Qoca mollanın ehtirası

 

“Hər kəsin alnına nə yazılıbsa, elə də olacaq. Yoxsa kimin ağlına gələrdi bizim Nazlı şeyx kimi adama qismət olacaq”.

(Mirzə Cəlil, “Ölülər”)

Bakını növbəti dəfə sel basanda kimlərsə əski günlərin fotolarını tapıb ortaya çıxardılar, məlum oldu ki, sən demə 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində də paytaxtımız yağış yağanda, necə deyərlər, suya təslim olurmuş. Hətta 19-cu əsrin axırına aid fotoda Bakı küçələrində kimsə qayıqda üzürdü.

Bu da bizim tarixi ənənələrə nə qədər sadiq olduğumuzu göstərir. İnsanlar, o cümlədən millətlər gərək yolunu azmasın, yad qüvvələrin təsiri altına düşməsin. Hökumətimizə bu baxımdan minnətdarıq. İllər keçir, heç nə dəyişmir. Yenə yalan danışırıq, yaltaqlığımızı edirik, yetimin çörəyini əlindən alırıq. 

Bütün sferalarda milli ənənələr qorunur. Məsələn, keçən ay Novruz bayramında düz 12 gün istirahətə buraxıldıq. Çox adam bu müddətin mənasını anlamadı, halbuki, qədim Şumer-Babil dövlətlərində yaz bayramı məhz 12 gün qeyd edilərmiş. Bayramın vaxtı da indiki mart-aprel aylarına düşərdi, adı isə Akitu, bəzi mənbələrə görə Zaqmuk olmuşdur. (Akitu və Zaqmuk nə deməkdir, hələlik bunu heç kim bilmir. Yəqin qədim türkcədə nəsə mənası olubdur).

Naxçıvanda, günümüzdə bir mollanı tutublar, 85 yaşlı bu qızmış qoca qonşudakı əlil qadına qarşı cinsi əxlaqsızlıq edirmiş. Yanvarda yenə Naxçıvanda başqa bir mollanı, bu dəfə 14 yaşlı qıza qarşı cinsi əxlaqsız hərəkətə görə tutmuşdular. Belə hadisələr təkrarlandıqca Mirzə Cəlilin əsərlərindəki mənanı daha yaxşı anlayırıq. Həmçinin, şərurlu İsfəndiyarın dindarlar haqda tənqidinə təhqirlə yanaşan adamlar niyə indi susurlar? Buyurun, necə deyərlər, “adam haqlı, bəylər”. O cümlədən, “buyurun, dindarlar, izah edin”. Həmişə ateistlər izah etməz ki. 

Nə üçün Qafqaz Müsəlmanları İdarəsindən “mıkk” eləyən də yoxdur? Bəlkə hələ şeyx bilet tapıb ölkəyə qayıda bilməyibdir?

Axı bu əxlaqsız cinayətkarlar adi insan deyil, sırf dini vəzifəli şəxslərdir. Hərəsi müəyyən sayda dini icmanın “çobanlığını” (bunu təhqir mənasında yazmıram, xristianlar öz mollalarına elə “pastor” - “çoban” deyirlər) edirmiş. Din haqda qanuna görə molla işləmək üçün azı 50 nəfərlik dini icma olmalıdır, onu dövlət idarəsində təsdiq eləməlisən və sairə. Dövlətimiz də həmin mollalara aylıq 300 manat maaş verir, Naxçıvanda istehsal olunan “NAZ-lifan” avtomobiliylə təchiz edir, baxmayaraq Konstitusiyaya görə guya bizdə din dövlətdən ayrıdır, hökumətin xalqın pulunu mollalara verməyə ixtiyarı yoxdur. Lakin yuxarıda yazdığım kimi, nə dini idarə, nə hökumətin dinlə bağlı qurumları mollalar arasında əxlaqsızlığın pöhrələnməsinə münasibət bildirmir.

Dəli şeytan deyir bu işlərin təzədən artmasında Vasif müəllimin istefasının rolu vardır. Axı Talıbov bölgənin xanı işləyəndə ordan nəinki mollaların əxlaqsızlığı haqda xəbərlər alırdıq, hətta milçək uçanda vızıltısı Təzəpirə çatırdı. Telekanalizasiyaların reportajları olurdu, görürdük ərazidə bir ins-cins gözə dəymir. Hamı əxlaqi şəkildə yoxa çıxmışdı.  Həmin dövrdə Naxçıvanda cinayətkarlıq ümumiyyətlə, kökündən ləğv edilmişdi, bunu statistika da təsdiq edirdi. Əsl kommunizm quruculuğu idi.

Sözgəlişi, mollalardan birinin 85 yaşda əxlaqsızlıq etməsi də diqqəti çəkir. Yəqin onu ağsaqqal qismində bölgədə elçiliyə, nişana, qız toyuna-zada da aparırmışlar. Həmçinin, əxlaqsızlığın dibinə vursan o yaşda qocanın seksual istəklərinin fəvvarəsini ölkəmizdə iqtisadi-sosial inkişafın nəticəsi saymaq mümkündür.

O cümlədən, bu saat qardaş Türkiyədə qayınanasını hamilə edən kürəkən gündəmin əsas mövzularından biridir. Deməli, bu sferada da “bir millət-iki dövlət” konsepsiyasına sadiqliyimizi göstərməkdəyik.  

19.04.2025 08:43
878