Qorxunc səsli və kəsif iyli blef – Rusiya və tərəfdarlarının böyük müharibə təhdidi

 

3-cü dünya müharibəsinə dair proqnozlar, analizlər, açıqlamalar və sayıqlamalar artıq hər kəsi bezdirib. Gerçəkdən.

Rusiyanın Ukraynada işğalçılıq müharibəsi başlatmasından sonra intensivləşmiş bu söhbət apogeyinə çatıb, amma? deyəsən, hələ yuxarı yeri də var.

Bu, təbii olaraq bütün ölkələrdə əndişə doğurur. BMT-nin üzvü olan 200 civarında dövlətin hamısında narahatlıq qlobal miqyasdadır.

Məsələ ondadır ki, 150-dən artıq dövlət 3-cü dünya müharibəsinə qarışmasa da, müharibə onları mütləq öz ağuşuna alacaq. Qıraqda qalan olmayacaq.

Arsenallarında planeti hərəyə 5-6 dəfə dağıtmağa bəs edən dəhşətli silahlar olan 9 dövlət var. “Nüvə klubu”nun üzvü olan bu dövlətlər bu və ya digər dərəcədə münaqişə tərəfləridir.

Bu dövlətlərin başında Rusiya gəlir və o Ukraynada ölüm-dirim savaşı aparır.

Dünyada hamıdan çox nüvə başlıqlı raketi olan ABŞ Ukraynanın tərəfindədir və o, hər cür yardım edir ki, Ukrayna Rusiyaya uduzmasın.

“Klub”un üzvü olan Böyük Britaniya və Fransa ABŞ-nin tərəfində, Rusiyanın qarşısındadır.

Dünyanın ən inkişafda olan ölkəsi Çin nüvə müharibəsində tərəf tutası olsa, Rusiyanın yanında yer alacaq və Tayvanı ABŞ-dan qoparmaq istəyəcək.

Şimali Koreyanın böyük varidat sarıdan olanı elə nüvə başlıqlı ballistik raketlərdir və bu dövlət ABŞ-a düşmən, Rusiyaya dostdur.

Hindistanın öz nüvə başlıqlı raketlərini ünvanlayacağı əsas ölkə Pakistandır, Pakistanın nüvə bombası daşıyan raketlərinin hədəfində isə Hindistandır. Hər iki ölkə 70 ildən çoxdur münaqişə-müharibə durumundadır.

Nüvə silahına malik olduğunu inkar etsə də, İsrail bu dəhşətli silaha güvənrək bölgədə hamıya meydan oxuyur və Fələstində qanlı-qadalı müharibə aparır.

Göründüyü kimi, 3-cü dünya müharibəsinin potensial iştirakçılarının arasında azı 7 nüvə dövləti var və onlar Yer üzü üçün real təhlükə mənbəyidirlər.

Sin iki ildə bu mövzuda ən çox danışan Rusiyanın eks-prezidenti, RF Təhlükəsizlk Şurası katibinin müavini vəzifəsini tutan Dmitri Medvedyevdir. Adam günaşırı mediada “nüvə silahı” işlədir, hədəflərini “vurur”.

Son müvafiq təhdid və xəbərdarlıqlar isə Rusiyaya rəğbət bəsləyən ölkələrdən – Serbiya və Macarıstandan gəlib.

Serbiya prezidenti Danilo Vuçiç xəbərdarlıq edib ki, dünya qlobal münaqişə astanasındadır və ona üç-dörd ay qalıb.

Daha sonra Viktor Orban NATO hərbçilərinin Ukraynaya yerləşdirilməsi ehtimalından danışaraq ocaq üstünə benzin çiləyib, deyib ki, bundan sonra nə olacağını təxmin etmək asandır. Yəni Rusiya ağır cavab verəcək.

Bu günlərə gətirən yolun başlanğıcını 2007-ci ildən hesablayanlar da var.

Onlar bildirirlər ki, Vladimir Putin 2007-ci ildə Münxendə Rusiyanın rəqiblərinin özlərini bütün dünya üçün qəbuledilməz şəkildə apardığını bəyan edəndən 3-cü dünya müharibəsinin hazırlığı başlanıb.

Rusiya rəsmilərinin və onun ətrafında olanların bu xüsusda çox danışması bir növ qorxunc səs çıxaran və kəsif iy ifraz edərək özlərini rəqiblərindən qorumaq istəyən canlıların hərəkətinə bənzəyir.

Çoxları bu açıqlama və bəyanatları blef sayır, ancaq fakt budur ki, Kremlin əlindəki kartlarda yaxşı xal var. Həm də küncə sıxışdırılan pişiyin son anda blef etmədiyi, həqiqətən cırmaq atdığı presedentlər həyatda çox olub.

Rusiya və onun əlaltıları bu cür təhdidlərlə ona nail olmaq istəyirlər ki, Qərb Ukraynanın müdafiəsindən əl çəksin, ona canlı qüvvə ilə yardım etməsin və onlar bu böyük ölkəni param-parça etsinlər.

Qərbdə isə düşünürlər ki, Rusiyanın artmış iştahı təkcə Ukraynanı udmaqla sönən deyil, regionda başqa, daha rahat loxmalar var və Moskva onları da “yesə” çox şişə, ötən əsrin 80-ci illərindəki halına gələ bilər.

İndilikdə dünyanın bir çox bölgələrində dini, milli, ərazi mübahisəsi zəminində xeyli lokal müharibələr gedir, ancaq situasiya böyük dövlətlərin nəzarətindədir. Onlar həmin müharibələri idarə edirlər.

Fəqət özləri də qollarını və ballistik raketlərinin çexolunu çırmayıb müharibəyə başlasalar, o zaman qlobal fəlakət qaçılmaz olacaq.

 

24.06.2024 09:00
2744