İyun ayında qlobal ərzaq qiymətləri indeksi yenə azalıb.
Musavat.com BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesabatına istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi ötən ay 122.3 bənd təşkil edib ki, bu da may ayı ilə müqayisədə 1,4 faiz, 2022-ci ilin martındakı rekord göstəricidən isə 23,4 faiz aşağıdır.
İyun ayında qlobal taxıl qiymət indeksi mayla müqayisədə 2,1 faiz, illik ifadədə isə 23,9 faiz azalıb. Azalma bütün taxıl məhsullarında, ən çox isə yemlik taxılda 3,4 faiz olmaqla qeydə alınıb.
Bitki yağları indeksi mayla müqayisədə 2,4 faiz düşərək 2020-ci ilin noyabrından bəri ən aşağı həddə qərarlaşıb: “Bu indeksin azalmasının davam etməsi əsasən dünyada palma və günəbaxan yağlarının kəskin ucuzlaşması ilə bağlıdır. Bu ucuzlaşma soya və raps yağlarındakı cüzi bahalaşmanı tam kompensasiya edib”.
FAO-nun süd məhsulları indeksi iyunda aylıq ifadədə 0,8 faiz, illik ifadədə isə 22,2 faiz azalıb. Buna səbəb Qərbi Avropanın bazar böyük həcmdə pendir çıxarmaqla bu məhsulun ucuzlaşmasını şərtləndirməsidir.
Ət qiymətləri indeksi isə iyunda dəyişməz qalıb, illik ifadədə azalma 6,4 faiz təşkil edib. Belə ki, ay ərzində quş və donuz ətinin bahalaşmasını mal və qoyun ətinin ucuzlaşması kompensasiya edib. Quş ətini bahalaşdıran əsas amil Şərqi Asiyada tələbatın kəskin artımıdır. Donuz əti isə taun xəstəliyinə görə ixracın azalması üzündən bahalaşıb.
Dünya şəkər qiyməti indeksi iyunda mayla müqayisədə 3,2 faiz azalıb. Bu, dördaylıq artımdan sonra ilk azalmadır. Azalmaya rəğmən,qlobal şəkər qiyməti indeksi illik ifadədə 29,7 faiz bahadır.
Musavat.com