Qızılın qiymətində rekord həddə bahalaşma

Ekspertlər hesab edir ki, yaxın aylarda qızılın qiyməti aşağı düşməyəcək, çünki...

Dünya birjalarında qızılın bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib. Martın əvvəlindən bəri dünya birjalarında qızılın qiyməti artmağa başlayıb. Qızılın bahalaşaraq dünya birjalarında tarixi maksimuma yüksəlməsinin arxasında dayanan əsas faktor indiyə qədər antiinflyasiya tədbiri olaraq əsas mərkəzi bankların indiyə qədər yüksəltdiyi faizləri növbəti aylardan yavaş-yavaş endirəcəyi ilə bağlı ehtimallardır. Belə olan halda qızıl investorlar üçün cari durumda ehtiyat limanı kimi daha cəlbedici görünür və dollarla ölçülən qızılın məzənnəsi yüksəlmiş olur.

Azərbaycanda isə dollar/manat 2017-ci ildən 1.7 məzənnəsində sabit qaldığı üçün ABŞ dollarının istənilən dinamikası ilə korrelyasiya etmiş olur.

Qeyd edək ki, qlobal bazarlarda iki gün öncə 1 unsiya qızıl daha da bahalaşaraq 2150 dollara çatıb və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı. FED-in faiz dərəcəsinin azaldacağı gözləntiləri, pərakəndə investorlar və qlobal mərkəzi banklar tərəfindən aktiv qızıl alışları, eləcə də yüksək geosiyasi gərginlik qızılın qiymətinin artmasına təkan verir. Qızılın bir unsiyasının spot qiyməti 2 155.71 ABŞ dollarıdır. 

Qızılın qiymətinin yaxın aylarda enməsi gözlənilirmi? Buna təsir edəcək amillər hansılardır? 

Xalid Kərimli: “Maaşların artması hökumətin səlahiyyətində olan məsələdir  və vətəndaş təzyiq edə bilməz”

Xalid Kərimli 

İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qızılın qiymətinin yüksək səviyyədə qalxmasının bir neçə səbəbi var: “Dünyada gedən gərginlik fonunda qızıl həmişə ehtiyat aktivi hesab olunur. Bu cür gərginlik olanda dövlətlər bir-birinin valyutasına etibar etmir. İnvestorlar qızıla daha çox etibar edirlər, ehtiyatlarının bir hissəsini qızıla keçirirlər. Yəni birincisi, geopolitik gərginliklə bağlıdır. İkincisi, dünya mərkəzi bankları (Rusiya, Türkiyə, Çin və s.) son illər dayanmadan qızıl alır. Bunun da səbəbləri var. Bu ölkələr dollar, avro almağa ehtiyat edirlər. Ehtiyatlarında daha çox qızıl saxlamağa üstünlük verirlər. Bunun özü də bazarda tələbi həmişə yüksək səviyyədə saxlayır. Üçüncüsü isə son dövrlər inflyasiyanın zəifləməsidir. Bu amil qızıl qiymətlərinə təsir edir. Burada əsas nüans nədir? İnflyasiya zəifləyəndə Amerika Mərkəzi Bankı faiz dərəcələrini aşağı dartacaq. FED sədri çıxışında dedi ki, mart ayından etibarən inflyasiyanın aşağı düşməsi səbəbilə faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. FED faiz dərəcələrini aşağı saldıqca istiqrazların gəlirliyi aşağı düşür. İstiqrazların gəliri aşağı düşdükcə qızıla maraq artır. Daha doğrusu, qızıla və səhmdara maraq artır. Çünki istiqrazlar böyük pul cəlb edən sektordur. İstiqrazların gəlirliyi aşağı düşəndə qızıl almağa daha çox meyllənirlər”. 

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini  açıqlayır - 18.09.2021, Sputnik Azərbaycan

Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, iqtisadi proseslər səbəbindən qızılın yaxın vaxtlarda enməsi müşahidə edilməyəcək: “Çünki hazırda dünyada qeyri-sabit iqtisadi şərait yaşanır. Qızıla tələbat çoxalır. Rusiya qızıl ixracatçılarından biri idi. Digər tərəfdən, dünyada texnoloji inkişaf da qızıla tələbatı artırır. İqtisadiyyatda qeyri-sabit vəziyyətdə insanlar da vəsaitlərinin qorunması üçün daha çox qızıla investisiya yatırırlar. Dünya iqtisadi analitikləri də vurğulayır ki, qızıla tələbatın aşağı düşməsi gözlənilmir. Bu da qiymətin daha yüksək dərəcədə saxlanılmasına təsir göstərəcək. Azərbaycan da dünyada gedən proseslərdən kənarda qalmayacaq. Baxmayaraq ki, biz qızıl istehsal edirik. Bununla belə, zərgərlik məmulatlarını özümüz istehsal etmirik, daha çox idxal edirik. Burada da qiymətlər dünya bazarından asılı olacaq. Bu da ölkədə qızılın qiymətinə müəyyən təsirini göstərəcək. Düzdür, mövsümi aylarda - Ramazan və Məhərrəm aylarında bəzən toy mərasimləri məhdudlaşdırılır. Bu, azacıq da olsa qızıl bazarında durğunluq yaradır, amma bunun qiymətlərə təsiri olmur”. 

Qeyd edək ki, son bir ildə qızıl 14%-dən çox bahalaşıb. Fevralın ortalarından isə yenidən bahalaşmağa başlayıb. Fed-in faizlərini azaltmaq üçün nə vaxt hərəkət edəcəyinin vaxtı hələ də qeyri-müəyyən olsa da, son həftələr onun yaxınlaşdığına dair işarələr qızılın bahalaşmasına səbəb olur. Swap bazarları göstərir ki, iyun ayında faiz endirimi ehtimalı təxminən 68 faizdir. Həmçinin qızıl Yaxın Şərqdə artan gərginlik, Qırmızı dənizdə gəmilərə hücumlar, Çin iqtisadiyyatındakı problemlər və ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkisindən də dəstək ala bilər. ABŞ Ali Məhkəməsi Donald Trampın bu il prezidentliyə namizədliyini irəli sürə biləcəyini bildirərək ona qadağa qoyulması addımlarını dayandırıb. Siyasi və maliyyə qeyri-müəyyənlik dövründə tez-tez etibarlı “sığınacaq” kimi istifadə edilən qızıl, İsrail-HƏMAS müharibəsi başlayandan bəri 300 dollardan çox bahalaşıb. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 


08.03.2024 08:37
739