Qüdrət Həsənquliyev: “Azərbaycanlıların yenidən Ermənistana, ermənilərin Azərbaycana qayıtmasını məqbul saymıram”

“Çətin, mürəkkəb dövrə qədəm qoymuşuq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir”

Bir neçə gün sonra ermənilərin Qarabağdan könüllü çıxıb getmələrinin yüz günü tamam olacaq. Bir çoxları hesab edir ki, ötən müddət ərzində Azərbaycan dövləti kifayət qədər gözlədi, möhlət verdi. Amma ermənilər qanunlarımız və bayrağımız altında yaşamaq istəmirlər, yenə də hansısa şərtlər səsləndirirlər ki, bunlar da qəbulolunmazdır. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibəsində əvvəlcə bu məsələ ilə bağlı sualımızı cavablandırdı.

- Qüdrət bəy, sizə elə gəlmirmi ki, artıq Qarabağdan getmiş ermənilərlə bağlı bu qeyri-müəyyənliyə son verməyin vaxtıdır? Ümumiyyətlə, siz qarşıdakı günlərdə bu məsələ ilə əlaqədar hansı addımların atılmasının tərəfdarısınız və gözləntiləriniz nədir?

- Hesab edirəm, hökumət müəyyən qərarlar verməkdə gecikir. Sentyabrın 20-sində qondarma qurum özünü buraxdığını elan etdi. Ayın 26-sında artıq qaçqın və məcburi köçkünlərlə iş üzrə komitənin sədri Rövşən Rzayev Xankəndidən olan məcburi köçkünlərlə görüş keçirdi. Onda ümid yaranmışdı ki, bu insanlar tezliklə öz evlərinə qayıdacaqlar. Köçkünlərin hər biri öz evini tanıyır. Hətta işğal dövründə orda erməni qanunsuz məskunlaşıbsa belə, bu insanlar niyə öz evlərinə qayıtmamalıdır? İlk növbədə onlar, həmçinin Xocalıdan olanlar evlərinə qayıtmalı idilər. Bu məsələnin yubanması bizə beynəlxalq təzyiqləri də artırır. Müəyyən mənada revanşist qüvvələrə, ermənipərəst Qərb dairələrinə stimul və ümid verir ki, Azərbaycana təzyiq edib, erməniləri beynəlxalq təminat altında ora qaytarmaq olar. Bundan başqa, bizim Qərbi Azərbaycandan olan qaçqınlar da   Qarabağdakı yaşayış məntəqələrinə yerləşdirilməlidir, Xankəndi daxil olmaqla. Xankəndidə boş evlər var, Hadrut üç ildir bomboş qalıb, hökumət məskunlaşmaya getmir, çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünləri həmin yaşayış məntəqələrinə köçürmür.  Biz o qədər haqsızlıqlarla üz-üzə gəlmişik ki, görünür, müəyyən narahatlıq var və hökumət qərar verə bilmir. Ən azından  Qərbi Azərbaycanlılar orada yerləşdirilməlidir. Sonra da Ermənistana deyilməlidir ki, siz Qərbi Azərbaycandan olan qaçqınların  evlərini boşaldın,  onları geri qaytarın, biz də Qarabağdakı ermənilərin yaşamış olduğu evləri boşaldaq,  qayıtmaq istəsələr gəlsinlər. Azərbaycan çox prinsipial mövqe ortaya qoymalı,bu barədə beynəlxalq birlik qarşısında açıq danışmalıdır.

- Amma bu günlərdə məlumat yayıldı ki, Ermənistan hökuməti Qarabağdan köçənlərin əksər hissəsini Azərbaycanla sərhəddə, deməli, azərbaycanlıların evlərində məskunlaşdırmağa qərar veriblər.

- Onsuz da azərbaycanlıların evləri 30 il ərzində ermənilər tərəfindən məskunlaşdırılıb, bir çox evlər də dağıdılıb. İndiki halda lazımdır ki, hökumətimiz qətiyyətli qərar qəbul eləsin. Biz hökuməti buna çağırırıq.      

- Bəs, Zəngəzurla bağlı fikriniz necədir?

