Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub

Sovet dövründə ali partiya və hökumət qurumlarında belə bir qayda hökm sürüb, yüksəkçinli məmur vəfat edəndə müvafiq qurumların işlər idarəsi həmin şəxsin kabinetini möhürləyib, sonra müvafiq komissiya kabinetdə təftiş aparıb. Yalnız bu prosedurdan sonra kabinet vəzifəyə yeni təyin olunanın ixtiyarına verilib. Bu qayda Mərkəzi Komitədə də tətbiq edilib.

1985-ci ilin martın 10-da Konstantin Çernenko vəfat edəndə isə sabiq baş katibin köməkçisi daha çevik tərpənib. O, təftişdən öncə Çernenkonun şəxsi əşyalarını götürərək ailəsinə çatdırıb.

Maraqlıdır, cəmi 13 ay hakimiyyətdə olan Konstantin Çernenkonun şəxsi əşyaları nədən ibarət olub və hansı səbəbdən köməkçi onları kabinetdən tez-tələsik çıxarmaq fikrinə düşüb?

KONSTA.jpg (50 KB)

Köməkçi baş katibin kabinetindən bir dəst kostyum, müəllif imzaları ilə 60-a yaxın kitab, fincan, meyvə vazası, iki şəkil albomu, bir neçə yarımçıq qalmış məqalə əlyazması, Çernenkoya məxsus ayrı-ayrı ittifaq və birliklərə üzvlük vəsiqələri, bir neçə üstü dəridən olan və istifadə edilməmiş qeyd bloknotları, baş katibə hədiyyə edilən suvenirləri, bir neçə şüşə içki və qədəh dəstini götürüb. Ən əsası isə Çernenkonun seyfində olan 3 milyon rubla yaxın pul da (bəzi mənbələrə görə, 5 milyon) baş katibin ailəsinə çatdırılıb.

Rəsmi təftiş zamanı bu əşyaların ailəyə verilməsi heç kimin narahat və narazılığına səbəb olmayıb. Kabinet avadanlıqları, möhürlər, telefonlar və digər qeydiyyatda olan əşyalar yerində olduğundan təftiş proseduru sakitliklə ötüşüb. İki gündən sonra isə bu sakitliyi baş katib vəzifəsinə seçilən Mixail Qorbaçov pozub.

Qorbaçov Çernenkonun köməkçilərini “qırmızı xalça”nın üstünə dəvət edib, 3 milyonun davası başlanıb.

Qorbaçov Çernenkonun seyfində olan pullardan xəbərdar olduğunu bildirib. Onu da bildirib ki, bu pulların öz təyinatı olub. Amma hansı ki, bu pulların mövcudluğu nə işlər idarəsində, nə də maliyyə şöbəsində əks olunub. Yəni bu pullar Çernenkoya məxsus olub.

KONSTA SON.jpg (61 KB)

Sözsüz ki, Çernenkoda bu qədər pulun haradan olması da bir sual kimi ortaya çıxıb. Bu pulların mənbəyini tapmaq üçün hətta riyazi hesablamalar da aparıblar. Əgər Çernenko 13 aylıq baş katibliyinə görə aldığı maaşı və həmin dövrdəki aldığı mükafat və qonorarları xərcləmədən belə yığsaydı, yenə də tapılan məbləğə çatmazdı.

Bəzi araşdırmaçıların qənaətinə görə, Mərkəzi Komitədə “qara kassa” mövcud olub ki, Konstantin Çernenko öz hakimiyyəti dövründə həmin “kassa”ya özü nəzarət edib və yığılan pulları öz kabinetində saxlayıb. Bəzilərinin qənaətinə görə isə partiyanın “sadiq oğlu”, Leninin ən sədaqətli davamçılarından biri sayılan baş katib hakimiyyətinin və ömrünün son aylarında özünü zəngin həyatdan heç də məhrum etməyib, rüşvət və korrupsiyaya qurşanaraq qeyri-qanuni yollarla böyük məbləğlərə sahib olub.

Həmin ərəfədə Çernenkonun pulları hansı mənbədən əldə etdiyi Qorbaçov üçün çox da önəmli olmayıb. Baş katib üçün əsas məsələ həmin pulların qaytarılması olub.

Qorbaçov məsələni konkret qoyub, məbləğ seyfə qaytarılmalıdır. Bu iş isə elə Çernenkonun şəxsi əşyalarını ailəsinə çatdıran Viktor Pribıtkovun özünə həvalə edilib.

ANNA.jpg (76 KB)

Köməkçi Qorbaçovun tələbini Çernenkonun həyat yoldaşı Anna Çernenkoya çatdırıb. Sabiq baş katibin xanımı da bu pulların mənbəyindən xəbərsiz olub. O, əvvəlcə pulları geri qaytarmaq istəməsə də, sonradan qərarını dəyişib. Anna Çernenkoya bildirilib ki, pullar geri qaytarılmayacağı təqdirdə, Çernenkonun fəaliyyəti araşdırılacaq. Bununla da əri haqqında xoşagəlməz söz-söhbətlərin yaranmaması üçün Anna Çernenko pulları geri qaytarıb.

Maraqlı məqamlardan biri odur ki, Qorbaçov həmin pulların öz təyinatı olduğunu bildirmişdi. Amma bu təyinatın nədən ibarət olduğu sirr kimi qalıb. Məsələ burasındadır ki, Qorbaçov özü hakimiyyətdən getdikdən sonra partiyanın milyonlarla pulunun və eləcə də Çernenkonun qeyri-qanuni yollarla əldə etdiyi milyonlarla pulun aqibəti məlum olmayıb.

İlham Cəmiloğlu,
Musavat.com

06.05.2024 14:44
3157