Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb. Dəyişikliklər təsdiq olunarsa, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan ediləcək.
Musavat.com xəbər verir ki, tanınmış vəkil Əkrəm Həsənov mövzu ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
Əkrəm Həsənov yazıb ki, axın qohumların ailə qurmasını mən də bəyənmirəm. Amma bu, hər kəsin öz işidir.
Ekspert hesab edir ki, ailə hüququ milli mentalitetin əleyhinə getməməlidir. O qeyd edib ki, selektiv abort nəticəsində doğulan oğlanların sayı qızlardan xeyli çoxdur, rəsmi nikahların sayı azalır, boşanmalar isə artır. Ekspert təklif edib ki, deputatlar bu məsələni qabartsınlar.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Azərbaycan qohum evliliklərinin çoxluq təşkil etdiyi ölkələrdəndir. Uzun müddətdir bu məsələ müzakirə edilir ki, yaxın qohumların evliliyi qanunla qadağa edilməlidir. Məsələ artıq parlamentin gündəliyinə salınıb. Bu ilin martında “Qohum nikahları” ilə bağlı ictimai müzakirə oldu.
Müzakirələrə qatılan Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov demişdi ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: “Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Uzun illərdir maarifləndirmə, izahedici işlər aparılır. Hətta nikah zamanı tibbi müayinədən keçmə də müsbət addım idi. Amma bütün bu işlərə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”.
Mütəxəssislər bunun həlli mexanizmi ilə bağlı nə təklif edir? Dünya təcrübəsi necədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub ki, Azərbaycanda qohum evliliyinin 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplərlə bağlıdır. 2021-ci ildə keçirilən sorğunun əsas məqsədi insanların qohum evliliyinə münasibətini öyrənmək, belə nikahların təsirlərinin qiymətləndirməsi, fəsadların müəyyən edilməsi və onların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi olub. Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Qəbələ və Ağdamda aparılan sorğuya 1354 respondent qatılıb. Onlardan 67,4%-i qadınlar, 32,6 %-i isə kişilər olub. Sorğu nəticəsində məlum olub ki, qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı nikahlarının xüsusi çəkisi 37.4%, əmioğlu və əmiqızı evliliyi 22.1%, xalaoğlu və xalaqızı nikahı 23,2%, eləcə də qohum şəxslərin - əmi, bibi, dayı, xala nəvələri arasında olan nikahlar 17,3%-dir. Respondentlərin fikrincə, qohum evliliyinin bir sıra səbəbləri var. Onların 16,4%-i yaşlı nəslin təkidi, gənclərə seçim haqqının verilməməsi, 36,4%-i nəsildən-nəslə keçən gərəksiz adətlər, stereotiplər, 14,3%-i erkən nikah, 16,6%-i gənclərin təcrübəsizliyi, yetəri qədər əhatə dairəsinə sahib olmaması, sosiallaşma problemləri, 8,1%-i ailə quran insanların təhsilsizliyi, cahilliyi, 6,2%-i kifayət qədər məlumatın olmamasını göstəriblər.
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a demişdi ki, Azərbaycanda uzun müddət ailə münasibətləri ilə bağlı daşlaşmış münasibət olub: “Ölkəmizdə uzun müddət patriarxal bir cəmiyyət hökm sürüb. Bu cəmiyyətin də özünəməxsus qaydaları olub. Burada daha çox qohum evliliklərinə üstünlük verilib. Qohum evlilikləri Azərbaycan cəmiyyəti üçün xarakterik bir nikah münasibətləri idi. Müstəqillik əldə etdikdən və Azərbaycan qlobal dünyaya açıldıqdan sonra bir qədər bu istiqamətdə dəyişikliklər oldu. Amma yenə də biz evliliklərin statistikasına baxanda qohumlar arasında nikah münasibətlərinin təqribən 50-60 faizə yaxın olduğunu görürük. Bu da onu deməyə əsas verir ki, yenə də biz köhnə stereotiplərdən azad ola bilməmişik. Bunun da bir neçə səbəbləri var: Qızı başqasına verməkdənsə, yaxına verək, miras başqasına qalınca, yaxın qohuma çatsın; yaxın qohum ətimi yesə də, sümüyümü atmaz kimi düşüncələr var idi. Son vaxtlar da biz görürük ki, xəyanət faktorunun çoxalması insanların ailə münasibətlərinə ehtiyatla yanaşmalarına səbəb olub. Buna görə də qohumlar arasında nikaha üstünlük verilir. Onlara elə gəlir ki, qohumla ailə qurarlarsa, xəyanətlə üzləşməyəcəklər. Əslində isə yaxın qohumlar arasında nikah münasibətinin tibbi və səhiyyə baxımından böyük fəsadları var. ÜST-nin statistikasına baxsaq, görərik ki, qlobal miqyasda sağlamlıq imkanı məhdud olan insanların əksəriyyəti qohum nikahların nəticəsində dünyaya gəlmiş uşaqların payına düşür. Azərbaycanda 620 minə yaxın sağlamlıq imkanı məhdud olan insan var, onların 72 mini yeniyetmə və uşaqdır. Tədqiqatlar onu göstərir ki, sağlamlıq imkanı məhdud olan uşaqlar içərisində yaxın evlilikdən dünyaya gələn uşaqların sayı daha çoxdur”.
Ekspert dünya təcrübəsinə də toxunub: “Bu məsələ ilə bağlı fərqli ölkələrdə müxtəlif yanaşmalar var. Tutaq ki, ABŞ-ın bəzi ştatlarında ən azı dörd nəsildən sonra qohumlar arasındakı münasibətə baxırlar, sonra buna icazə verirlər. Bəzi ölkələrdə yeddi nəsildən sonra qohumlar arasındakı münasibətə icazə verirlər. Bütün bunlar onu deməyə əsas verir ki, qlobal ölkələr bunun fərqindədir. Bu, Azərbaycanda da qanunvericilik səviyyəsində tənzimlənsə yaxşı olar. Yəni yeddi nəsil sonra qohum evliliyi daha adekvatdır. Çünki yeddi nəsildən sonra insanlarda artıq yadlaşma baş verir və genetik bağlantı qırılır”.
Yeri gəlmişkən, İslam dininin də bu məsələyə yanaşması qəti deyil. İlahiyyatçı Samir Əzizov deyib ki, dinimiz bu evlilikləri icazəli hesab edir, amma bu, təşviq demək deyil: “Sadəcə, mənəvi baxımdan icazəli bilir”.
E.Məmmədəliyev,
Musavat.com