Qurban bayramında qurban kəsməyə qadağa - İlahiyyatçıdan etiraz

Elvüsal Məmmədov: “Xalqa belə bir müraciət başadüşülən deyil”

Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib. Kralın ölkə əhalisinə müraciətində ölkədəki iqlim və iqtisadi çətinliklər səbəbindən heyvan sayının azalması və bu ibadətin aztəminatlı ailələr üçün böyük yük yarada biləcəyi vurğulanıb. O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirilib. Kral bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib. Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.

Belə bir çağırış dinimizin qurbanla bağlı tövsiyələrinə nə dərəcədə uyğundur? Məlumdur ki, qurban Həcc ziyarətində olanlara vacib, olmayan imkanlı şəxslərə isə müstəhəb (yaxşı əməl) kimi buyurulub.

Bəzi müsəlman icmaları, xüsusilə sosial mediada kralın çağırışını müzakirə ediblər. Bəziləri bu qərarı dəstəkləyərək, dini ibadətlərin icrasında yumşalmanın vacibliyini vurğulayıblar, digərləri isə qurban kəsmənin əhəmiyyətini xatırladaraq, fərdi imkanlara görə bu ibadətin yerinə yetirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, 2025-ci il iyunun 6,7 - si Qurban bayramı günləri olaraq müəyyən edilib...

Elvüsal Məmmədov: ““Halloween” bizə yaddır, qeyri-məqbuldur” Pravda.az

 Elvüsal Məmmədov

İlahiyyatçı Elvüsal Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“İslam ilahiyyatına görə, qurban kəsmək həcdə olanlara vacibdirsə, həccə getməyən və ölkəsində qalan müsəlmanlar üçün vacib deyildir. Şəriətin bu qaydasına əməl edən müsəlmanlar imkanları çatmadıqda qurban kəsmirlər. Ümumiyyətlə, şəriətdə belə bir qayda mövcuddur ki, ölkəsində qalan, imkanı çatan və kifayət qədər maddi vəsait toplayan şəxs qurban kəsə bilər. Bu baxımdan, qurban kəsmək tövsiyə olunan əməldir.

Mərakeş kralının bu il qurban kəsməmək barədə xalqa etdiyi müraciətə gəlincə, bu, özlüyündə bir çox sual yaradan qərardır. Əvvəla, müraciətdə göstərilir ki, iqlim və iqtisadi çətinliklər səbəbindən heyvanların sayı azalıb. Yəni, qurban kəsilməsə də, bu səbəblərə görə ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayı azalacaqdır. Deməli, heyvanların sayının azalmasının qurban kəsib-kəsməməklə əlaqəsi yoxdur. Üstəlik, islam hüququna görə, aztəminatlı ailələrin qurban kəsmək kimi öhdəliyi yoxdur. Belədirsə və aztəminatlı ailələrin qurban kəsməsi vacib deyilsə, bu cür müraciətin mənası qalmır”.

İlahiyyatçı əlavə edib ki, Mərakeşdə kənd təsərrüfatı və maldarlıq əsasən fərdi təsərrüfat çərçivəsində inkişaf edən sahədir:

“Bu baxımdan, dövlətin fərdi mülkiyyətin tənzimlənməsinə müdaxilə etməsi doğru deyil. Fərdi sahibkarlar istəsələr, qurban kəsərlər, istəməsələr, kəsməzlər. Fərd şəxsi təsərrüfatının vəziyyətini nəzərə alır, ziyana düşüb-düşməyəcəyini özü müəyyənləşdirir. Ümumiyyətlə, digər vaxtlarda maddi sıxıntı yaşayan, iqtisadi çətinlikdən əziyyət çəkən fərdi təsərrüfatlara mütəmadi dövlət dəstəyi olmadığından dövlətin müdaxiləsi lüzumsiz görünür. Fikrimizcə, dövlətin bu müraciəti yersizdir. Onsuz da, müsəlman ölkələrində dövlət müraciət etdi-etmədi əhali islam dininin imkanı yetməyən şəxslərə maddi öhdəlik yükləmədiyi qaydasını nəzərə alırlar. Bu qaydaya daha çox vurğu etmək qurban kəsilməməyə dair çağırışdan daha düzgün addım olardı”.

Qeyd edək ki, qurban kəsmək bəzi ölkələrdə qadağan edilib. Məsələn, Çinin bəzi bölgələrində, xüsusilə uyğurların yaşadığı Sincan bölgəsində, qurban kəsmək müəyyən məhdudiyyətlərə məruz qalır. Sincan bölgəsindəki mühafizəkar müsəlmanlar üçün Qurban bayramı ilə əlaqəli mərasimlərə qarşı ciddi tədbirlər görülür. Hindistanda bəzi yerlərdə, xüsusilə heyvanların kəsilməsi ilə bağlı qanunlar mövcuddur və qurban kəsmək müəyyən ştatlarda qadağan olunub və ya sıx şəkildə tənzimlənir. Məsələn, qurbanlıq heyvanların kəsilməsi bəzi bölgələrdə dini səbəblərlə və ya heyvan hüquqları ilə bağlı məhdudlaşdırılıb. Norveçdə isə heyvanların kəsilməsi ilə bağlı sərt qaydalar var və qurban kəsmə ənənəsi bəzi bölgələrdə məhdudlaşdırılıb. Burada dini qurban kəsmək üçün xüsusi icazələr tələb olunur. Bu məhdudiyyətlərin əsasən, heyvanların qeyri-humanist şəkildə kəsilməsinin qarşısını almağa yönəldiyi qeyd edilir. Müsəlmanlar isə haqlı olaraq hesab edirlər ki, heyvansevərlərin qurban kəsilməsinə qarşı çağırışlarının əsas məqsədi heyvanları qorumaq deyil, İslama qarşı çıxmaqdır...

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

01.03.2025 07:43
1207