Qurbanlıq heyvanların qiyməti neçəyədir? Hər kəsə lazım olan REPORTAJ - FOTOLAR

Sabah Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bununla əlaqədar ət dükanları, qurbanlıq heyvan kəsimi məntəqələrində hazırlıqlar yekunlaşmaq üzrədir.

Musavat.com-un əməkdaşı bir neçə məkanda heyvanların qiyməti ilə maraqlanıb.

Qəssab Yavər Həsənov Musavat.com-a bildirdi ki, qurbanlıq heyvanlar münasib qiymətə satılır: "Quzular Beyləqandan gətirilib. Kəsmək, doğramaq xidməti pulsuzdur. Təmiz ətin kilosu 19 manata satılır. Rayonda da bu qiymətədir. Daimi müştərilərimizə də bu qiymətə təklif edirik. 150 baş quzu, 25 baş dana gətirmişik. Sifarişlə gətirilən də var, kəsilib satılacaq da. Diri dananın qiyməti çəkisindən asılı olaraq 1300-1500 manatdır. Doğranmış ətin kilosu isə 13 manat 50 qəpikdir. Diri quzunun qiyməti isə 150, 250, 300 manatdır. Endirim üçün ciyəri pay veririk. Halbuki, ciyərin kilosu 15 manata satılır".

O ki qaldı alıcılıq qabiliyyətinə, qəssablar bildirdilər ki, imkan daxilində qurban kəsdirənlər az deyil: "Qurban bayramı sabahdır. Ümid edirik ki, gətirdiyimiz heyvanları satıb qurtararıq. Şərikli qurban kəsdirənlər də var. İmkanı olanlar diri heyvan almağa çalışır. İmkanı az olanlar, məsələn qohumlar birləşib pay bölürlər".

Alıcılarla da söhbətləşdik:

Qarabağ qazisi Tofiq Hüseynov: "Qurban bayramı münasibətilə xalqımızı təbrik edirəm! Allah hər kəsin qurbanını qəbul eləsin! İmkan daxilində qurban kəsdirməyə çalışıram. Hər zaman əti buradan alıram. Ət kəsilən yer təmiz olmalıdır. Xüsusilə, qurban əti kəsilən yerlərdə təmizlik olmalıdır. Əvvəllər ət dükanlarının yanından keçmək olmurdu. İy, qoxu var idi, natəmizlik idi. İnşallah, qurbanı da burada kəsdirəcəm. Eşitdiyimə görə, yemin qiyməti qalxdığı üçün ətin qiyməti də buna görə bahalaşıb. Ətsatanları qınamaq olmur. Aidiyyəti qurumlar bayramqabağı bunu fikirləşməlidirlər. Şükür Allaha, torpaqlarımız azad olunub, örüş yerləri artıb. Bundan sonra qiymətlərin aşağı düşəcəyinə ümid edirəm. Bayramınız mübarək!"

Alıcı: "Qiymətlər çox bahadır. İmkan daxilində hər ay həmişə getdiyimiz, etibar etdiyimiz yerdən alıram əti. Bu il qurban kəsdirə bilmədim. Qismət olsa, gələn il fikrim var".

Alıcı: "İmkanım olsa idi, özüm diri heyvan kəsdirmək istərdim, amma bu il alınmadı. Bacımgillə birgə alacağıq. Belə olanda sərf edir".

Alıcı: "Qiymətlər günü-gündən bahalaşır. Buna görə kəsilmiş ət almaq daha sərfəlidir"

Allah qurbanlarınızı qəbul etsin!

Nigar HƏSƏNLİ,
FOTOLAR müəllifindir
Musavat.com

15.06.2024 14:04
2279