Qorkidə Brejnevə kef məclisi quran Konstantin Katuşev – Bu xidmətinə görə o, Mərkəzi Komitəyə katib seçilib  

 

Valideynləri onu öz davamçıları kimi görmək istəyib. Amma Konstantin Katuşev hələ orta məktəbdə oxuyarkən bu istəyə qarşı qəti fikrini bildirib və avtomobil mühəndisi olmaq arzusu ilə texniki fənlərə daha çox üstünlük verib. Orta təhsilini başa vurduqdan sonra Katuşev sənədlərini Qorki Politexnik İnstitutuna verib, qəbul imtahanlarından yüksək bal toplayaraq tələbə adını qazanıb.

Tələbəlik illərində Katuşev elmə, təhsilə marağı, ictimai işlərdə fəallığı ilə fərqlənib. Müəllimləri gələcəkdə onun tanınmış bir mühəndis olacağına şübhə etməyib.

İnstitutu bitirdikdən sonra  Katuşevin təyinatı Qorki Avtomobil Zavoduna (QAZ) verilib. Qısa müddət ərzində onun layihələri uğur qazanıb, biliyi, mühəndislik istedadı, işgüzarlığı rəhbərliyin diqqətini çəkib. Zavodda vəzifəsi pillə-pillə qalxdıqca onun yaxın gələcəkdə zavod direktoru vəzifəsinə təyinatı da istisna edilməyib. Ancaq Katuşev gələcək vəzifə karyerasında heç də zavod direktoru vəzifəsini hədəf seçməyib. Onun iddiaları daha böyük olub, partiya orqanlarında yüksək vəzifə tutmaq.

Beləliklə, Katuşev 1957-ci ildə istehsalat sahəsindən partiya orqanlarına transfer edib. Artıq 1963-cü ildə o, Qorki şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsini tutub.

Bu illər ərzində Katuşev birinci katib pilləsinə öz savadı, işgüzarlığı, hamı ilə dil tapmaq bacarığı ilə çatıb. Ona Moskvadan heç kim hamilik etməyib. Buna baxmayaraq o, Kremldəki bütün qapıları ürəklə açıb. Çünki Katuşev Qorkidə birinci katib olarkən şəhərin bütün sahələri üzrə ən yüksək göstəricilərə nail olub, Qorki Mərkəzi Komitədə nümunəvi şəhərlərin siyahısına düşüb.

1965-ci ildə hakimiyyətə yeni gəlmiş Leonid Brejnevin təşəbbüsü ilə Katuşev Qorki vilayət Partiya Komitəsinin birinci katibi seçilib. Brejnev Siyasi Büronun iclasında Katuşevi aşağıdakı kimi xarakterizə edib:

“Biz neçə illərdir Katuşevin fəaliyyətini izləyirik. Xruşşovun hakimiyyəti illərində onun adı heç vaxt siyasi intriqalarda hallanmayıb, hansısa qruplaşmalarda onun adı çəkilməyib. Deməli, Katuşev yalnız ona aid olan işlərlə məşğul olub. Belə bir şəxsə vilayəti etibar etmək olar. O, bizim etimadımızı doğruldacaq...”

Katuşev baş katibin etimadını artıqlaması ilə “doğruldub”. O, yeni vəzifəsində də böyük uğurlar qazanıb. Amma bu vəzifə də Katuşevi qane etməyib. Moskvada işləmək, ittifaq miqyaslı vəzifə tutmaq üçün Katuşev bütün gücünü səfərbər edib, bütün mümkün variantlara əl atıb. Nəhayət, 1967-ci ildə Katuşev üçün Moskva arzularını rallaşdırmağa fürsət düşüb. Belə ki, həmin il Qorki vilayəti “Lenin” ordeninə layiq görülüb. Ordeni vilayətə təqdim etmək üçün Leonid Brejnev Qorkiyə səfər edib. Bu səfər Katuşevin karyerasında yeni mərhələ açıb.

Baş katibin Qorkiyə səfərinin rəsmi hissəsi cəmi 50 dəqiqə çəkib, ordeni təqdim edib, kiçik təbrik nitqi söyləyib, Katuşev və Qorki Avtomobil Zavodunun sıravi çilingəri baş katibə təşəkkürlərini bildiriblər. Səfərin qeyri-rəsmi hissəsi isə gecə yarıyədək davam edib.

