Qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova deyib.
O qeyd edib ki, qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər.
"Bu xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir. Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır",- deyə o əlavə edib.