- Söhbət yolun açılmasından gedir. Türkiyə və Azərbaycan birgə bəyanatla çıxış etməli, ermənilərə və onların havadarlarına deyilməlidir ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmasa Ermənistanla nə sərhədlər, nə də kommunikasiya xətləri açılmayacaq. Ermənistanın işğalı altında qalan 8 kəndin qaytarılması üçün isə Ermənistan qarşısında vaxt qoyulmalıdır. Zəngəzurun qaytarılması müzakirə mövzusu deyil. Beynəlxalq birlik  Zəngəzuru Ermənistanın ərazisi kimi tanıyır. Vaxtilə Nərimanov həmin torpaqları Ermənistana bağışlayıb. Daha doğrusu, onu buna məcbur ediblər. Amma sərhəddə erməni təxribatı olarsa, ora qoşun yeridilməli, sonra isə 10 noyabr 2020-ci il sazişinə əsasən, Naxçıvana yolun açılması şərtilə Rusiyanın nəzarətinə verilməlidir.

- Söz vaxtına çəkər, Zəngəzurun Azərbaycandan qoparılması 103 il əvvəl, dekabrın ilk günlərində baş verib...

- Bəli. Çox təəssüf ki... Ondan əvvəl də İrəvanı güzəştə getmişdik. Ümumiyyətlə, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb. Qarabağ da bizim torpaqdır, Ermənistan ərazisi də. Amma de-fakto ermənilər indiki Ermənistan adlandırılan Azərbaycan torpaqlarında yaşayırlar və de-yure Ermənistan müstəqil dövlət kimi tanınıb. Ona görə də yaxşı olar ki, ermənilər orda yaşasınlar, azərbaycanlılar da Azərbaycanda. Sözün düzü, mən yenidən azərbaycanlıların Ermənistana, ermənilərin Azərbaycana qayıtmasını məqbul saymıram. Bu, imkan verəcək ki, gələcəkdə istənilən vaxt “köz”ü üfürsünlər, münaqişə ocağını alovlandırsınlar, yenidən etnik zəmində qarşıdurmalar yaratsınlar. Böyük dövlətlər niyə tələb edirlər ki, yox, ermənilər mütləq qayıtsınlar? Onlar bu kartdan həm Ermənistana, həm Azərbaycana təzyiq üçün istifadə edirlər, hər iki dövlətin siyasətinə təsir göstərir, bu dövlətləri nəzarətdə saxlamağa çalışırlar. Ona görə də Ermənistanla açıq danışmaq lazımdır ki, biz nə vaxta qədər bir-birimizi qıracağıq, bu münaqişəyə son qoyulmalı və biz dinc, yanaşı yaşamalıyıq. Bunun da yolu odur ki, ermənilər Ermənistanda, azərbaycanlılar Azərbaycanda yaşayır.

- Amma Naxçıvan yolu da açılmalıdır, elə deyilmi?

- Bəli, Naxçıvana yol birmənalı şəkildə verilməlidir! Danışıqlarda Ermənistanı başa salmaq lazımdır: sizin nə qədər ağlınız var ki, Qərbin yağlı vədlərinə inanırsınız? İndi bizdəki Qərbin uşaqları da gecə-gündüz çığır-bağır salıblar ki, Qərb Ermənistanı silahlandırır və sair. Qərbin silahı varsa  Ukraynaya versin. Baxın, Ukrayna hansı vəziyyətdədir. Qərb Ermənistanı silahlandırıb nəyə nail olmaq istəyir? Ukraynanı “silahlandırıb”, nəyə nail oldular? 44 milyonluq Ukraynanı bu gün zəlil günə salıblar, 2 milyonluq Ermənistanı silahlandırıb nə qazanacaqlar? Bir tərəfdə 85 milyonluq Türkiyə, digər tərəfdə 10 milyonluq Azərbaycan, Xəzərin o tayında Türk dünyası və sair. Yəni ,gərək azacıq ağlın ola, başa düşəsən ki, səni silahlandırmaqla əslində məhvinə yol açırlar, düz yola çağırmırlar. Necə ki, vaxtilə Ukraynaya düz yol göstərmədilər. Ermənilərə də başa salmalıyıq ki, Qərb səni məhvə aparır! Anlatmalıyıq ki, a kişi,dünyada  bu məsəl elə belə yaranmayıb: “Amerika ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur”. ABŞ bütün dostlarını, müttəfiqlərini həmişə yarıyolda qoyub. Əfqanıstandan axırıncı dovşan qaçışı gözümüzün qabağında olub. İraqda, Vyetnamda, Suriyada  baş verənlər faktdır, bu ölkəyə güvənmək olmaz. Bu ölkənin siyasi elitası artıq o tip insanlardan formalaşıb ki, onlar dəyərlər məsələsində ardıcıl deyillər, onlara güvənmək olmaz, onlara güvənən Ukraynanın, Əfqanıstanın vəziyyətinə düşür. Əfqanıstanda onlarla əməkdaşlıq etmiş insanlar uçan təyyarənin şassisindən sallanırdılar, bilirdilər ki, onları nə gözləyir, amma Amerika onları qoyub, qaçırdı.

