Qlobal ticarət daşımaları uğrunda böyük mübarizə

Yeni təşəbbüslər Azərbaycan üçün nə vəd edir?

Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yeni qlobal iqtisadi-ticari şərtlərin formalaşması prosesi gedir. Qərb Rusiyanı böyük ölçüdə təcrid etmək üçün bütün mümkün vasitələri işə salıb. Bu vasitələrdən biri də Rusiya ərazisindən  keçən ticarət yollarına alternativlərin yaradılması, inkişaf etdirilməsidir. Bu proses Asiyadan Avropaya və əksinə ticarət marşrutlarının yenidən cızılmasına gətirib çıxarmaqdadır.

Ukraynadakı işğalçı niyyətindən əl götürməyən Rusiyanı cəzalandırmaqda qətiyyətli olan Avropa Asiyadan yükdaşımaların Rusiya ərazisindən kənara çıxarılması planlarını sürətləndirir. Yüklərin hamısının dənizlə daşınması Süveyş kanalının ötürücülük imkanlarına görə mümkün olmadığı üçün quru yollara diqqət artır. Bu isə nəzərləri Asiyanın postsovet dövlətlərinə yönəldir. Avropa İttifaqı hazırda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanla ticarət marşrutları üzrə əməkdaşlığı sürətlə dərinləşdirməkdədir. Xüsusilə regionun aparıcı ölkələri olan Qazaxıstan və Özbəkistanla münasibətlər dərinləşdirilir, ticarət daşımalarının artacaq həcmlərinin ötürülməsi üçün infrastrukturun genişləndirilməsi istiqamətində onlara dəstək verilir.

Rusiya, aydın məsələdir ki, Avropanın planlarını görür və bölgədə öz maraqlarını təmin etmək üçün müxtəlif əks-planlar həyata keçirməyə çalışır. Bu sahədə Asiyanın postsosialist ölkələri arasındakı müəyyən fikir ayrılıqları Moskva üçün ciddi fürsətlər yaradır. Məsələn, on ilə yaxındır Qazaxıstanla Qırğızıstan sərhədindəki gömrük keçid məntəqələrinin işinin təkmilləşdirilməməsi Qırğızıstan üçün ciddi problemlərə səbəb olmaqdadır. Son illərdə Qırğızıstan yük avtomobillərinin Qazaxıstan gömrük məntəqələrində bir neçə kilometrlik növbələrinin yaranması adi hala çevrilib: ildə ən azı 4-5 dəfə belə problem meydana çıxır. Qazaxıstan bunu texniki problem kimi qiymətləndirsə də, artıq Qırğızıstanda Astananı Çindən yükdaşımalarda monopoliya yaratmaqda ittiham edirlər. Qırğız tərəfində çoxları əmindirlər ki, Qazaxıstan Qırğızıstan daşıyıcılarını Çindəki tərəfdaşların nəzərində etibarsız hala gətirmək üçün yük maşınlarını vaxtında buraxmır. İllər boyu ölkələr arasında ciddi gərginliklərə səbəb olan problemi, aydın məsələdir ki, Rusiya da görür. Getdikcə üzünü daha çox Qərbə çevirən, öz ərazisindən sanksiyalı malların Rusiyaya daşınmasını əngəlləyən Astananı oyundankənar vəziyyətə salmaq üçün Moskva Bişkekdəki narazıları öz tərəfinə cəlb edir. Artıq Qırğızıstan, Özbəkistan və Rusiya Qazaxıstan ərazisindən yan keçən nəqliyyat dəhlizinin yaradılması və inkişafı barədə razılığa gəliblər. Müvafiq memorandum Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı nəqliyyat forumunun yekunlarına görə üç ölkənin müvafiq nazirliklərinin rəhbərləri tərəfindən imzalanıb. Alternativ marşrut Özbəkistan və Türkmənistandan keçir. Daha sonra Xəzər dənizi boyunca yük maşınlarını Türkmənbaşı limanından bərə ilə həm Bakıya, həm də Rusiyanın Mahaçqala və Həştərxana limanlarına daşımaq olar. Bişkekdəkilər bu marşruta Qırğızıstandan Rusiyaya və Avropaya yüklərin çatdırılması üçün yeganə yola - Qazaxıstan üzərindən keçən marşruta alternativ kimi baxırlar. Yeni marşrutla yükdaşımalar Qazaxıstandan keçən yolla müqayisədə baha başa gələcək, lakin Bişkekdə Türkmənistan və Azərbaycanın onlara müəyyən güzəştlər tətbiq edəcəklərinə inam böyükdür.

