Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib. Ölkə həyatı üçün vacib məsələləri, islahatlar, seçkilər, həmçinin referendum gözləntiləri ətrafında söhbətimizi təqdim edirik:
- Qüdrət bəy, illərdir ki, məhkəmə-hüquq islahatlarının zəruriliyi barədə təkliflərlə çıxış edirsiniz. Prezident seçkisinin təbliğat və təşviqat dövründə də çıxışlarınızın bir qismi bu mövzuya həsr olunmuşdu. Bugünlərdə Prezident yeni ədliyyə nazirini təyin etdi. Necə bilirsiniz, bu sahədə islahatların startının verildiyini söyləmək olarmı?
- Fərid Əhmədov Milli Məclis Aparatında da işləyib. Onun tərcümeyi-halı ilə tanış olanda görürük ki, kifayət qədər nüfuzlu universitetlər bitirib, fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir, müxtəlif vəzifələrdə çalışıb, 45 yaşı var, gəncdir. Ümid edirəm ki, o, siyasətçilərə xas olan təşəbbüskar və cəsarətli olmaq keyfiyyətlərinə malikdir və məhkəmə-hüquq islahatlarına təkan verəcək, hökumətin dövlət quruculuğu və hüquq siyasətinin hazırlanmasında fəal iştirak edəcək. Öz fəaliyyətini yalnız yuxarıların tapşırıqlarının icrasında görəcəksə, ciddi nəticələr olmayacaq. Mən zaman-zaman söyləmişəm ki, ölkədə güclü məhkəmə hakimiyyəti qurulmadıqca, biz iqtisadiyyatı inkişaf etdirə bilməyəcəyik. Təbii sərvətləri satıb, onun pulu ilə yaşamaq sonu uğurlu olmayan bir siyasətdir. O baxımdan hökumət iqtisadiyyata nəzarətdən imtina etməli, neftdən asılı olmayan bazar iqtisadiyyatı qurmalıyıq. Ölkəyə xarici investisiyalar cəlb etmək üçün əlverişli biznes mühiti yaradılmalıdır. Yerli sahibkarlar da investisiya qoymaqdan, öz bizneslərini genişləndirməkdən çəkinməməlidirlər və kapital xaricə axmamalıdır. Sahibkarlar pullarını xaricdə əlavə dəyər yaratmayan mal-mülk almağa yox, burada öz bizneslərini genişləndirməyə xərcləməlidirlər ki, iş yerləri açılsın, həmin müəssisələr vergi ödəsin, vətəndaşların həyat səviyyəsi yüksəlsin. Mülkiyyətin toxunulmazlığına təminat vermədən buna nail olmaq mümkün deyil. Bunun üçün isə mütləq məhkəmə islahatlarına gedilməli, qanunun aliliyi təmin olunmalıdır. Bunu etmədən iqtisadiyyatın sürətli inkişafını gözləmək illüziyadan başqa bir şey deyil. Təəssüf ki, bizdə kadrlar siyasi partiyalara qoşulmuş iddialı şəxslərdən, siyasi proseslərdə formalaşmış insanlar sırasından seçilmirlər. Bürokratik aparat sanki özü müstəqil bir siyasi qüvvəyə çevrilib və kadrları bürokratik aparat öz içərisindən seçir, yaxud biznes strukturlarından dəvət edirlər. Yeri gəlmişkən, bu, həm də çoxpartiyalı sistemin inkişafını da stimullaşdırmır. Hər halda, Fərid Əhmədovu yaxından tanıyan adamların dediyinə görə, həddən artıq mədəni şəxsdir və öz sahəsini də çox yaxşı bilir. Zamanla görəcəyik ki, bir kadr digəri ilə əvəz olundu, yoxsa yeni kadr doğrudan da yaxşı mənada nələrsə etmək istiqamətində səylər göstərir. Ümid edirəm ki, o da qucağındakı quzunu yerə qoyub canavarları qucaqlayanlardan olmayacaq.
- Sizin hökumətin yenidən qurulması ilə bağlı parlamentdəki müzakirələrdə mövqeyinizi dinlədik. Seçki dövründə də kifayət qədər tənqidi yanaşmalarınız olmuşdu. Dövlət başçısı andiçmə mərasimində namizədlərin çıxışlarına həssas yanaşılacağını söylədi. Prezidentin elan etdiyi kimi, 7 fevraldan başlayan yeni dövrdən gözləntiləriniz nədən ibarətdir?
