"9 ildir ki, "Xəbərsiz" layihəsi yayımlanır, hər dəfə bir problemi işıqlandırıram, məmur özbaşınalığından danışıram, niyə bu haqda danışmırlar?
Sosial verilişlərin aparıcılarına qarşı kampaniya başladılıb. Hətta biz aparıcılar bu haqda bir-birimizə də məlumat ötürürük. Elə bilməsinlər ki, biz düşmənik. Zaur Baxşəliyevə də bu barədə xəbər verilib, Xoşqədəm Hidayətqızının prodüserlərinə də şəxsən mən özüm xəbərdarlıq etmişəm. Bu, bizə qarşı 1 həftədir davam edən bir kampaniya var".
Musavat.com bildirir ki, bu sözləri Yenisabah.az-a tanınmış aparıcı Amil Xəlil deyib.
O, yerli telekanallarda yayımlanan verilişləri tənqid edənlərə qarşı sərt fikirlər səsləndirib.
A.Xəlil bəzi verilişlərə ekspert qismində dəvət olunan məşhurların buna haqqının çatmadığını iddia edib:
"Adamlar çıxıb səhər-axşam mənəviyyatdan danışır, verilişlər bağlansın deyir, amma öz qızından xəbəri yoxdur, qızının görüşmədiyi oğlan qalmayıb. İnsanlar əvvəlcə öz ailələrinə baxsınlar.
Düzdür, elə verilişlər var ki, efirə getməməli olan şeylər gedir, elə ekspertlər çıxıb camaata nəsihət verir ki, özünün yemədiyi bal qalmayıb, gecə klublarında çıxmadığı hoqqa qalmayıb, "Telegram"da videoları kanalları bəzəyir...
Aparıcı da onu çıxarıb efirə ki, gəl ekspert kimi sən danış, məsləhət ver. Bu mövzuda camaatla razıyam, amma qurunun oduna yaş da yanmamalıdır axı. Kimin danışmağa mövzusu yoxdur, bekar qalıb, sosial şəbəkələrdə televiziya mövzusundan danışır. Bu cəmiyyətdə avtobusdan, taksidən yazmaqdansa, yeniyetmələrin vəziyyətindən danışmaqdansa, telekanalları müzakirə edirlər.
14-15 yaşlı qızlar maşınlarda paltarlarını dəyişirlər, "telegram" kanallarında bu tip videolar doludur. Çıxıb bundan danışın, həyəcan siqnalı çalın ki, ay valideynlər sizin qızınız bu yaşda belə hoqqalardan çıxır".