- Ukraynada vəziyyətin təhlükəli fazaya keçdiyini, hətta Rusiya Dövlət Duması üzvlərinin postsovet məkanındakı digər ölkələri də təhdid etdiyini müşahidə etməkdəyik. Bu, nədən xəbər verir?

- Əslində Ukraynada kollektiv Qərblə Rusiyanın savaşı gedir. Kollektiv Qərbin baxmayaraq ki, güclü iqtisadiyyatı, güclü silahları var, onları arxasınca apara biləcək güclü lider yoxdur. Allahın iradəsinə, təbiətə qarşı çıxaraq üçüncü cins yaradıblar. Eyni cinsdən olanların nigahını artıq kilsədə qeydə alırlar və sair. Bütün dinlərdə bu, qiyamətin yaxınlaşdığını göstərən əlamət sayılır. Orda cəmiyyət ifrat dərəcədə liberallaşıb, həm də eybəcərləşib, kişi-qadın qarışıb bir-birinə. Güclü liderlərin önə çıxmasına imkan yoxdur. Cəmiyyət daha çox əzilib-büzülən insanlara səs verir. Ona görə də orda Putinlə üz-üzə dayanacaq güclü lider yoxdur. Putin də kifayət qədər ağıllı, həm də cəsarətli adamdır, haqqında nə deyilməsindən asılı olmayaraq. 2014-cü ildə yetim quzu təsiri bağışlayan Obamanın zəifliyindən istifadə edən  Rusiya Krımı ilhaq etdi. O zaman Bayden vitse-prezident idi və Putin düşündü ki, Krımı quru yolla özünə birləşdirmək üçün indi ən uyğun vaxtdır. Çoxları deyir ki, Rusiyanın əsas məqsədi Ukraynada hakimiyyət dəyişikliyidir. Məncə, Rusiyada fikirləşirdilər ki, bu, baş tutsa, yaxşı olar. Amma görəndə ki, onların tərəfdarları Kiyevdə Krımdakı kimi hakimiyyəti dəyişə bilmədilər, onda ikinci plana əl atdılar, Krımla quru əlaqənin yaradılmasına. Buna nail olandan sonra da Ukraynanı tükədir ki, sonda Kiyev məcbur olub, sühə getsin.  Ukrayna və onun Qərb tərəfdarları təslim olmanın abırlı yolunu axtarır. Ukrayna müharibəsinin başlandığı günün səhəri demişdim ki, Ukraynanın qalib gəlmək şansı yoxdur və sonda Kiyevi ərazi güzəştlərinə məcbur edəcəklər. Ona görə ki, ABŞ Ukraynaya ciddi dəstək vermək fikrindən çox uzaqdır. 2021-ci ilin yayında  Cenevrədə Putinlə Bayden görüşdü. Məhz o görüşdən sonra Putin Ukraynaya təzyiqi artırmağa, müharibə hazırlıqlarına başladı. Bəlkə biz nəsil onu görməyəcək, amma günün birində ABŞ-da arxivlər açılsa və Baydenin Rusiyanın agenti olduğu üzə çıxsa, gərək heç kim bundan təəccüblənməsin. Baydenin oğlunun Ukraynadakı korrupsiya əməlləri ilə bağlı çoxlu materiallar dərc olunub, Tramp Baydenə qarşı  ondan istifadə edirdi. Ola bilsin Rusiyanın əlində onu şantaj edə biləcək kifayət qədər ciddi kompramatlar var. Ona görə də Bayden özünü elə aparır ki, guya Ukraynaya yardım etmək istəyir, amma Respublikaçılar qoymur. Amma müharibə təzə başlayanda Lend-lease aktı qəbul olundu,   onda Konqresdə heç bir müqavimət yox idi. Bu müqavilənin mənası nə demək idi? Ukrayna nə qədər istəsə, silah alır, amma müharibədən sonra ya salamat qalmış texnikanı qaytaracaq, ya da pulunu ödəyəcək. ABŞ-ın İkinci Dünya Müharibəsində SSRİ-yə göstərdiyi yardımla indi Ukraynaya etdiyi yardımı müqayisə edin. İlk gündən Ukraynanı tükətmək, Ukraynanın döyüşkən oğullarını “ət maşını”ndan keçirmək yolunu tutdu, az silah verirdilər ki, vətənpərvərlər qırılsın, yerdə qalanlar özləri “sülh” deyə, qışqırmağa başlayacaqlar. Ona görə də burada “Qərb” deyib, mələşənlərə çox da diqqət yetirmək lazım deyil. Siyasətçi gərək heç vaxt reallıq hissini itirməsin. Çörçilin gözəl sözü var, mən çox xoşlayıram. Deyir real siyasətdə çox uzağa baxmaq müdrik davranış deyil. Tutaq ki, Azərbaycanda böyük ideya adamları, idealistlər Turandan danışır. Amma ölkənin siyasətini müəyyənləşdirən bir adam çıxıb açıq formada Turandan danışırsa, demək  reallıq hissini itirib.  Ona görə də bəzən hansısa taktiki addımlarla razılaşmasaq da Azərbaycanın təmkinli və balanslaşdırılmış xarici siyasəti tam başadüşüləndir.

