Qriqoryandan Rusiyaya ünvanlı absurd ittihamlar

“Rusiya gəldi, Dağlıq Qarabağı Azərbaycana verdi və qayıtdı”.

Musavat.com bildirir ki, bu sərsəm ittihamı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə söhbətində səsləndirib.

“Ermənistan tamamilə Rusiyadan asılı olanda bizdə müharibə yox idi? Müharibəmiz oldu. Bildirək ki, indiyə qədər biz bu mövcud vəziyyətə görə müharibə şəraitində olmuşuq. Biz bu dəyişikliklərlə sabitliyə nail olmağa çalışdıq və əminik ki, bu dəyişikliklər sabitlik gətirəcək”, - deyə o, xarici siyasət vektorunda baş verən dəyişiklikdən danışıb.

Qriqoryan iddia edib ki, Qarabağ “Rusiya tərəfindən alınıb”. “Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra da geri qayıtdı, bütün reallıq budur. Mən hesab edirəm ki, Rusiya Qarabağı əlimizdən alıb”, - deyə Qriqoryan absurd iddialarını davam etdirib. Onun fikrincə, Rusiyanın icazəsi olmasaydı, heç bir müharibə olmayacaqdı.

Musavat.com

26.06.2024 13:01
456