Ekspert: “Bunu siyasi səbəblərdə axtarmaq İslam haqqında biliklərin olmaması ilə bağlıdır”
Ötən gündən müsəlmanların mübarək Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edir. Qədr (Əhya) gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək. Ramazan bayramı isə aprelin 10-11-də olacaq.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim idarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur.
Bununla belə, hər il Ramazan ayı başlar-başlamaz ölkəmizdə fikir ayrılığı yaranır. Əksər hallarda sünni və şiə təriqətindən olanların fərqli günlərdə oruc tutması, fərqli təqvimlə bayram etmələri narazılıqla qarşılanır. İllərdir ki, bu müzakirələr, polemikalar bitmir. Bəziləri bayramın fərqli günlərə təsadüf etməsini məzhəb ayrılığı və ya daha dəqiqi, İranın digər müsəlman ölkələrindən fərqlənmək istəməsi kimi qiymətləndirir. Digər tərəfdən, bu fikir ayrılıqlarının yaranmasına səbəb kimi bir-birinə yaxın olan ölkələrin Ramazanı fərqli təqvimlə qeyd etməsi ilə bağlıdır.
Yeri gəlmişkən, qonşu ölkə olan Dağıstan Müftiliyi müsəlmanların müqəddəs Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edib. Bu barədə müftiliyin Teleqram kanalında məlumat yayılıb. “Dağıstan Respublikasının Müftiliyi bu il Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edir”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Ramazan ayının birinci gününün martın 11-nə təsadüf etməsi barədə fitva verib. İran da 12 martı Ramazan ayının ilk günü elan edib. Türkiyə, Azərbaycan və Səudiyyə Ərəbistanı da daxil olmaqla, müsəlman dövlətləri 11 martı Ramazanın ilk günü kimi qəbul edir.
Kənan Rövşənoğlu
Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu fərqliliyi siyasi səbəblərdə axtarmaq ilk növbədə İslam haqqında biliklərin olmaması ilə bağlıdır: “Adətən kütləvi təbliğatın təsiri altında hər il artıq ənənə halını almış bu cür müzakirələrə başlayır. Bu, dediyim kimi, dini biliklərin zəif olması ilə bağlıdır. Orta səviyyədə dini bilikləri olan insanlar bilir ki, yeni ayın başlaması ilə bağlı fərqlilik dini yozumlarla bağlıdır. Yeni ayın başlaması ilə bağlı müsəlman aləmində iki fərqli görüş var. Birincisi budur ki, yeni doğan ayı hilalı planetin hansısa nöqtəsində görünərsə, bu, yeni ayın başlaması üçün əsas olaraq qəbul olunur. Məsələn, martın 10-da yeni doğan Ay, sadəcə, Sakit okean üzərində və qismən də Amerika materikində göründüyü üçün bir çox müsəlman ölkələri yeni ayın başlanması olaraq qəbul edir. Bu səbəbdən də bir sıra müsəlman ölkələri, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fələstin və Misir kimi ölkələr martın 11-ni Ramazan ayının ilk günü olaraq elan etdilər. Ancaq ikinci baxış budur ki, ayın planetin hansısa nöqtəsində görünməsi deyil, konkret olaraq həmin ölkədə və ya coğrafi koordinatda görünməsi lazımdır. Bu qaydaya əsasən ay yalnız bu gün axşam bizim coğrafiyada, yəni Yaxın Şərq və Mərkəzi Asiyada görünəcək. Bu səbəbdən də İran, İraq, İordaniya, Oman, Liviya, Mərakeş və bir neçə Asiya ölkəsi martın 12-ni Ramazan ayının ilk günü olaraq elan edib. Yəni burada sırf şəriət əsaslı görüş fərqindən söhbət gedir. Dini idarələr də buna əsasən fətva verir. Ölkədə daha əvvəl qayda olaraq bizim coğrafiyada ayın görünməsi əsas götürülürdü. Amma bu ildən güman ki, qayda dəyişib, bu səbəbdən də Sakit okean üzərində ayın görünməsini əsas tutaraq martın 11-ni Ramazan ayının ilk günü kimi qəbul ediblər. Dediyim kimi, bunu siyasi səbəblərə bağlamaq dini savadsızlığın nəticəsidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”