- Demək Rusiya ilə münasibətlərdəki ehtiyatlılığımızı da doğru hesab edirsiniz, eləmi? Həmçinin sülhməramlılarla bağlı...

- Mən həmişə demişəm, biz  elə davranmalıyıq ki, Rusiya onun nüfuzuna xələl gəldiyini və Cənubi Qafqazdan sıxışdırıldığını  düşünməsin,özünün regionda varlığını hərbi iştirakda görməsin. Gözləmək lazımdır, vaxtı çatacaq, sülhməramlılar da çıxıb gedəcək. Tez gedərlər, lap yaxşı, geməzlər,səbrlə vaxtı gözləmək və işləmək lazımdır. Rusiya faktorunu biz öz siyasətimizdə mütləq nəzərə almalıyıq. Təkcə ona görə yox ki, o, Azərbaycana münasibətdə ədalətsiz davrana bilər. Daha çox ona görə ki, bizim Rusiyaya ehtiyacımız var. Tarixən elə gətirib ki, biz rus xalqı ilə 200 ildən artıq bir imperiyanın tərkibində olmuşuq, bir coğrafiyada yaşayırıq. Bu gün rus dili əksər türk dövlətləri və xalqları arasında ortaq ünsiyyət vasitəsidir. Rusiyada 2 milyon azərbaycanlı, çoxlu türk və müsəlman xalqları yaşayır. Müstəqil dövlət olmasalar da, federasiya tərkibində dövlət institutları formalaşıb. Bizim türk xalqları ilə yaxınlığımız,  bir yerdə olmağımız üçün Rusiya ilə MDB çərçivəsində, 3+3 formatında əməkdaşlığımız çox önəmlidir. Mən ictimai müzakirələr üçün Avropa İttifaqı modelində Türk-Slavyan Respublikaları İttifaqının yaradılması ideyasını gündəmə gətirirəm. Bütün Avropa ölkələrinin Avropa İttifaqında olması faydalı deyil. Sovet dövründə Varşava paktı, Şərqi  və Qərbi Avropa ölkələri arasında həm də rəqabət var idi. Bu rəqabətdə qalib olmaq üçün Qərbdə ədalətə, qanunun aliliyinə çox önəm verirdilər. Amma SSRİ dağılandan sonra Şərqi Avropadan olanlar da doldular Qərbi Avropaya və həmin ölkələrdə korrupsiya, istehsalda keyfiyyətin aşağı düşməsi, qanunun aliliyi ilə bağlı çox ciddi problemlər, qaçaqmalçılıq, dəyərlərin itməsi və sair və ilaxır baş verdi. Deyim var, bütün yumurtaları bir səbətə yığmaq doğru deyil. Ona görə də Avropada ikinci iqtisadi-siyasi mərkəzin formalaşmasına böyük bir ehtiyac var, həm də Çinlə Avropa arasında. Avrasiya məkanında yeni bir mərkəzin yaranması müsbət mənada rəqabətə ,iqtisadi inkişafa yol açacaq, təhlükəsizliyə xidmət edəcək. 