Eyni zamanda Qırğızıstan tərəfi bahalı dəniz daşımalarından qaçmaq üçün yüklərin İran üzərindən Azərbaycana, buradan isə Rusiya və Avropaya daşınması variantını müzakirə edir. Çünki Xəzərin Şimal əraziləri çox dayazdır, ağır gəmi-bərələrlə yükdaşımaların təmin olunması üçün Rusiya və Qazaxıstan limanlarında yüksək maliyyə tutumlu və uzunmüddətli işlərə ehtiyac var. Buna görə də yüklərin Türkmənistan və İrandan Azərbaycan üzərindən daşınması ən əlverişli variant hesab olunur. Buna baxmayaraq, bu ilin yanvarında Mahaçqalada əldə olunan razılaşmaya əsasən Rusiya tərəfi artıq Xəzərlə daşımaları həyata keçirmək üçün “Bəstəkar Rahmaninov” və “Bəstəkar Elza İbrahimova” adlı avtobərələri ayırıb. Qırğızıstan tərəfi ilkin mərhələdə gündəlik 40 iri yük maşını ayırdığını, növbəti mərhələlərdə onların sayının 200-dək çatdırmağın mümkün olduğunu açıqlayıb. Türkmənistan isə Qırğızıstandan Rusiyaya gedəcək malların müvəqqəti saxlanması üçün anbarları təqdim edəcəyini bildirib. Aşqabad həmçinin xüsusi liman təsərrüfatının ərazisində yeni anbarların tikintisinə də başlayıb.

Asiyadan Avropaya yükdaşımalara iddialı olan Özbəkistan həm Qazaxıstandan keçən Transxəzər dəhlizi layihəsinin fəal iştirakçısı olmağa çalışır, həm də yeni bir marşrutun təşəbbüskarlarından birinə çevrilib. Noyabrın 2-də İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən toplantısı çərçivəsində Özbəkistan, Türkmənistan, İran və Türkiyə beynəlxalq multimodal dəhlizin yaradılması barədə razılığa gəliblər. Dörd ölkənin nəqliyyat qurumlarının rəhbərləri tərəfindən razılaşma protokolu imzalanıb. Özbəkistan Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, dəhlizin yaradılmasında əsas məqsəd Asiyadan Avropaya yükdaşımaların həyata keçirilməsidir. Tərəflər marşrutu daşıyıcılar üçün cəlbedici etmək məqsədilə vahid və rəqabətqabiliyyətli tariflərin tətbiqi, hüquqi-normativ bazaların uğunlaşdırılaması barədə razılığa gəliblər.

Rusiya-Ukrayna müharibəsi diqqəti Azərbaycana yönəltdi: ən qısa yola maraq  artır