- Elə mən də baş nazirə o sualı verdim ki, yeni dövr dedikdə siz nəyi nəzərdə tutursunuz? Jurnalistlər də yazırlar, ictimaiyyət də maraqlıdır ki, yeni dövr nədə ehtiva olunacaq, hökumət nə proqnozlaşdırır, hansı dəyişikliklər olacaq? Biz yeni dövr deyiriksə, deməli, yeni nələrsə olmalıdır. Amma sözün doğrusu, hələlik mən bilmirəm yeni dövrdə hökumət nələr eləmək istəyir. Bizim aydın proqramımız var, ölkənin gələcəyini necə görürük və ona çatmaq üçün hansı addımlar atmaq, haradan başlamaq, hansı sahədə nələr etmək lazım olduğuna dair aydın təsəvvürlərimiz var. İqtidarla bağlı bunu söyləyə bilmərəm. Məsələn, qeyd edirlər ki, qeyri-neft sektorunu inkişaf etdirəcəklər. Amma qeyri-neft sektorunu necə inkişaf etdirmək istəyirlər?
- Dövlət proqramları var...
- Dövlət proqramları var. Amma həmin proqramlarda imtiyazlardan imtina, fundamental dəyişikliklər nəzərdə tutulmur.
- Hər halda, mart ayında hökumətin parlament qarşısında hesabatı olacaq. Bu məsələlərə aydınlıq gətirmək imkanı var...
- Bəli, hökumətin hesabatı olacaq. Dünyada inkişaf etmiş xalqların keçdiyi yol var. Bizə yeni yol axtarmağa ehtiyac yoxdur. Özəlləşdirməyə gedilməlidir, inhisarçılığa son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır, dövlət satınalmalarında şəffaflıq təmin olunmalıdır. Hüquq-mühafizə orqanlarının sahibkarlara yaxınlaşması qadağan olunmalıdır. Dövlət İstintaq Komitəsi yaradılmalı, iqtisadi sahədə cinayətlərə görə vergilər xidmətinin araşdırmaları əsasında yalnız həmin komitə tərəfindən cinayət işi başlanılmalıdır. Hökumət deməlidir ki, xarici investisiyaların cəlb olunması üçün hansı addımlar atılmalıdır? Bu addımlar nədən ibarətdir? Bütün bunlarla bağlı konkret təkliflər olmalıdır. Tutaq ki, təhsildə inkişafa nail olmaq üçün biz nələr etməliyik, ölkədə repetitorluğu necə aradan qaldıracağıq? Yaxud səhiyyəni necə inkişaf etdirəcəyik? Məsələn, niyə Azərbaycanda ərzaq məhsullarının qiyməti Moskva kimi şəhərdən ən azı üç dəfə yüksəkdir? Hökumət qiymətlərin aşağı salınması üçün hansı addımları atmağı planlaşdırır? O qədər suallar var, sözsüz ki, bunlara aydınlıq gətirilməlidir.
- Qüdrət bəy, qarşıdakı aylardan nə gözləyirsiniz: referendummu, parlament seçkilərimi? Bələdiyyə seçkilərinin keçiriləcəyi məlumdur... Sizdəki məlumatlar nədən ibarətdir?
- Konstitusiyaya əsasən, noyabrda parlament seçkiləri keçirilməlidir. Bu, artıq səndən, məndən asılı olmayan məsələdir, konstitusiyanın tələbidir ki, noyabrda seçkilər keçirilməlidir. Noyabrda da COP29-un tədbiridir, bu, beynəlxalq tədbirdir. Ona görə də seçkilər önə çəkilə bilər, qanunvericilik bunu qadağan eləmir. Biz seçkiləri yubada bilmərik, onun üçün gərək ölkədə hərbi vəziyyət, fövqəladə vəziyyət ola. Amma qalan digər hallarda seçkilərin keçirilməsini qabağa çəkmək mümkündür. Ona görə də mən hesab edirəm ki, seçkilər noyabra qədər keçirilməlidir. Amma son qərarı iqtidar verəcək, ona görə də bir söz deyə bilmərəm. Bələdiyyə seçkiləri də dekabrda keçirilməlidir, ümid edirəm ki, vaxtında baş tutacaq.
- Bəs ölkədə idarəçilik, Prezidentin xüsusi nümayəndəlikləri, bələdiyyə-icra strukturları arasında mübahisəli duruma son verilməsi ilə bağlı məsələlərə son qoyulması istiqamətində yeni mərhələyə keçidi təmin edə biləcək konstitusiya islahatlarına, referenduma gedilməsi necə, mümkün ola bilərmi?