2-ci dünya müharibəsindən  sonra, SSRİ dağılana qədər, Avropada  indiki kimi qanlı savaşlar olmamışdı. Yeni İttifaqda Türkiyə və İranın olması  postsovet respublikalarını qorxutmayacaq ki, bu, SSRİ-nin yenidən bərpasıdır. Türkiyə və İran birlikdə əhali sayına və iqtisadi gücünə görə Rusiyadan üstündür. Yeni mərkəzin yaranması həm də Avrasiya məkanında balans yaradacaq. Bir tərəfdə Türkiyəsiz NATO - ABŞ və Avropa İttifaqı - digər tərəfdə Çin, onların arasında yeni ittifaq. Türkiyəni onsuz da Avropa İttifaqına qəbul etməyəcəklər, nə qədər danışıq aparırlarsa, aparsınlar. NATO üzrə müttəfiqləri Türkiyəni paçalamaq istəyən PKK, YPG və sair kürd terror təşkilatlarını silahlandırır, amma Türkiyəyə müasir silahlar satmırlar. Ona görə Türkiyənin yeni ittifaqda olması onun milli maraqları baxımından daha  məqbuldur. Mən İranı  da türk dövləti hesab edirəm. Düzdür, orada farsların hökmranlıq etdiyi teokratik rejim var. Amma fars millətçiləri İranda  həmişə hakimiyyətdə olmayacaqlar. İnkişafın bir mərhələsində mütləq Cənubi Azərbaycanlıların milli hüquqlarını tanımalı olacaqlar və dövlətin siyasətinin müəyyənləşdirilməsində Azərbaycan türklərinin böyük rolu olacaq.

- Qüdrət bəy, amma Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi İttifaqı mövcuddur. Sizcə, Rusiya öz təşəbbüsünü əldən vermək istərmi?

- Rusiya onu postsovet ölkələri hesabına yaratmağı düşünür. Mən dediyim isə fərqli bir şeydir.

- Azərbaycanı da orda görmək istəyir...

- Bəli. Əslində mən onun da əleyhinə deyiləm. Çünki bizim xalqın sosial-inkişaf indeksi ruslardan aşağı olduğuna görə  qanunçuluğun inkişafında və  nisbətən daha azad bazar iqtisadiyyatının formalaşmasında  Avrasiya İttifaqı bizə kömək edə bilər.   Amma bu ittifaq Avropa Birliyi ilə rəqabət aparmaq gücündə olmayacaq, əgər Türkiyə və İran orda  olmayacaqsa. Azərbaycan Türkiyə ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmalıdır. Yəni bizim təhlükəsizliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı rolunda Türkiyə çıxış etməlidir.

- Necə bilirsiniz, 2025-də rus hərbçiləri Qarabağdan gedəcəkmi?

- Bu, regiondakı proseslərdən asılı olacaq. Tez də baş verə bilər,  amma proses gecikə də bilər. Bu  regiondakı geosiyasi vəziyyətdən asılı olacaq. Bunu indidən proqnozlaşdırmaq olmaz. Əminəm ki, İlham Əliyev şəraitdən asılı olaraq ən düzgün qərarı qəbul edəcək. Ona görə ki, biz çətin, mürəkkəb dövrə qədəm qoymuşuq, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Zamanında düzgün qərar vermək lazım gələcək.

Elşad Paşasoy,
“Yeni Müsavat

05.12.2023 10:44
2546