“Qohumunun müalicəsinə pul lazımdır” deyənlərdən biri də tutuldu - Video

Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Serqey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28.000, 9.000 və 6.000 manat olmaqla ümumilikdə 3 vətəndaşa 43.000 manat maddi ziyan vurub.

Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra “Telegram”da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən edilib.

Faktlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-də araşdırmalar davam etdirilir.

“Qeyd olunanları nəzərə alaraq bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”, - deyə DİN-in vətəndaşlara müraciətində vurğulanıb.

27.07.2024 16:45
913