Qorkinin mərkəzi mədəniyyət sarayında Brejnev üçün ziyafət təşkil olunub. Bu saray təsadüfi seçilməyib. Belə ki, ən qısa bir müddətdə ali qonağın şərəfinə sarayda ziyafət zalı ilə yanaşı istirahət otağı, rus və fin hamamı da hazırlanıb. Yaradılmış bu şəraitdən Brejnev olduqca məmnun qalıb. Baş katibi müşayiət edənlərin arasında onun “sevimli” tibb bacısının olması Brejnevin kefini daha xoşhal edib. Katuşev Brejnevin sərbəst olması üçün lazımi şəraiti yaratmağa nail olub. Brejnev ziyafət üçün nəzərdə tutulmuş 2 saatı 9 saata qədər uzadıb. Ziyafət Brejnevin o dərəcədə ürəyincə olub ki, o, mahnı da oxuyub, rəqs də edib, hətta alkoqolun təsirindən müvazinətini itirərək tibb bacısını qucaqlamağa bəhanə də tapıb.

Ziyafətdə baş katib Katuşevin şərəfinə bir dəfə yox, bir neçə dəfə qədəh qaldırıb, razılığını bildirib, onu ağızdolusu tərifləyib.

Gecədən xeyli  keçmiş Brejnevi onu Moskvaya aparacaq xüsusi qatara yola salıblar. Baş katib öz vaqonuna mindikdən sonra əlini pəncərədən yelləyərək Katuşevlə sağollaşıb:

-Kostya, sən Moskva ilə tez-tez əlaqə saxla. Bizim səninlə bağlı yeni qərarlarımız olacaq.

Baş katibin bu ifadələrini ətrafdakıların hamısı eşidib. Brejnevin Katuşevə Kostya deyə (Konstantin) müraciət etməsi çox şeylərdən xəbər verib və bu xəbərlər tez bir zamanda reallığa çevrilib.

Yuri Andropov 1967-ci ildə DTK-ya sədr təyin olunduqdan sonra onun əvvəlki Mərkəzi Komitə katibi vəzifəsi boş qalıb. Bu vəzifəyə Kremlin özündən bir neçə namizəd olub. Əsas namizədləri isə Mixail Suslov və Konstantin Çernenko Brejnevə təqdim ediblər. Amma Brejnev həmin şəxslərin adlarının üstündən xətt çəkib, Konstantin Katuşevi 1968-ci ildə Mərkəzi Komitəyə katib vəzifəsinə gətirib. Bu təyinat öz adamlarını katib vəzifəsinə təyin edə bilməyən Suslovun və Çernenkonun ürəyincə olmayıb və Katuşevlə aralarında soyuq münasibət hökm sürüb. Xüsusilə “Kremlin boz kardinalı” sayılan Suslov Katuşevi həzm edə bilməyib. Nəhayət, 1977-ci ildə Suslov Katuşevi Mərkəzi Komitədən uzaqlaşdırmağa nail olub. Amma Katuşev yenə də işsiz qalmayıb. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Katuşevin iş bacarığına, məhsuldarlığına yaxşı bələd olub və o, Brejnevlə məsləhətləşmədən sonra Katuşevi özünə müavin, SSRİ Nairlər Sovetinin sədr müavini vəzifəsinə gətirib.

Brejnevin vəfatından sonra Katuşevə qarşı təzyiqlər yenidən baş qaldırıb. Bu dəfə onu təkcə vəzifədən deyil, həm də Moskvadan uzaqlaşdırıblar. Katuşev Kubaya səfir göndərilib. Bu təyinatın əsas səbəblərindən biri də Katuşevin baş katib kürsüsünə iddialı olması olub ki, onu yalnız Kubaya göndərməklə zərərsizləşdiriblər. Katuşev bu təyinatı “mədəni sürgün” kimi qiymətləndirib.

Bir neçə dəfə Moskvaya qayıtmağa cəhd etsə də, Katuşevin müraciətləri nəticəsiz qalıb. Nəhayət, 1985-ci ildə Kremldə bütün vəzifələr bölüşdürüldükdən sonra Katuşev geri çağrılıb. Mixail Qorbaçov onu SSRİ Xarici İqtisadi Əlaqələr Dövlət Komitəsinə sədr təyin edilib. Komitə 1988-ci ildə SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinə çevriləndə o, 1991-ci ilə qədər nazir vəzifəsində çalışıb.

SSRİ-nin süqutundan sonra Katuşev Rusiya hökumətində heç bir vəzifə tuta bilməyib. Təqaüdə çıxdıqdan sonra bir neçə kommersiya bankında rəhbər vəzifələr tutan Katuşev 2010-cu ildə, 82 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

 

24.08.2023 14:13
5963