Quru sərhədlər nədən bağlıdır? – Rəsmi və qeyri-rəsmi versiyalar

Bir neçə ildir bu mövzu ölkəmizdə aktualdır, vaxtaşırı gündəmi zəbt edir. Koronavirus pandemiyası rəsmən başa çatandan sonra Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına dövlət rəhbərliyi səviyyəsində münasibət bildirilib, amma izahata qane olmayanlar da var.

Ona görə də vaxtaşırı deputatlar da, başqa məmurlar da şiddətlənən müvafiq tənqidlərə görə sərhədlərin bağlı saxlanılmasınin zəruriliyini əsaslandırmağa çalışırlar. Bu günlərdə deputat Zahid Oruc da parlamentdə bu səpkidə fikir bildirib.

Bu, birmənalıdır: Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Heç bir dövlət məcbur olmadıqca, durduq yerdə belə bir tədbirə əl atmaz.

Böyük ehtimalla bu “bağlı sərhədlər” taktiki tədbir deyil, strateji xəttdir və bunun bir yox, bir neçə səbəbi var, sadəcə, bir-ikisi açıqlanmır.

Rəsmi mövqe bundan ibarətdir ki, Azərbaycanın qonşuluğundakı iki böyük dövlət müharibə vəziyyətindədir, ona görə də ölkəmizə kütləvi qaçqın axını ola bilər.

Hər kəsə məlumdur ki, Rusiya 2 il 9 aydır ki, Ukraynada son 80 illik tarixinin ən qanlı, ən şiddətli müharibəsini aparır, ABŞ və Avropanın qüdrətli ölkələri üz-üzədir.

İran hər saat ABŞ və İsrail tərəfindən vurula və bu, onun onsuz da başqa dövlətlərin (Yəmən, Suriya, Livan, İsrail) ərazisində apardığı müharibəni yeni zəminə keçirə bilər.

Müharibə isə qaçqınlar ordusu deməkdir. Məsələn, Rusiyanın hücumu ilə bağlı 4 milyondan çox ukraynalı qaçqın Avropaya sığınıb. Ukraynanın Kurska hücumu da rusların öz yaşayış yerlərini tərk etməsinə səbəb olub, ancaq onlar hazırda qaçqın yox, məcburi köçkün statusundadırlar, öz ölkələrindədirlər.

Rusiya böyük dövlət, ucsuz-bucaqsız ölkə olduğundan milyonlarla didərginini öz ərazisində yerləşdirməyə qadirdir və onlar kütləvi şəkildə Azərbaycana keçəsi deyillər. Bununla belə, müharibənin cəbhə xətləri Rusiyanın içərilərinə doğru irəliləsə, Avropa və Rusiya bir-birinə qarşı nüvə silahı işlətsələr, Azərbaycana yüz minlərlə qaçqın gələ bilər. Bunlar illərdir Rusiyada yaşayan, RF vətəndaşlıqları olan azərbaycanlılardır. Onların çoxunun üz tutacağı yeganə ölkə Azərbaycandır.

İrana gəlincə, İran da balaca ölkə deyil. O da müharibədən qaçanlarını öz ucqarlarında, hərbi əməliyyatlardan min kilometr aralıda yerləşdirə bilər. Ancaq yenə də İranın böyük hücuma, işğala məruz qalacağı halda bu ölkədən yüz minlərlə insan, xüsusilə də Fars körfəzinə yaxın ərazilərdə yaşayan Qaşqay türkləri məhz Azərbaycana sığınmaq üçün sərhəd qapılarımıza gələ bilər. Nəzərə alaq ki, Azərbaycan Respublikası illər öncə 50 milyon soydaşımızın vətəni, dövləti elan edilib.

Bu baxımdan müharibə panikası ilə bağlı ölkəmizə qaçqın kütlələrin axışması ehtimalı hər zaman var.

Ancaq Rusiya, İran, Gürcüstan, eləcə də Türkiyə (Naxçıvandan və Gürcüstan vasitəsilə) sərhədlərimizin bağlı saxlanmasının səbəblərinə dair bir neçə alternativ versiya da mövcuddur.

Bunlardan biri iqtisadi məsələdir. Məlumdur ki, pandemiyadan öncə, 2015-2019-cu illərdə rekord sayda azərbaycanlı qonşu ölkələrə keçir, oradan da dünyanın başqa yerlərinə səfərlər edirdilər. Bu insanlar özləri ilə külli miqdarda valyuta aparırdılar və ölkəmizdə nağd valyutaya tələbatı artırırdılar. Hər gün Türkiyəyə gedən avtobuslar Gəncə-Yevlax və ya Bakı-Sumqayıt arasında işləyən avtobuslardan daha intensiv olmuşdu. Ziyarət və müalicə üçün İrana keçənlərin sayı-hesabı yox idi. Rusiya və Gürcüstan isə sərhədyanı rayonların əhalisi üçün əsas alış-veriş məkanydı.

Hazırda isə insanlar yalnız zəruri hallarda təyyarə ilə xarici ölkələrə gedirlər, məcbur olmadıqca sərhədi adlamırlar. Çünki xərci böyükdür. Bu qədər böyük xərc çəkərək istirahətə, səyahətə, ticarətə getmək artıq çoxları üçün sərfəli deyil. Eyni zamanda bu, ölkəmizdə dolların kursunun sabit saxlanmasına, inflyasiyanın bəlli bir nöqtədə cilovlanmasına rəvac verir.

Daha bir məsələ ölkənin daxili təhlükəsizliyi ilə bağlıdır. Pandemiya ilə eyni zamanda gedən prosesləri xatırlayaq: 44 günlük müharibə, onun nəticələrindən narazı qalan bəzi qonşular, Azərbaycanın daxilini qarışdırmaqla hədələyən dairələr.

Belə bir versiya var ki, Azərbaycanın quru sərhədlərindən kütləvi şəkildə ölkəmizə keçən 5-ci kolon mənsubları burada ölkədaxili siyasi sabitliyi poza, ölkədə onsuz da mövcud olan silahdaşları ilə birləşərək iğtişaşlar törədə bilərdilər və hesab olunur ki, bu təhlükə hələ keçməyib. Ayrıca, sərhədlərin bağlı olması narkotik tranzitini də minimuma endirib.

Daha bir versiya isə hakim dairələrin və onların biznes strukturlarına sahib olan yaxınlarının sərhədlərin bağlanmasından çoxlu pul qazanması ilə bağlıdır. Ancaq bu, zəif versiyadır. Ölkə iqtisadiyyatının aparıcı sferaları onsuz da çox pul qazananların inhisarındadır və çox pul qazanmaq üçün bu cür üsullara əl atmağa ehtiyac yoxdur. Yaranmış fürsətdən yararlanmaq təşəbbüsləri isə həmişə olub, olacaq.

Beləliklə, bu məsələnin nə qədər uzanacağını demək çətindir. Sərhədlərin açıq olmasının turizm sektoru üçün əlverişli olması prizmasından yanaşsaq, əminliklə demək olar ki, bu halda ölkə daha artıq, hətta bir neçə qat çox pul qazana bilərdi. Təkcə İrandan hər ay ölkəmizə on minlərlə turist gəlirdi.

Ancaq vəziyyət belədir. Hələlik bu cür olması məsləhətdir. Görək, sonrası necə olur. Əl-əlbət, bir gün dörd tərəfə yollar açılacaq.

 

28.11.2024 08:12
1564