- Mən seçki zamanı da deyirdim ki, 1995-ci ildə qəbul olunmuş konstitusiya əslində keçid dövrünün konstitusiyası idi. Əgər Prezident deyirsə ki, biz yeni dövrə keçirik, yeni dövrün həm də yeni konstitusiyası qəbul olunmalıdır. Mən çox istərdim ki, bu konstitusiyada biz köklü islahatlara gedək. Dövlət idarəetməsi ilə bağlı... Məsələn, parlamentli respublikaya keçək, ona görə ki, Müstəqillik haqqında Konstitusiya Aktına görə də biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik, o da parlamentli respublika olub. İkincisi, dünyaya demokratiya Qərbi Avropadan yayılıb, bunların hamısında da parlamentli respublika olub. Parlamentin rolu artırılmalıdır. İcra hakimiyyətinin başında duran şəxsin parlamentə seçilməsi ona görə zəruri və vacibdir ki, lazım gələndə onu dəyişmək mümkün olsun, növbəti seçkilərə gedilməsin. Baxın, tutaq ki, Britaniyada Boris Conson istefa verdi, parlament yeni baş nazir seçdi. İkincisi, icra hakimiyyətinin başçısı parlament qarşısında hesabatlı olur, mütəmadi olaraq parlamentdə çıxışlar edir, deputatları məlumatlandırır. Prezidentli respublikalarda isə açıq söyləyək, bu, baş vermir. Ona görə də Azərbaycanın parlamentli respublikaya keçməsini zəruri hesab edirəm. Onu da nəzərə alsaq ki, biz şərqliyik, Şərq mentalitetinin daşıyıcısıyıq, müsəlman ölkəsiyik, biz belə bir ölkədə demokratiyanı inkişaf etdirmək istəyiriksə, mütləq parlamentli respublikaya keçməliyik. Qardaş Türkiyədə Mustafa Kamalın Atatürkün miras qoyduğu respublika da palamentli respublika modelinə keçəndən sonra demokratiya və çoxpartiyalı sistem inkişaf etdi. Düzdür, indi Ərdoğanın dönəmində prezidentli respublikaya keçilib. Amma əminəm ki, bir müddətdən sonra Türkiyə yenidən parlamentli respublika modelinə qayıdacaq, artıq müxalifət də bunu istəyir.
- Necə bilirsiniz, ölkəmizdə əhalinin sayının artması nəzərə alınaraq, Milli Məclis üzlərinin sayı artırıla bilərmi?
- Əhalinin sayına görə bizdə deputatların sayını 151 nəfərədək artırmaq olar. Mən hesab edirəm ki, Azərbaycan üçün bu say normal olar. Həmçinin proporsional seçki sistemi bərpa oluna bilər ki, parlamentdə fraksiyalar olsun.
- Amma bütün bunlar üçün vaxt yoxdur, elə deyilmi?
- Yox, niyə? Kifayət qədər vaxt var. Tutaq ki, təqribən bir aydan sonra referendum elan olunsa, iki ay ərzində referendum keçirilir, sentyabr-oktyabr aylarında da parlament seçkiləri keçirilir. Yəni zaman problemi yoxdur, burada, sadəcə, hakimiyyətin iradəsi lazımdır. Amma biz yeni konstitusiya qəbul edəcəyiksə, əlbəttə, bunun üçün yeni konstitusiya komissiyası yaradılmalıdır. O komissiya yeni konstitusiya layihəsinin üzərində işləməlidir, sonra sənəd ictimai müzakirəyə çıxarılmalıdır. İctimai müzakirəyə çıxarıldıqdan sonra parlamentdə müzakirə olunmalıdır. Bundan əvvəl biz görmüşük, konstitusiya dəyişikliyi ilə bağlı referenduma çıxarılan məsələ heç parlamentdə müzakirə olunmayıb. O baxımdan həm də deyirəm ki, parlamentin rolunu artırmaq lazımdır. Bu mənada konstitusiya ilə bağlı bu, bir az zaman alacaq. Əgər bunu demokratik qaydada həyata keçirmək istəyiriksə ki, geniş ictimai müzakirələrdən keçsin, ictimai təşkilatlar bu müzakirələrə qoşulsun, elm ictimaiyyəti bu proseslərdə iştirak etsin, alimlərimiz çıxışlar eləsin, məqalələr yazsınlar. Yəni konstitusiya ilə əlaqədar geniş müzakirələr olmalıdır. Əgər doğrudan da demokratik qaydada yeni konstitusiya dəyişikliklərindən söhbət gedirsə, o, bir az zaman alacaq. Yox, əvvəlki təcrübələrə uyğun olaraq, camaat yuxudan durur, yeni layihəni mətbuatda görür və referendum haqqında Prezidentin sərəncamı olur, bu, başqa məsələ. Baxır hansı yol seçiləcək...
Elşad PAŞASOY,
“Yeni Müsavat”