Qriqoryan öz xalqını aşağıladı - Zaxarova

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağın itirilməsinə görə Rusiyanı günahlandıraraq öz xalqını aşağılayıb”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Hakimiyyət təmsilçisi kimi bu cür şəxslər öz xalqını aşağılayırlar. Ermənistan vətəndaşları öz ərazilərini (Zaxarova Qarabağı Ermənistan ərazisi hesab edir? - red.) müdafiə etdilər, canlarını verdilər və bunu tarixi əhəmiyyətli hesab etdilər. Ermənistanın bir dövlət kimi uzun illər ideologiyası məhz bu tezislər üzərində qurulub. Onlar bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?

İnsanların öz xalqının tarixi yaddaşına bu qədər alçaldıcı münasibət göstərməsi mənim üçün təəccüblüdür”, - deyə Zaxarova qeyd edib.

Musavat.com

26.06.2024 16:57
1303