Qonşularına dil öyrədən ölkə - Məqsəd özünə münasib kadrlar yetişdirməkdir

 

Rusiya prezidentinin Bakıya səfərindən bəhs edən reportajlarda bir sətirlə keçən bir ifadə var. O, rus dilinə göstərdiyi diqqətə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edərək deyib: “Azərbaycanda 300 rusdilli məktəb, aparıcı ali təhsil müəssisələrimizin filialları fəaliyyət göstərir”.

Bu ifadənin altında çox mətləblər yatır. Məsələ ondadır ki, Rusiya dünyada rus dilinin yayılması məsələsinə çox böyük, strateji önəm verir. Kreml keçmiş SSRİ-yə daxil olan 14 müttəfiq respublikada rus dilinə, rusdilli məktəblərə münasibətin şkalasını daimi nəzarətində saxlayır. Ölkə rəhbərliyi rus dilini xor görənləri düşmən, rus dilinə diqqət göstərənləri dost sayır.

Bizdə rusdilli məktəblərin sayı 300-dür. Bu, bir çoxlarına az, çox adama isə çox görünə bilər. Hələ onu da nəzərə almaq lazımdır ki, iri şəhərlərdəki məktəblərdə rus bölmələri də çoxdur və onlarda xeyli şagird təhsil alır. Ona görə də Kreml başbilənləri Azərbaycanı “rus dilini sıxışdıranlar” qrafasına salmır.

Bəs baxaq, görək, keçmiş müttəfiq respublikalarda müvafiq durum necədir.

Müxtəlif mənbələrə görə, Özbəkistan əhalisinin 50-80 faizi rus dilində sərbəst danışır. 35,3 milyon əhalisi olan Özbəkistanda rus dilinin rəsmi statusu olmasa da, ölkədə 1000 rusdilli məktəb var. Bu, hər on məktəbdən birinin rusdilli olması deməkdir.

20 milyonluq əhaliyə malik Qazaxıstanda ümumilikdə 6950-yə yaxın dövlət məktəbi var. Bunlardan 3606-sı rus və qazax dillərində qarışıq təhsil verir. 1121 məktəbdə isə tədris tamamilə rus dilində aparılır. Onu da qeyd edək ki, Qazaxıstan əhalisinin 20 faizi slavyan mənşəlidir və rusdillidir.

5 milyon 720 min əhalisi olan Qırğızıstanda ümumilikdə 250-yə yaxın rus məktəbi var. Ancaq ölkənin kiçik, əhalinin mühüm hissəsinin kənddə, aulda yaşadığını nəzərə alsaq, bu, kifayət qədər ciddi rəqəmdir və rəsmi Bişkekin rus dilinə qarşı olmasının göstəricisi sayılmaz.

Əhalisinin sayı 10 milyonu aşan Tacikistan “rusdilli” ölkə sayılmaz, amma rus dilinə qarşı cəbhə alanlardan da deyil. Hətta Tacikistanın konstitusiyasında rus dilinə millətlərarası ünsiyyət dili statusu verilib. Ölkədə 39 rusdilli məktəb var və onlarda 27 minə yaxın şagird təhsil alır.

Türkmənistan özünü neytral ölkə elan edərək, o cür də aparmaq kursu götürsə də, rusdilli məktəblərdən tamamilə imtina edəcək qədər neytral və müstəqil deyil. Cəmi 6 milyon əhalisi olan ölkədə 70-dən çox məktəb rus dilində tədris aparır.

3 milyon 800 minə yaxın vətəndaşı olan Gürcüstanda rus dilində təhsil verən 54 məktəb var. Bu məktəblərdən 11-i tam rusdillidir, qalan 43 məktəbdə gürcü dili şöbəsi ilə yanaşı, rus dili bölməsi də fəaliyyət göstərir. Bunlardan 36-sı dövlət, 7-si özəl məktəbdir. Bu ölkədə rus dilini hələ sovet dönəmindən bəri sevmirlər. Hətta sovet dövründə çəkilən bir neçə filmdə gürcülərin ingilis dili bilməsi və danışmasını göstərən epizodlar var.

Ermənistan bir neçə il öncəyə qədər özünü postsovet məkanının “ən rusdilili ölkələr”inin ilk beşliyində sayırdı. İddia olunrdu ki, respublika əhalisinin 70%-i rus dilində sərbəst danışır və Ermənistan əhalisinin yarıdan çoxu rus dilini ikinci dil hesab edir. Hazırda 3 milyon əhalisi olan Ermənistanda rus dilində təhsil verən 65 orta məktəb, bir də rus dili bölməsinə malik olan universitetlər var.

2,7 milyon əhalisi olan Moldovada ümumilikdə 1218 məktəb var. Onların 958-də təhsil rumın, 202-də rus, 57-də isə rumın və rus dillərində aparılır. Moldovada yalnız bir məktəb üç dildə (rumın, rus və ingilis) təhsil verir.

33 milyondan çox əhalisi olan, Rusiyanın hücumuna məruz qalaraq müharibə şəraitində yaşayan Ukraynada hələ də rus dilinin ayrıca fənn kimi öyrənildiyi məktəblər var. İndi ölkədə rus dilini ayrıca fənn kimi öyrənən üç məktəb, 45 sinif və 768 şagird qalıb. Bu ölkə bütün varlığı ilə Rusiyaya, rus dilinə qarşıdır.

SSRİ-nin ikinci “rusdilli ölkəsi” olan 9.5 milyonluq Belarusda 2012-ci ildə rusdilli məktəblərin sayı 1660 olub. 2018-ci ilə qədər onlardan 1282-si qalıb.

Sovet dövründə belə Rusiya ilə o qədər qaynayıb-qarışmayan Litvada (əhalisi 2 milyon 890 min) ümumilikdə 28 məktəb rus dilində təhsil verir və onlarda 17 minə yaxın şagird təhsil alır. Bu məktəblərin əksəriyyəti Vilnüs, Klaypeda, Visaginas bölgəsindədir.

Latviya (1 milyon 800 min əhali) da bu məsələdə qonşusundan dala qalmır. Bu ölkədə 26 rusdilli məktəb var.

Onlarla müqayisədə Estoniya (1 milyon 366 min əhali) daha çox “rusdilli ölkə” sayıla bilər. Bu ölkədə 70-ə yaxın məktəbdə tədris tamamilə və ya qismən rus dilində aparılır.

Bir sözlə, Rusiya keçmiş sovet respublikalarındakı rusdilli məktəblərin sayının azalmasını pis qarşılayır, hər vəchlə bu tendensiyanı önləməyə çalışır. Bu, durduq yerdə edilən bir şey deyil, bunun arxasında siyasi ambisiyalar, özünü “böyük xalq” saymaq ehtirası durur. Kreml çalışır ki, başqa ölkələrdə daha çox rusdilli kadrlar olsun. Çünki zamanında onlardan məqsədyönlü şəkildə istifadə etmək imkanı bir o qədər böyük olar.

Kremlin bütün postsovet məkanı ilə “rusdilli məktəb” davası etməsinin 1 nömrəli səbəbi budur. Gerisi lazımsız təfərrüatdır.

21.08.2024 11:22
1162