Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan silahlı qüvvələrinin Ermənistan sərhədi yaxınlığında toplanması ilə bağlı məlumatları qətiyyətlə təkzib edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlər Qriqoryandan sərhəddə nələrin baş verdiyini və bu vəziyyətin hərbi əməliyyatlarla nəticələnib-nəticələnməyəcəyini soruşublar.
Azərbaycan qüvvələrinin sərhədə toplanması ilə bağlı suala cavab olaraq Qriqoryan məlumatın mənbəyi ilə maraqlanıb və şayiələrə inanmamağı tövsiyə edib.
Qriqoryan əmin edib ki, əgər etibarlı və dəqiq məlumatlar olarsa, yerli Müdafiə Nazirliyi bu barədə mütləq şəkildə ictimaiyyəti məlumatlandıracaq.
Jurnalistlər 44 günlük müharibənin də bir sıra təkziblərlə başladığını qeyd etdikdə, Qriqoryan belə cavab verib: "Bu sizin qiymətləndirmənizdir? Əgər məlumat yayılırsa, bizi günahlandırırlar – nə etməliyik, təkzib etməyəkmi?"
Daha sonra isə jurnalistdən məlumatın dəqiqliyini və mənbənin haradan əldə olunduğunu soruşub. Jurnalist mənbənin etibarlı olduğunu bildirib.
Qriqoryan isə şübhə ilə yanaşıb və deyib:
"Mənbənizdən sizə dəqiq məlumat verməsini istəyin. Güman edirəm ki, o, heç nə görməyib, çünki əgər görsəydi, bizim sistemlərimiz də bunu qeydə alardı. Əgər Ermənistan Respublikasına təhdid görsək, ictimaiyyətlə paylaşacağıq." – deyə Qriqoryan fikrini bir daha təkrar edib.
Musavat.com