Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə cinayət işi açılıb
Sumqayıt şəhər prokurorluğundan Musavat.com-a bildirilib ki, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.
Araşdırma aparılır.