"Qohum nikahların qarşısının qadağalarla alınması absurddur" - Mehriban Zeynalova

"Qohum nikahların qarşısının qadağalarla, qanunla alınması absurddur".

Musavat.com bildirir ki, bu sözləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. QHT sədri məsələni bu cür şərh edib:

"Brinci ondan başlayaq ki, xala, bibi ərə gedəndə soyadını dəyişir və ya dəyişməyə məcbur edilir. Eynilə dayı başqa soyadda olur, qalır əmi.

Ümimiyyətlə, nikaha daxil olan şəxslərin qohumluq münasibətinin statistikası necə müyyən olub? Məncə bu qadağalardansa aşağı dakılar edilsə doğru olar:

1.TV - lərə alimləri dəvət edib insanları faktla, elmlə inandırmaq lazımdır.

2. Nikaha daxil olmaq üçün müraciət edənlər bir ay müddətində mütəxəssislərlə görüşməli daha sonra qərar verməlidir.

3. Qohum nikahlar əsrlərdən bəri gələn adətlər olduğundan, onun qarşısını sərt deyil, yumşaq, inandırma üsulla almaq daha uğurlu nəticələnər".

Qeyd edək ki, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında artıq müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Həmçinin, qanuna edilən dəyişiklə, yetkinlik yaşına çatmayanların kəbinini kəsən mollalar cərimələnəcək, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq, toy və nişan mərasimlərini keçirənlər isə 13 min manat cərimələnəcək.

Eyni zamanda mövcud qanunvericilikdə əksini tapan, nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.

Xalidə Gəray
Musavat.com

12.06.2024 11:24
840