Qoca Co dəhşətli fəlakət vəd edən "məxfi sənədi" niyə imzaladı: ABŞ qlobal nüvə savaşına qərar verdi

Qərb mətbuatına sızdırılan məlumatlara görə, Ağ Ev sahibinin imzaladığı sənəddə Rusiya və NATO arasında birbaşa hərbi münaqişə qaçılmaz perspektivlərdən biri kimi vurğulanıb... Üstəlik, bu halda, əvvəlcə Rusiya, ardınca isə Çin və Şimali Koreya ilə nüvə savaşının baş verə biləcəyi ehtimal olunur və dərhal böyük sürətlə ABŞ ordusu üçün hazırlıq qərarı verilib...

Dünya dəhşətli kataklizmlərə böyük sürətlə yaxınlaşmağa başlayıb. Belə ki, Ukrayna savaşının inkişaf istiqamətləri bəşəriyyətə yeni qlobal müharibə vəd edir. Qərb siyasi dairələrinin Ukrayna savaşını məhz Rusiya ərazisinə keçirtməyə nail olması belə bir təhlükəyə tamamilə inandırıcı görüntülər verməyə başlayıb. Və bu səbəbdən də, indi bütün dünya daha dəhşətli, qlobal savaşa hazırlaşmaq məcburiyyətində qalıb.

Məsələ ondadır ki, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması Kremli olduqca ağır hərbi-siyasi situasiya ilə üzləşdiyib. İndi Rusiyanın beynəlxalq imici demək olar ki, ciddi şəkildə korlanıb. Rusiya öz sərhədlərini belə, qorumaqda çətinlik çəkən nəhəng dövlət görüntüsü alıb. Üstəlik, yaxın vaxtlarda Ukrayna ordusunun Rusiya daxilində irəliləməsi Kremli ictimai-siyasi narazılıqların artması ilə də qarşılaşdıra bilər. Və belə situasiya Kremli daha radikal addımlar atmağa sövq edir.

36fce5e1dee51ee272651fb2202a029f.jpg (111 KB)

Təbii ki, bu baxımdan, Rusiyanın Ukraynaya yeni hərbi zərbələrinin hədəfləri indi xüsusi müzakirə mövzusuna çevrilib. Qərb siyasi dairələri xüsusi xidmət servislərinin məlumatlarına istinadla iddia edirlər ki, yaxın günlərdə Rusiya Ukraynanın həyati əhəmiyyət daşıyan əsas infrastruktur obyektlərinə raket zərbələri endirməyə hazırlaşır. Ona görə də, bəzi Qərb ölkələri artıq öz vətəndaşlarını Ukrayna ərazisini təcili olaraq, tərk etməyə çağırırlar. Və bu, Ukrayna savaşının daha dağıdıcı mərhələ keçmək üzrə olduğunu da sezdirir.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri həm də Rusiyanın Avropa məkanına raket zərbələri endirə biləcəyini də ehtiyat edirlər. Onların qənaətinə görə, əgər, Ukraynanın əsas infrastruktur obyektlərinə zərbələr Rusiyanın üzləşdiyi situasiyanı dəyişməyə yetərli olmazsa, Kreml hərbi əməliyyatların arealını genişləndirmək niyyətinə də düşə bilər. Və bu halda, Kremlin ilk hədəfinin Avropa məkanı olacağı qətiyyən şübhə doğurmur.

ABŞ və Qərbi narahat edən əsas məqam da məhz bununla birbaşa bağlıdır. Belə ki, əgər, Rusiyanın raket zərbələrinin arealı Ukrayna ərazisindən kənara çıxarsa, yeni qlobal savaş qaçılmaz ola bilər. Hər halda, Rusiyanın ilk növbədə Ukraynaya birbaşa hərbi texnika göndərən Avropa dövlətlərini hədəfə alacağı şübhə doğurmur. Həmin ölkələrin mütləq əksəriyyəti isə məhz NATO sıralarında təmsil olunurlar. Və bu səbəbdən də, həmin ölkələrə raket zərbələri həm də ümumilikdə NATO-ya hücum anlamı daşıyacaq.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Təbii ki, bu halda, NATO öz sıralarına daxil olan dövlətləri hərbi müdaxilədən müdafiə etmək öhdəliyini icra etmək məcburiyyətində qalacaq. Yəni, NATO Rusiya ilə birbaşa hərbi münaqişəyə daxil olan tərəfə çevrilmiş olacaq. Ukraynaya hərbi texnika yardımı etsə də, NATO hələlik Rusiya ilə birbaşa hərbi toqquşmalardan yayınmağı bacarır. Halbuki, Rusiyanın NATO ölkələrinə hərbi zərbələrindən sonra bu, mümkün olmayacaq. Və bu, dəhşətli qlobal savaşın qaçılmaz ola biləcəyi ən qorxunc ssenari hesab edilir.

