Qlobal iqlim konfransı Bakıya 70-80 min qonaq gətirəcək

 

 

 

 

Prezident müşavirə keçirdi; ekspertlər maraqlı faktlar açıqladılar

Dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi şəkildə elan olunub. Qərara əsasən COP29 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək.

Dekabrın 15-də Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı müşavirə keçirib. Bildirib ki, COP dünyada ən mötəbər tədbirlərdən biri, BMT Baş Assambleyasından geri qalmayan tədbirdir. Prezidentin sözlərinə görə, 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq: “Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

Prezident COP29-la bağlı müşavirə keçirib - Ayna.az

Qeyd edək ki, COP 1995-ci ildən bəri hər il keçirilir. Bu tədbirin əsas məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə atmosferə istixana qazları emissiyalarının məhdudlaşdırılmasına dair hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunur. 2011-2015-ci illərdə keçirilən sessiyalarda 2015-ci ildə iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm beynəlxalq sənəd hesab edilən Paris sazişi müzakirə edilərək qəbul edilib. Bu günə qədər 195 ölkə bu sazişə qoşulub.

COP28-in yekun sənədi ilə bağlı çox ciddi müzakirələr aparılıb. Belə ki, BMT və çoxsaylı dövlətlərin təklifi ilə sənədə dünya ölkələrini mədən yanacaqlarından istifadədən imtina etməyə çağırış daxil edilib. Bu, neft istehsal edən ölkələr təşkilatı olan OPEK tərəfindən narazılıqla qarşılanıb. Təşkilat yekun sənədin mətninə etiraz edib. Bu etiraz OPEK-in baş katibi Heysəm əl-Qeysin bəyanatında əksini tapıb. Bəyanatda qeyd olunub ki, konrans iştirakçıları istixana qazlarının emissiyalarının azaldılması üçün “real yanaşmalar” tapmalıdırlar: “Bizim emissiyaların həlli üçün iqtisadi artıma təkan verəcək, yoxsulluğun aradan qaldırılmasına və eyni zamanda davamlı inkişafa nail olacaq real yanaşmalara ehtiyacımız var”.

Baş katibin sözlərinə görə, emissiyaların azaldılmasına bu cür yanaşmalar “bütün növ enerji və bütün texnologiyalardan istifadəyə əsaslanmalı, həmçinin ədalətlilik və fərqli məsuliyyət prinsiplərinə uyğun olmalıdır”.

Əl-Qeys alyans üzvlərini yekun sənədə daxil edilməsi təklif olunan qalıq yanacaqlardan mərhələli şəkildə imtina olunması ilə bağlı bütün təklifləri rədd etməyə çağırıb. Baş katib OPEK-ə üzv olan on üç ölkənin, eləcə də OPEC+ sazişinə qoşulmuş on ölkənin nümayəndə heyətlərinə müvafiq məktub göndərmişdi.

OPEK-in etirazına rəğmən COP28 ilk dəfə olaraq ölkələri iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa sövq edəcək sazişi təsdiq edib. Qlobal “Stocktake” Sazişi kimi tanınan sənəd ilk dəfə olaraq builki danışıqlarda bir çox ölkənin əsas tələbi olan qalıq yanacaqların istifadəsinə birbaşa toxunur. Sənəd ölkələri “kritik onillikdə” qalıq yanacaqdan uzaqlaşmağa çağırır. İki həftəlik gərgin danışıqlardan sonra Dubayda əldə edilən razılaşma investorlara və siyasətçilərə dünyanın iqlim fəlakətinin qarşısını almaq üçün qalıq yanacaqlarından uzaqlaşmağa dair güclü siqnal göndərmək məqsədi daşıyır.

COP29-da bu ilki sənədə salınan müddəaların daha da dəqiqləşdiriləcəyi, qalıq yanacaqlardan imtina ilə bağlı konkret müddətlərin müəyyən ediləcəyi gözlənilir. Enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, ilk dəfədir ki, Xəzər regionunda belə masştablı tədbir olacaq: “Bütün xəzəryanı ölkələrin ”çörəyi" də ənənəvi enerji istehsalından çıxır. Ona görə də indidən maraqlı gəlir: görəsən Bakı Forumu iqlim dəyişmələri ilə bağlı nəylə yadda qalacaq? Qeyd edim ki, BMT çətiri altında keçirilən tədbir adətən 2 həftəyə yaxın davam edir və bu tədbirə on minlərlə nümayəndə qatılır.. Buna görə də xeyli təcili görüləsi işlər olacaq - amma hər belə beynəlxalq tədbirdən sonra dünyanın inkişaf etmiş ölkələrində olanların bizdə də kütləvi tətbiqinə başlanılır.
2012-ci ildə “Eurovision”dan sonra Bakıda kredit kartlardan istifadə kütləviləşdi, bundan əlavə, Balaxanıda məişət tullantılarının emalı zavodu istifadəyə verildi (ekoloji durumun yaxşılaşdırılması yönümündə hökumətin reallaşdırdığı ciddi bir layihə), 2015-də Avropa Oyunlarından sonra kartla ödənişli CNG avtobusların tətbiqi başladı... İndi çox güman ki, Azərbaycaın əksər yerlərində elektrik avtomobillərini şarj etmək üçün qurğular istifadəyə veriləcək və alternativ enerji məişətə də ayaq açacaq"...

Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə  önəmli ixracatçıya çevriləcək”

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, hər il keçirilən bu Konfrans 1995-ci ildən etibarən keçirilir. COP iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur: “Qəbul olunmuş razılığa əsasən, qlobal istiləşməni sürətləndirən karbon dioksidin (CO2) havaya buraxılması həcminin 2025-ci ildə 2005-ci ildəki həcmə nisbətdə 28 faiz və 2030-cu ildə isə 45 faiz azaldılması qərara alııb. 2050-ci ildə isə havaya buraxılan karbon dioksidin 0 olacağı nəzərdə tutulur. Ən yaxın hədəf sayılan 2025-ci il üçün kifayət qədər iddialı olan bu hədəfə çatmaq çox çətin görünür.

Karbon dioksid emissiyasının azaldılmasını təşviq etmək məqsədilə, Paris İqlim Dəyişikliyi Sazişinin 6-cı maddəsinin ikinci yarımbəndində deyilir ki, “tərəflərə öz milli iqlim öhdəliklərində əks etdirmək üçün digər ölkələrdə (və ya digər tərəflər) qənaət edilmiş və ya qarşısı alınmış karbon tullantılarından istifadə etməyə icazə verilir”. Başqa sözlə, yəni bir ölkə, bir böyük müəssisə öz kvotasının istifadə edilməmiş hissəsini digər ölkə və ya müəssisəyə sata bilər. Bunun üçün Avropada Emissions Trading System (ETS) qurulmuşdur və həmin sistemdə illik pul dövriyyəsi 51.4 milyard avrodan çox qiymətləndirilir. 2022-ci ildə 25 milli və 20 submilli bazarda kvota ticarəti baş vermişdir.

Avropa Komissiyasının araşdırmalarına görə, XX əsrin əvvəllərində hər il havaya 2 milyard ton karbon dioksid qazı (CO2) atılırdısa, 2022-ci ildə bu göstərici 37.15 milyard ton olmuşdur. 2023-cü ilin sonuna bu rəqəmin 37.55 milyard ton olacağı gözlənilir.
Enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36.7 faizi təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. 2021-ci ilin nəticələrinə görə, növbəti 4 top ölkə: ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiyadır (1 milyard 602 milyon ton). Ümumiyyətlə, 10 ölkə bütün karbon dioksid emissiyasnda 67 faizlik “paya” sahibdir.

Qeyd olunanlar nəzərə alındıqda, məhz inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı layihələri maliyyələşdirmələri nəinki təbiidir (bəzən kiçik ölkələrə qarşı daha sərt tələblər irəli sürülür və ya layihələri maliyyələşdirmək bir lütf kimi təqdim olunur), hətta bu istiqamətdə daha çox işlər görməyə və məsələyə daha çox maliyyə ayırmağa borcludurlar".

Ekspert bildirir ki, Azərbaycanın karbon dioksid emissiyasında 1990-cı illə müqayisədə kifayət qədər azalma var: “Bu, Sovet dövründə mövcud olmuş bir sıra sənaye müəssisəsələrinin və 1990-cı ildən sonra ölkədə olan istilikxanaların bağlanması ilə əlaqədardır.

Azərbaycanda karbon dioksid (CO2) emissiyası 1990-cı ildə 58 milyon ton, 1999-cu ildə 26 milyon ton, 2005-ci ildə 30 milyon ton, 2010-cu ildə 25 milyon ton, 2018-ci ildə 35 milyon ton olub.

Nəzərə alsaq ki, bütün dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60 faizdən çox artıb, Azərbaycanın bu göstərici üzrə kifayət qədər böyük azalma nümayiş etdirməsi, əlbəttə, təqdirəlayiqdir. Lakin bu göstərici müsbət olsa da, arxayınlaşmaq olmaz. Çünki dünyada baş verən çirklənmə ölkəmizə də təsir göstərir və biz yenə də iqlim dəyişikliyinə məruz qalmaqdayıq və qalacağıq. Bu səbəbdən ağac əkilməsi, meşə örtüyünün payının artırılması çox vacibdir".

E.Sadıqovun fikrincə, qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər: “Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkər(lər)inin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və sair. Çünki A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilinizin nə qədər yanacaq yandırıb havaya karbon dioksid buraxması qeyd etdiyim və etmədiyim bir çox amillərdən asılıdır. Bu məsələlər bizə xırda görünsə də, milyonlarla avtomobillərdə ən cüzi dəyişikliyin ekologiyaya təsirini təsəvvür edə bilərik. Böyük yolun qət edilməsi kiçik addımlardan başlayır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

16.12.2023 11:27
1053