Quru sərhədlər bu səbəblərdən açılmır - Prezidentin izahı

Dövlət başçısı İlham Əliyevdən “sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın” mesajı;  ekspertlər də bu qərarı birmənalı təhlükəsizliklə əlaqələndirir

Pandemiya səbəbindən bağlanan quru sərhədlər artıq bir neçə il keçməsinə baxmayaraq, hələ də açılmayıb. Hazırda Azərbaycan quru sərhədləri bu səbəbdən bağlı olan yeganə ölkədir. Quru sərhədlərinin bağlı olmasının ölkəmizdə ən müsbət amil kimi turizm sektoruna təsiri göstərilsə də, qeyd edək ki, bu sektorda ötən dövrdə heç bir ciddi irəliləyiş müşahidə edilməyib. Bəzi iddialara görə, Azərbaycan iqtidarı Rusiyadan gələn və ya potensial olaraq gələ biləcək axından narahatdır.

“Yeni Müsavat” bildirir ki, son olaraq dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində sərhədlərlə bağlı danışmışdı. “Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu, sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”, - deyə dövlət başçısı bildirmişdi. 

Bəs “dostlarımız üçün açıq, bizə zərər vermək istəyənlər üçün bağlı qalsın” fikrinin arxasında hansı gerçəklər dayanır? Azərbaycan hər zaman şimal və cənub sərhədlərindən zərər gözləyib, həm də görüb. Bunu nəzərə alsaq, Rusiya və İran sərhədlərinin bağlı qalacağını, qərb sərhədlərinin açılacağını gözləmək olardı. Yəni Gürcüstan və Türkiyə istiqamətində quru sərhədlər açılmalıydı, lakin heç biri olmadı. Beləliklə, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı. Artıq bununla bağlı baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib. Xatırladaq ki, quru sərhədlərinin açıq olması eyni zamanda bir çox vətəndaşların, o cümlədən sərhədyanı bölgələrdə yaşayan əhalinin dolanışığı üçün əsas amillərdən biri idi. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bugünlərdə deyib ki, sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.  

Ramil Məmmədli: “Azərbaycan ordusu nəzarət imkanlarını gücləndirdi”  Pravda.az

Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqladı ki, Azərbaycan dünyada gedən mürəkkəb prosesləri, onun küləyinin regiona təsirlərini müşahidə etməkdədir. Ekspertin sözlərinə görə, Azərbaycan dövləti təhlükəsizlik parametrlərinə riayət edir: “Şimal-Qərb qarşıdurmasının qəlpələri istər-istəməz bizə də toxuna bilər. Bu qarşıdurmada Azərbaycan öz istiqamətini müəyyən edib və quru sərhədlərin qapalı saxlanması rəsmi şəkildə təhlükəsizliklə əlaqələndirilməsə də, görünən budur ki, əsl səbəb məlumdur. Əgər dövlətin ciddi informasiyaları, kəşfiyyat məlumatları varsa, eləcə də prosesləri təhlil edən strateji mərkəzi bu qənaətdədirsə, deməli, quru sərhədlərin təhlükəsizlik nöqteyi-nəzərdən qapalı saxlanması məntiqlidir. Biz müharibədən yeni çıxmış dövlətik, ətrafımızda müxtəlif hadisələr cərəyan edir və bütün bu prosesləri nəzərə alaraq, dövlət belə bir addım atmaq qərarı verib”. R.Məmmədli şimalda  gedən müharibənin gələn il daha da kəskinləşəcəyini gözləyir: “Rusiya baş nazirinin müavini də açıqladı ki, 2024-ci ildə müharibə davam edəcək. Qərb yeni yardımlar ayırmağı planlaşdırır, Bayden Zelenskini çağırdı və Vaşinqton dəvəti "təcili dəstək" adı ilə əlaqələndirdi. Ona görə də müharibə gələn il şiddətli forma ala bilər. Üstəlik, həm Rusiya, həm Amerikada seçkilərdir, Azərbaycanda da fevralda prezident seçkisi keçiriləcək. Bu amillər siyasi görünsə də, arxasında təhlükəsizlik faktorları dayanır. Mən quru sərhədlərin bağlı saxlanmasında başqa bir səbəb görmürəm". 

Natiq Cəfərli: “Dini və etnik məsələlər çox həssasdır, “tezalışan”dır,  təxribatlara uymamalıyıq...” Pravda.az

 Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bunun səbəbi təhlükəsizliklə bağlı ola bilər və Rusiyadan axın olması istisna edilmir. Onun fikrincə, quru sərhədlərin qapalı saxlanmasının pandemiya ilə əlaqələndirilməsinə inam qalmayıb: “Əgər məsələ təhlükəsizlikdirsə, Rusiya-Ukrayna müharibəsidirsə, o zaman Gürcüstanın da Rusiya ilə sərhəd olduğunu nəzərə almalıyıq. Üstəlik, Gürcüstanın Cənubi Osetiya və Abxaziya kimi işğal problemi var, bununla belə, sərhəd açıqdır. Azərbaycan isə güclü dövlətdir, hüquq-mühafizə orqanları, ordusu, sərhəd xidməti peşəkardır, bu məsələdə Gürcüstandan dəfələrlə üstünük, o zaman Rusiya ilə quru sərhədi açıq saxlayıb, biz qapadırıqsa, heç də yaxşı görünmür”. N.Cəfərli hesab edir ki, quru sərhədlərin bağlı saxlanması iqtisadi göstəricilərə də mənfi təsir edir: “Ölkəyə 3 milyon turist gəlmişdi, indi onun 30-35 faizini təkrarlaya bilməyəcəyik”.  

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev isə quru sərhədlərin açılmasını zəruri sayır: “Bunun iqtisadi zərərləri göz qabağındadır. Artıq 4-cü ilə keçir ki, insanlar yalnız təyyarə ilə ölkə xaricinə çıxa bilirlər. Ən azından Gürcüstan istiqaməti açıla bilərdi ki, bu həm də Türkiyəyə quru sərhədin açılması deməkdir. Sadəcə, bunu etsələr, təbii olaraq suallar yaranacaq ki, şimal və cənub sərhədləri niyə açılmır, hansısa təhlükə varmı? Ona görə də ya hamısı açılmalıdır, ya da heç biri. Hökumət də ikinci variantı seçib. Amma koronavirusa yoluxma minimuma enib, dünyada bu xəstəliklə bağlı hər hansı qorxulu proses də getmir, o baxımdan burada siyasi və təhlükəsizlik amilləri axtarmaq mümkündür. Prezident "Bizə zərər vermək istəyənlərə bağlı qalsın" deməklə hansısa mesajı ötürmüş oldu. Görünür, dövlət başçısı kənardan Azərbaycana ziyan vurmaq istəyənlərin olduğunu görməkdədir". 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

13.12.2023 12:38
7025