Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Avrasiya İqtisadi İttifaqının iclasında, sabah isə MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın “Xalqın səsi” ekspert klubunun üzvü, politoloq Arman Qukasyan bununla bağlı fikirlərini paylaşıb.
Onun iddiasına əsasən, son vaxtlar Ermənistan-Rusiya münasibətləri ətrafında saxta informasiya axınları fəal şəkildə yayılır və belə bir fon yaradılır ki, guya Ermənistan cəmiyyətinin böyük əksəriyyəti Rusiyaya qarşı mənfi mövqedədir.
“Əslində vəziyyət açıq-aşkar şişirdilib və əhali arasında bizim ikitərəfli əlaqələrimizi dəstəkləyən çoxlu insanlar var”, - deyə Qukasyan qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi sahədə sıx əməkdaşlıq mövcuddur. Arman Qukasyan öz sözlərini sübut edən statistikanı da təqdim edib:
“Rusiya Ermənistanın bir nömrəli ticarət və iqtisadi tərəfdaşı olmaqda davam edir. Təkcə ötən ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 77% artaraq 4,1 milyard dolları ötüb ki, bu da rekord göstərici sayılır. 2023-cü ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 43,5% artaraq 4,4 milyard dollara çatıb. Bu il Ermənistandan Rusiya Federasiyasına ixrac 2,645 milyard dollara çatıb (artım 85%), idxal 2,25 milyard dollardan çox olub (artım 15,4%). Bundan əlavə, Rusiya hazırda Ermənistan iqtisadiyyatına investisiya yatırır və bunu davam etdirməyi planlaşdırır. Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu vasitəsilə Ermənistanda 10 layihə üzrə investisiya portfeli 533 milyon dollar qiymətləndirilir, 300 milyon dollarlıq digər layihələr isə müzakirə olunur”.
Erməni ekspertin dediyinə görə, heç kim Ermənistana belə sərmayələr təklif etməyib.
Arman Qukasyan Paşinyan hakimiyyətinin Qərbə doğru kurs götürməsinə də toxunub. Onun fikrincə, Qərbdən Ermənistana ayrılan vəsait Rusiya sərmayələri ilə müqayisədə cüzidir.
Qukasyan qeyd edib ki, hazırda Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir və bu barədə Rusiyanın Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin də sonuncu müsahibəsində danışıb.
“Bu yaxınlarda Ermənistan və Rusiya Metsamor enerji blokunun ömrünün uzadılması üçün tədbirlər kompleksinin həyata keçirilməsi məqsədilə çərçivə müqaviləsi imzalayıblar. Rusiya bu sahəyə daha çox sərmayə qoymağa hazırdır. Ümumiyyətlə, Ermənistan AES-i üçün Rusiyadan başqa alternativ yoxdur”, - deyə Arman Qukasyan xatırladıb.
Musavat.com