Qutudakı qara oğlan: O, Amerikadan İngiltərəyə necə qaçdı?

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri olmuş, müstəqil Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy azadlığın nə olduğunu belə izah edir: “Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz. Ya keçmiş qulluğunun həsrətini çəkər, ya da yeni ağa axtarar”.

Musavat.com Amerikada köləlikdən azad olmağın ən ağır yolunu seçən Henri Boks Braun haqqında maraqlı məlumatları təqdim edir.

HENRİ.jpeg (116 KB)

Amerikada soyadlar bir az qəribə və maraqlı olur. Hərfi tərcümə zamanı bəzən əşya, heyvan, quş, rəng və s. mənalarını verir. Haqqında məlumat verəcəyimiz keçmiş kölənin soyadı isə onun həyat yolu ilə bağlıdır. Henrinin öncəki soyadı Braun olub.

Bəs nə üçün Boks (qutu) oldu?

Henri Braun 19-cu əsrin ortalarında kölə olaraq Virciniyada anadan olub. 15 yaşına çatdıqdan sonra elə sahibinin əsarətində bir fabrikdə işə başlayır. Bir müddət sonra qaradərili Nensi adlı bir kölə ilə ailə qurur. Kölələrin nikah hüququ olmadığına görə onlar bu evliliklərini rəsmiləşdirə bilmirlər. Üstəlik, onun həyat yoldaşı Nensinin sahibi başqa adam idi. Henri Nensinin sahibinə onu satmaması üçün pul ödəyirdi. Lakin sahibi sözünə əməl etmir və hamilə Nensini 3 uşağı ilə birlikdə başqa ağdərili adama satır. Bu vəziyyətdə Henrinin qanunla edə biləcəyi heç nə yox idi. Onun pul ödədiyi halda  hamilə həyat yoldaşının 3 uşağı ilə başqa ağaya satılması tam qanuni idi.

Həyatı qaralan Henri artıq Virciniyada qalmaq istəmir. Üstəlik, özü də kölə idi və onun bütün hüquqları əlindən alınmışdı. Lakin Henri fabrikdəki işindən və ağasının əmrlərindən vaxt tapıb gizli də olsa özünə 2 dost tapa bilmişdi - qaradərili və azad Ceysm Smit və ağdərili ayaqqabı təmirçisi Samuel Smit. Henri onlara öz çılğın planı haqqında danışır: Poçt yolu ilə Virciniyadan azadlığın olduğu Filadelfiyaya göndərilmək! Öncə bu fikri təəccüblə qarşılayan dostlar sonda 33 yaşlı kölənin əminliyini görüb razılaşırlar. Beləliklə, azadlığa doğru hərəkət başlayır. Dostlar öncə etibarlılıq və gizliliyi ilə tanınan “Adams Ekpress” şirkətinə öz planları haqqında məlumat verirlər. Şirkət onların bu planı üçün dostlara indiki məzənnə ilə təxminən 2886 dollar yardım edir.

Vəfalı Samuel bu planı müzakirə etmək üçün öncə özü Filadelfiyaya gedir. O, burada Pensilvaniya Köləliyə Qarşı Mübarizə Dərnəyinin üzvləri və hətta nazir ilə də görüşür.

Virciniyaya qayıdan Samuel Smit dərnək ilə yazışmalarına davam edir. Dərnəyin üzvləri dostlara hansı saatda hansı ofisdən qutunu göndərməli olduqlarını tam dəqiqliyinə qədər yazır. Qalır bir məsələ - Henri fabrikdən necə icazə alsın?

Kölənin bütün hərəkət və davranışları nəzarətdə idi və əsla diqqət çəkmək olmazdı. Üstəlik, onun ailəsi və övladları haqsız yerə satılmışdı və Henri həmişəkindən daha diqqətli olmalı idi. Henri bunun da çarəsini tapır. Poçtla göndəriləcəyi gün əlini sümüyünə qədər sulfat turşusu ilə yandırır. Çünki yüngül xəsarətə görə bir köləyə nəinki icazə, əksinə, cəza veriləcəkdi. Evə qayıdan Henrini dostları 0,91-0,81-0,61 metr ölçülü qutuya qoyurlar. Qutunun üzərində çox kiçik 3 ədəd dəlik açırlar ki, “sərnişin” havasızlıqdan ölməsin. Dəliklərin üstü isə görünməməsi üçün qayışla ehmalca örtülmüşdü. Qutuya çox az su və bir neçə ədəd peçenye qoyurlar.

