayıb. Elnur İbrahimov həbsdə günləri saydığı bir vaxtda Axundovlar əmlak siyahısını genişləndirməklə məşğuldurlar.
Elə bu ilin mayında üzə çıxan, Elmira Axundovanın Ramiz Mehdiyev PA rəhbəri olarkən ona ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin donosunu xatırladan məktubu da bu mövzuda idi. Elmira Axundova dələduzluq işində özünün və oğlu Həbib Axundovun əleyhinə ifadə verən zərərçəkənlərin həbsini tələb edir, mətbuatda barələrində yazılar təşkil edilməsində israr edirdi. Ramiz Mehdiyev vəzifədə olduğu müddətcə Elmira Axundova daim onun adını çəkib, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitabı olmalıdır” fikrini vurğulayırdı.
2013-cü ildə Elnur İbrahimovun da iştirakçısı olduğu dələduzluq işindən sonra Elmira Axundova və oğlu Həbib Axundovun əldə etdikləri mal-mülklərin siyahısını təqdim edirik:
“Tayota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.
Sahibi: Axundova Elmira Hüseyn qızı.
“AUDI Q 7” minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050
30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri 10 milyon manatı aşan 6 mərtəbəli ofis,
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadratmetr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.
Həbib Axundovun adına olan əmlaklar:
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində “Çardaq” çay evi, “Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.
“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.
İndi bu siyahıya Novxanı kəndinin ərazisindəki anbar da əlavə olunub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com