Məsələ ondadır ki, NATO və Rusiyanın birbaşa hərbi toqquşması Kreml üçün ən arzuolunmaz variantdır. Çünki yalnız Qərb siyasi dairələrində deyil, elə Kremldə də tam dəqiqliyi ilə anlayırlar ki, Rusiyanın NATO ilə savaşdan üstün çıxmaq şansları real deyil. Hətta Rusiyanın NATO ilə müharibəyə uzun müddət tam gətirmək potensialı da böyük şübhələr doğurur. Əslində, NATO Rusiyanı birdəfəlik sıradan çıxartmaq üçün belə bir şans qazanmaqdan məmnun qala bilərdi. Halbuki, burada Qərbi hələ də ciddi şəkildə qorxu altında saxlayan daha bir önəmli faktor mövcuddur. Və bu faktor Qərb siyasi dairələrini Rusiya ilə daha genişmiqyaslı savaş ehtimalına mümkün qədər ehtiyatlı yanaşmağa sövq edir.

Həmin təhlükəli faktor isə Rusiyanın dünyanın ən güclü nüvə dövləti olması ilə bağlıdır. Belə ki, Rusiyanın arsenalında olan nüvə başlıqlarının sayı digər ölkələrdə olduğundan daha çoxdur. Ona görə də, Rusiya hazırda NATO ölkələrini məhz nüvə faktoru ilə ciddi şəkildə təhdid etmək imkanlarına malikdir. Üstəlik, Qərb siyasi dairələri bu faktorun yalnız NATO deyil, ümumiyyətlə, bütün dünya üçün nə qədər qorxunc təhlükə törətdiyini tam dəqiqliyi ilə anlayırlar. Və bu səbəbdən də, Qərbdə hesab edirlər ki, Ukrayna savaşı heç bir halda, nüvə müharibəsinə yol aça biləcək mərhələyə keçirilməməlidir.

Bütün bunları nəzərə aldıqda, Ukrayna savaşının məhz Rusiya ərazisinə sıçraması bu baxımdan, böyük risk xarakteri daşıyır. Çünki Ukrayna savaşı daha geniş areala yayılarsa, bu, yeni qlobal hərbi münaqişəyə və ardınca da NATO-nun Rusiya ilə toqquşmalarına yol aça bilər. Bu halda, Rusiyanın hərbi məğlubiyyəti daha real olduğundan Kremlin nüvə silahı ilə müdafiə faktorunu ön plana çıxartmaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Bu isə o deməkdir ki, Ukrayna savaşı indiki inkişaf istiqamətləri ilə potensial nüvə müharibəsi vəd edir.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Göründüyü kimi, bütün dünya hazırda böyük sürətlə yaxınlaşmaqda olan dəhşətli qlobal kataklizmlər ehtimalı ilə qarşılaşmağa başlayıb. Hətta Qərb siyasi dairələrində qlobal nüvə savaşına hazırlıq prosesinin artıq başlandığı da müşahidə edilir. Belə ki, ABŞ indi bütün hərbi potensialını məhz nüvə müharibəsinə uyğunlaşdırmağa cəhd göstərir. Və Ağ Evin bu istiqamətdə konkret addımlar atmaqda olduğu da bildirilir.

Məsələ ondadır ki, prezident Co Baydenin ABŞ ordusunun Rusiya, Çin və Şimali Koreya ilə nüvə müharibəsinə hazırlanmasına yönəlik məxfi sənədi artıq imzaladığı barədə məlumatlar mövcuddur. Qərb mətbuatına sızdırılan məlumatlara görə, Ağ Ev sahibinin imzaladığı sənəddə Rusiya və NATO arasında hərbi münaqişə qaçılmaz perspektivlərdən biri kimi vurğulanıb. Üstəlik, bu halda, əvvəlcə Rusiya, ardınca isə Çin və Şimali Koreya ilə nüvə savaşının baş verə biləcəyi ehtimal olunur. Və bu səbəbdən də, ABŞ ordusunun böyük sürətlə yaxınlaşmaqda olan nüvə müharibəsinə hazırlanması qərarı verilib.

Bütün bunları nəzərə aldıqda, dünya nəhənglərinin bəşəriyyəti qlobal fəlakətə doğru sürükləməkdə israrlı olduqlarını da düşünmək olar. Çünki hələlik bəşəriyyəti bu dəhşətli təhlükədən yayındırmaq istiqamətində demək olar ki, heç bir real addım atılmır. Əksinə, bir-birinə düşmən olan beynəlxalq hərbi-siyasi qütblər yalnız qarşı düşərgənin geri çəkilməsini gözləyir. Halbuki, hər iki tərəf indiki situasiyada geri çəkilərək, qlobal hegemonluq imkanlarını düşmən düşərgənin ixtiyarına buraxırıq istəmir. Və nəticədə dünya nəhənglərinin qlobal hegemoniya hədəfləri bütün bəşəriyyətin gələcək taleyini böyük risk altına salmış olur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Politoloq: “Hakan Fidanın səfərində də biz eyni prosesi müşahidə edirik”

22.08.2024 15:05
1669