Nəhayət, səyahət başlayır. 29 mart 1849-cu ildə qutu yola düşür. 27 saatlıq məşəqqətli səyahət - avtomobil, dəmiryolu, bərə, avtomobil, dəmiryolu, bərə, dəmiryolu və son olaraq çatdırılma vaqonu ilə mənzil başına çatır. Qutunu göndərən dostlar onun üzərinə “sına bilər”, “bu tərəf üstə daşıyın” ifadələri yazsalar da, bu sözlərə əhəmiyyət verilmir və Henri başı aşağı formada daşınır.

Sonradan ondan nə üçün başı aşağı səyahətə razı olduğunu soruşanda o, bu suala belə cavab verəcəkdi: “Əgər siz də mənim kimi azadlığınızdan heç vaxt məhrum olmamısınızsa, mənim üçün doğrudan da lövbər olan azadlıq ümidinin gücünü dərk edə bilməzsiniz!”

Henrini mənzil başında öncədən danışıb razılaşdığı şirkətin əməkdaşları təhvil alırlar. Qutudan çıxan kölənin ilk sözü “Necəsiniz, cənablar?” olur. Sonra azadlığını bayram etmək üçün  İncildən bir bölmə oxuyur.

Henrinin uğurlu qaçışı ölkədə poçt xidmətinin nüfuzunu xeyli artırır. Hökumətin özəl poçt şirkətlərinə basqısı heç nəyi dəyişmir. 1940-cı ildə qurulan “Adams Express Company” müştərilərin gizlilik hüququnu həmişə qoruduğunu, gələcəkdə də qoruyacağını bəyan edir. Şirkət bildirir ki, onların daşıdıqları yüklərə baxmağa ixtiyarları yoxdur və bu, vətəndaşların hüquqlarına ziddir!

Braun Massaçusets Köləliyə Qarşı Mübarizə dərnəyinin üzvü və natiqi olur. O, burada Fredrik Duqlas ilə tanış olur.

1949-cu ildə Bostonda köləlik əleyhinə konqresdə ona “Box” (Qutu) ləqəbi verilir və rəsmi sənədlərdə də Henri Boks Braun adlanır.

Boks yeni dostlarının köməyilə 2 hissəli avtobioqrafiya yazır. Birini Amerikada, digərini isə 10 il yaşadığı İngiltərədə yayımlayır.

İngiltərəyə köçməzdən öncə Henri Amerikada uzun illər köləlik əleyhinə fəaliyyət göstərir, natiq kimi yüzlərlə konfranslarda iştirak edir. Bəzi iddialara görə, Henrinin həyat yoldaşı və 4 övladını satın alan şəxs onunla əlaqə yaradıb ailəsini satmağı təklif etsə də, Henri qəbul etmir. Amerikada azadlığını qazanandan sonra Boks təhlükəsizliyi üçün İngiltərəyə köçür. Çünki Amerikda kifayət qədər köləliyi dəstəkləyən irqçi qüvvələr var idi. İngiltərədə ağdərili qadınla evlənən Boks burada da seminarlar, konfranslar təşkil etməyə davam edir. İldə orta hesabla 300 çıxış etdiyi məlumdur.

Ölkəsindən kənarda da çıxışlar edən Henri Boks Braun 1897-ci ildə Torontoda həyata gözlərini yumur.

BOKS.jpeg (102 KB)

Onun qaçmasının memarı olan ilk dostlarından Samuel Smit başqa kölələrin qaçmasına kömək etdiyinə görə həbs olunur. Digər dostu Ceyms Smit də eyni maddədən - kölənin qaçmasına köməkdən həbs olunur.

Şahanə Rəhimli
Musavat.com

27.10.2024 15:14
701