Arzu Nağıyev: “DTX və DİN terror fəaliyyətlərinin neytrallaşdırılması üçün gecə-gündüz çalışır”
“Global Terrorism İndex 2024" (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.
Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara -
1.Burkina Faso (8.571),
2.İsrail (8.143),
3.Mali (7.998),
4.Pakistan (7.916),
5.Suriya (7.89),
6.Əfqanıstan (7.825) daxil edilib.
Qeyd olunan sıralamada İran (4.464) 26-cı, Türkiyə (4.168) 29-cu, ABŞ (4.141) 30-cu, Rusiya (3.016) 35-ci, Fransa (2.647) 38-ci, Norveç (1.747) 53-cü, Ermənistan (0.423) 76-cı, Birləşmiş Ərəb Əmirlikləri (0.233) 79-cu, Litva (0.059) 87-ci yerdə sıralanıb.
“Global Terrorism İndex”(GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.
Azərbaycan Respublikası terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0" indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “bu gün Azərbaycan təhlükəsizlik adasıdır”.
Beynəlxalq hesabatlardan göründüyü kimi, nə qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da (hətta mürəkkəbliyinə görə bölgəni “Qurdlar vadisi” hesab edənlər də var) təhlükəsiz Azərbaycan modeli müstəsna dərəcədə uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən son illər görülən effektiv işlər nəticəsində Azərbaycan dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib.
Arzu Nağıyev
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ölkəmizin hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində ölkəmiz “Global Terrorism İndex 2024" hesabatında müvafiq yerdə qərarlaşa bilib: ”Bu, Azərbaycanın uğurlu daxili və xarici siyasətinin beynəlxalq səviyyədə təsdiqidir. Bu fakt bir daha sübut edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət daxili sabitliyi, regional təhlükəsizliyi yüksək səviyyədə təmin edib, bölgədə sağlam mühit formalaşdırıb. Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer alması həm də ölkəmizin hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığından, onların yaratdığı etibarlı təhlükəsizlik mühitindən xəbər verir. Bu məsələdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyətini xüsusi vurğulamağı özümə borc bilirəm. DTX həm Vətən müharibəsində, həm də postmüharibə dönəmində terrorizmə qarşı aktiv mübarizə aparıb, terror cəhdlərinin qarşısını elə ilk addımda - planlaşdırma mərhələsində alıb.
Azərbaycan “Global Terrorism İndex 2024" hesabatında qərarlaşmazdan öncə Avropa Şurasının "Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi"nin (MONEYVAL) son 5 il üzrə qiymətləndirməsində də diqqət çəkmişdi. MONEYVAL-ın nəticələrinə görə, ölkəmiz terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə yüksək nəticə göstərmişdi. Hesabatda “Azərbaycan qeyd olunan cinayətlərlə mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və bu cinayətlərin araşdırılmasının uğurla aparılması bacarıqları nümayiş etdirilib” qeyd edilmişdi. Bundan başqa, ötən ilin sonunda Azərbaycan kritik informasiya infrastrukturu obyektlərinə qarşı kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, onları sistemləşdirmək, təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, o cümlədən baş vermiş kiberinsidentlə əlaqədar rəqəmsal kriminalistik tədqiqatlar həyata keçirməklə də fərqlənməyi bacarmışdı. Kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib. Belə ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə, rəqəmsal kriminalistika və digər aidiyyəti sahələr üzrə ölkədə həyata keçirilən fəaliyyətlər əsaslandırılmış təqdimat nəticəsində Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyinin yüksəldilməsinə nail olunub. Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020" (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xalla 40-cı yerdə qərarlaşıb. Həmçinin 2009-cu ildə ratifikasiya edilmiş "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyasına əsasən, 24/7 şəbəkəsi vasitəsilə sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti daim müvafiq işlər həyata keçirir.
Azərbaycanın hüquq-mühafizə orqanları daimi olaraq təhlükəsizliyimizin təminatı üzərində mümkün ola biləcək terror hallarının həyata keçirilməsinin qarşısını alacaq bir sıra tədbirlər həyata keçirir. Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi mümkün ola biləcək terror fəaliyyətlərinin aşkar edilməsi və neytrallaşdırılması üçün gecə-gündüz çalışır. Görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan terror təhlükəsi sıfır olan ölkələr sırasında qərarlaşır. Hesab edirəm ki, “Global Terrorism Index 2024" hesabatında yer alan məlumatlar ölkəmizin, onun Prezidentinin və güc orqanlarının tarixi uğuru kimi dəyərləndirilə bilər”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”