Qonşun dalaşqandırsa, sülhpərvər ola bilmirsən– Qlobal reytinq cədvəlinin liderləri və autsayderləri

Nüfuzlu Global Finance reytinq agentliyi hər il olduğu kimi, bu il də ötən ilə dair hərtərəfli təhlil apararaq sülhsevər dövlətlərin reytinq cədvəlini tərtib edib. Dünyada 200-dən artıq dövlət (BMT üzvü olan) olsa da, cədvələ 163 ölkə daxil edilib.

Bəzi dövlətlər, o cümlədən okeanın ortasında heç bir qonşusu olmayan cırtdan dövlətlər reytinq cədvəlində yer almayıblar. Yəqin ona görə ki, onların münaqişədə olmağa qonşuları yoxdur, silahsız dövlətlərdir.

Fəqət reytinq cədvəlində 1-ci yeri tutan İslandiya da təxminən eyni statusdadır. O da okeanın ortasındadır, ən yaxın qonşusundan min kilometr uzaqdadır, üstəlik, vahid adada yeganə dövlətdir, amma onu siyahının başına qoyublar. Onun ardınca Yeni Zelandiya və İrlandiya gəlir. Bunlar da ada dövlətləridir və onların ərazisini, təhlükəsizliyini təhdid edən yoxdur.

reyt-1.JPG (77 KB)

Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur və Yaponiya isə qonşuları ilə heç bir problemə malik olmayan, üstəlik, sosial təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə sadiq olduqlarını nümayiş etdirən dövlətlərdir. II dünya müharibəsində dünyanın ən militarist və aqressiv 3 dövlətindən biri olan Yaponiya (o biri ikisi Almaniya və İtaliya olub) artıq uzun illərdir ki, bütün dünyada sülhsevərliyin simvoluna çevrilməkdədir.

Bəri başdan deyək ki, Azərbaycan sülhsevərlik əmsalına görə 128-ci yerdədir. Prinsipcə, bizimlə daimi münaiqəşədə olan işğalçı Ermənistan sözügedən reytinq cədvəlində bizdən də aşağı yerlərdə olmalıydı, çünki məhz onun başqa dövlətin (Azərbaycanın ) ərazisində hərbi birləşmələri var, hər gün haralardansa silah tədarük edir, yeni müharibəyə hazırlaşdığını gizlətmir, qonşu dövlətin daxili işlərini hər gün bütün səviyyələrdə müzakirə edir, ona müdaxilələr etmək üçün yüz bir hiylələr düşünür.

21345.JPG (22 KB)

Ermənistanın sülhsevərlik reytinqində ümumiyyətlə olmaması təbiidir. Ancaq belə götürsək ki, siyahının yarından sonrakı hissəsi əsasən sülhsevər olmayan dövlətlərdən ibarətdir, onda Ermənistan bizdən çox-çox aşağılarda olmalıydı. Əslində Ermənistan qonşuluğumuzda olmasa və özünün əsassız ərazi iddiaları ilə bizi özümüzü müdafiə etmək zorunda qoymasa, biz daha ön sıralarda olardıq.

Ancaq nə edək ki, özümüzü aqressiv və işğalçı qonşudan müdafiə etməyə, silahlanmağa, ordu quruculuğundan, hərbi vətənpərvərlikdən danışmağa məcburuq və bu bizi sülh istəyən ölkələrin 2-ci yüzlüyünə salır.

Bu xüsusda təsəllimiz o ola bilər ki, alt qonşumuz ABŞ-dır. Amma bu dövlətin militarizmi hara, bizimki hara? ABŞ dünyanın elə bir regionu yoxdur ki, orada hərbi baza saxlamasın, lokal münaqişələrə bu və ya digər şəkildə müdaxilə etməsin. Biz yalnız son 3 ildə torpaqlarımızı işğal edən və öz sərhədlərini qoruyan dövlət olduğumuz halda, “dünya jandarmı” rolunu oynamaq istəyən dövlətlə nədən qonşu oluruq, anlaşılan deyil.

Görünür, bu reytinqi tərtib edənlər münaqişə içində, müharibə vəziyyətində olan ölkələrin hansının haqlı, hansının haqsız olduğuna yox, faktiki vəziyyətinə baxırlar. Ona görə də Rusiya sülhsevərlik reytinqinin axırdan 4-cü (160-cı) yerindədir, hərbi təcavüzə, işğala, gecə-gündüz bombardmana məruz qalan Ukrayna isə 153-cü yerdə, ondan 7 pillə öndə qərarlaşıb.

rus-rey.JPG (19 KB)

Reytinq cədvəlinin son beşliyi həqiqətən maraqlıdır. Görün, bir zamanlar “SSRİ dünyada sülhün dayağıdır” şüarını hər küçəyə yapışdıran dövlətin varisi kimlərlə qonşudur: Cənubi Sudan, Suriya, Yəmən, Əfqanıstan...

Orta Asiyanın türk dövlətləri reytinq cədvəlinin ortalarındadır. Özbəkistan əvvəlki illə müqayisədə bir mövqe itirərək cüzi geriləmə yaşasa da, 87-ci yeri tutaraq Orta Asiyanın ən sülhsevər dövləti olub. Qırğızıstan 91-ci, Tacikistan və Qazaxıstan isə müvafiq olaraq 92-ci və 97-ci yerləri tutur. Özünü dünyaya "neytral ölkə" kimi təqdim edən Türkmənistan isə 103-cü yerdədir.

Bir sözlə, bu məsələdə də çox şey hansısa dövlətin özündən yox, qonşusundan da asılıdır. Atalar əbəs yerə deməyib ki, “qonşu mərdiməzar olmasa, bağ çəpəri neyləyir”. Biz İslandiyanın, Danimarkanın qonşuluğunda olsaq, dünyanın ən sülhsevər ölkələrindən biri olardıq. Ancaq Ermənistan bu hirs-hikkəsi, iddiası, tamahı, aqressiiyası ilə Yaponiyanın yanında olsa, onu dartıb özünün yanına, axırıncı yerlərə salardı.

Yeri gəlmişkən, cənub qonşumuz İran sülhsevərliyinə görə 141-ci yerdədir. Bu isə artıq sülhsevərlik pilləsi deyil, regionda münaqişə ocaqları qurdalamağın göstəricisidir.

Araz Altaylı, Musavat.com

28.06.2023 11:45
1263