Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.
Bizim xarici ölkələrdə təhsil olan minlərlə tələbəmizin olduğunu nəzərə alsaq, quru yollar müəyyən şərtlər daxilində onlar üçün açıla bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.
Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:
“Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı”.
Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:
“Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər”.
Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.