“Quska”nın məhkəməsi yenə təxirə salındı

“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin yeni açılmış cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün, sentyabrın 6-da keçirilməli olan iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən baş tutmayıb.

Qeyd edək ki, avqustun 22-də keçirilməli olan iclas da baş tutmamışdı.

Həmin iclasa Hüseyn Abdullayev saxlanıldığı Bakı İstintaq Təcridxanasından video-konfrans vasitəsilə qoşulmuşdu. Vəkili Şəhla Hümbətova ilə birgə kamera qarşısına keçən Hüseyn Abdullayev özünü pis hiss etdiyini, tam sağalana kimi mühakimə edilmək istəmədiyini bəyan etmişdi.

Bundan əvvəlki iclasda isə Hüseyn Abdullayevin müalicə müəssisəsinə köçürülməsi haqda qərar qəbul edilmişdi. Qərarda o da qeyd olunurdu ki, ilkin müayinənin nəticəsi ilə bağlı məhkəməyə məlumat verilməlidir. Amma bu günə kimi nə məhkəməyə, nə vəkillərə həkim rəyi təqdim edilib. Onun vəkilləri Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova bununla bağlı narazılıqlarını məhkəmənin diqqətinə çatdırıblar.

“Hüseyn Abdullayevin halını hamımız görürük. Görünən dağa nə bələdçi? Qərar var ki, şəxs ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunmalıdır. Çox təəssüf ki, Tibb Baş İdarəsi onun müayinəsini formal həyata keçirib. Şəxsin keyfiyyətli müalicə alıb sağlam mühakimə edilmək hüququ var. O, sağlam olub özünü müdafiə edə bilməsə, vəkillərin onu müdafiə etməsi formal xarakter daşıyacaq” - Ceyhun Yusifov deyib.

Vəkil Cavad Cavadov bu vəziyyətdə məhkəmə istintaqının davam etməsinin mənasız olduğunu bəyan edib.

Vəkil qeyd edib ki, Avropa Məhkəməsi qaydalarının 39-cu bəndi əsasında təqsirləndirilən şəxsin təcili müalicəsi üçün müraciət edilib.

Şəhla Hümbətova Hüseyn Abdullayevin mülki xəstəxanada müayinə edilməsinə icazə verilməsi məsələsinə toxunub. Hakim deyib ki, müalicə müəssisəsindən rəy gəldikdən sonra zərurət olarsa, bu məsələyə təkrar baxılacaq. Prosesin gedişində məhkəmə zalında əyləşən Hüseyn Abdullayevin anası oğlunun stoldan başını qaldırmadığını görüb məhkəmədən oğlunun vəziyyətini nəzarətə götürməsini xahiş edib.

Sədrlik edən hakim Azər Tağıyev Zeynəb Abdullayevaya təsəlli verib, əlindən gələn hər şeyi edəcəyinə söz verib:

“Heç nədən narahat olmayın, əlimdən gələni edəcəyəm. Mən özüm də maraqlıyam ki, şəxs sağlam mühakimə edilsin. Sizə söz verirəm, oğlunuzu sap-sağlam edəcəyəm”.

Hakim qısa müşavirədən sonra təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə prosesinin davam edə bilməyəcəyini elan etmişdi.

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.09.2024 14:22
442