Göründüyü kimi, beynəlxalq ticarət daşımaları uğrunda mübarizə getdikcə qızışır və hər ölkə bu prosesdən maksimum qazanclı çıxmağa çalışır. Təcrübə göstərir ki, belə mübarizələrdən həmişə bütün tərəflərlə işləyən, güzəştlərə getməyi bacaran ölkələr daha çox qazanırlar. Hazırda Azərbaycan məhz bu yolla gedir: təkliflərə, əməkdaşlıqları tam açıqlıq, bütün tərəfdaşlar üçün məqbul variantların tapılması üçün güzəştlərə gedilməsi, öz infrastrukturunu bütün istiqamətlərdən gələcək yüklərin qəbuluna hazır etmək. Bu amil Azərbaycanın fəal təşəbbüskarı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu mümkün marşrutlar arasında önə çıxarır. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə başladılan bu layihəyə sonradan Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Azərbaycan Bakı Ələt dəniz limanının ötürücülük gücünü 25 milyon tona çatdırmaq işlərinin mühüm hissəsini tamamlamaq üzrədir. Bu ilin sonuna qədər isə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan ərazisində genişləndirilməsi işləri başa çatdırılacaq. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda verdiyi məlumata görə, bu layihənin tam reallaşdırılması Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mühüm rolu oynadığını göstərir: “Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin maliyyə dəstəyi ilə inşa edilmiş BTQ dəmir yolu 2017-ci ildə istismara verilib. Digər mühüm layihə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın yanında yerləşən və müasir infrastruktura malik olan Ələt Azad İqtisadi Zonası yerli və xarici investor cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur”.

Bundan əlavə, Orta Dəhliz ölkələri arasında tranzit daşımalara aid məlumatların öncədən mübadiləsini təmin edən elektron gömrük qeydiyyatı portalının yaradılmasına başlanıb. Azərbaycan Dövlət Gömrük Komtəsinin sədr müavini Natiq Şirinovun verdiyi məlumata görə, bu ilin mart ayında 6 ölkə arasında protokol imzalanıb. Protokola əsasən Orta Dəhliz boyu malların hərəkət edəcəyi ölkələrin sistemə daxil edilməsi, tranzit məsələlərinin maksimum sadələşdirilməsi hədəflənib:

“Həmin protokol əsasında çərçivə sazişi hazırlanıb. Müvafiq prosedurlardan sonra aidiyyəti ölkələrə imzalanması üçün göndəriləcək”.

Bu günlərdə verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi - “ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətləri “Maersk” və “Cosco” ilə əməkdaşlığa başlayır. “ADY Konteyner” elan edib ki, bu layihələr çərçivəsində dəniz xətləri və dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə konteynerlərlə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur.

AbzasMedia - Azərbaycan şirkətlərinin daşıma çətinlikləri artır

“Maersk” və “ADY Konteyner” şirkətlərinin birgə səyi ilə ilk olaraq yüklərin konteynerlərlə İspaniyadan Qazaxıstanın Aktau limanına çatdırılması həyata keçiriləcək. Balıq yemi ilə yüklənmiş konteynerləri “Maersk” gəmi ilə Gürcüstanın Poti limanına gətirəcək. Burada konteynerlər platformalara yüklənərək “ADY Konteyner”in operatorluğu ilə dəmir yolu vasitəsilə Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlər gəmi ilə Bakı limanından Aktau limanına aparılacaq.

“Cosco” ilə əməkdaşlıq çərçivəsində isə Qazaxıstandan çıxan konteyner qatarı dəmiryolu ilə Yalama stansiyasından Azərbaycana daxil olacaq, buradan isə Poti limanına çatdırılacaq. Daha sonra metallurgiya sənayesi məhsulları ilə yüklənmiş konteynerlərin gəmilərlə İtaliyaya çatdırılması nəzərdə tutulur. Yükdaşımanın Azərbaycan və Gürcüstan ərazisi ilə operatoru “ADY Konteyner”dir.

Azərbaycan bu ilin sonunadək Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rusiya ilə Rəşt-Astara dəmiryol xəttinin tikintisi üzrə saziş imzalayacaq. Eyni zamanda Astaradan İran Astarasında avtomobil daşımalarının artımını təmin etmək üçün Araz çayı üzərindən yeni körpünün tikintisi tamamlanmaq üzrədir.

Bakının Asiyadan gələcək yükləri ötürmək üçün daha bir layihəsi Zəngilandan İran üzərindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya yükdaşımalar üçün nəzərdə tutulan dəmiryol və avtomobil yolunun tikintisini nəzərdə tutur. Artıq bu layihə üzrə hər iki yolun fiziki tikintisinə başlanıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

18.11.2023 10:35
857