İlin son günlərini yaşayırıq. Bayram gecəsi hər kəs demək-gülmək, oynamaq, əylənmək istəyir. Bunun üçün də ən yaxşı seçim sevdiyi müğənnilərin səhnə aldığı restoranlara üz tutmaqdır. Afət Fərmanqızını sevənlər isə gərək bunun üçün Rusiyaya üz tutsun. Çünki o, həmin gecəni Vətəndə olmayacaq. İlin çox hissəsini Rusiyada olan, Vətəndən uzaqda həmvətənləri üçün ifa edən Afət Fərmanqızı yeni il gecəsinin iş qrafikindən danışıb. O deyir ki, həmin gecə onun üçün ikiqat bayramdır. Çünki həm də doğum günüdür.
"Yeni il gecəsi- dekabrın 31-i həm də mənim ad günümdür. Rəhmətlik anam deyirdi ki, "həmişə fikirləşirdim ki, dekabrın 31-i hər kəs evində bayram edir. Görəsən, o gecə doğum evində kimsə olur?". Bir il sonra həmin gecə anam doğum evində məni dünyaya gətirib."
İfaçı moderator.az-a açıqlamasında vurğuladı ki, Rusiya böyük olduğundan ölkəmizdəki kimi bir gecədə 5-6 restoranda səhnə almaq imkanı yoxdur.
"Azərbaycanda olanda həmin gecə 5-6 restoranda çıxış etməyi çatdırırdıq. Yarım və bir saatlıq çıxışlar üçün qiymət təyin edirdik. Sərf edirdi bizə. Amma Rusiyada ərazi böyükdür. Moskvada həmin gecə iki restoranda səhnə almaq olmur. Yollarda elə tıxac olur ki, bir səhnədən o biri səhnəyə çatmaq mümkün deyil. Mənə yeni il gecəsi ilə bağlı iki-üç şəhərdən təkliflər gəldi, mən Sankt-Peterburqu seçdim. Orda yeni il gecəsi solo konsertim olacaq. 600-700 nəfərlik böyük bir zalda həm solo konsert verəcəm, həm də Şaxta baba, Qar qızın iştirakı ilə qonaqlarla birlikdə yeni ili qarşılayacağıq. Biletlər bir aydır, satışdadır, satılır. Konserti verəndən sonra da həyat yoldaşımla Ermitaj muzeyinə getməyi, bəzi tarixi yerləri gəzməyi düşünürük. Yanvarın 5-nə qədər tətil etmək fikrindəyik. Sonra yenə toylarım başlayacaq".
Müğənnilərin yeni il gecəsi üçün səhnə qiymətlərindən söz açan müğənni qeyd etdi ki, pandemiyadan sonra dünyanın ümumi iqtisadi mənzərəsində çöküş hiss olunur. Bir müğənniyə yeni il gecəsi üçün 40-50 min manat verilməsi isə inandırıcı görünmür.
"Kiməsə yeni il gecəsi üçün 40-50 min verirlərsə, nə gözəl. Amma mən inanmıram. Hamısı şişirdilmiş qiymətlərdi. Dünən hava limanında Şəbnəm Tovuzlu ilə rastlaşdıq. Elə söhbətarası o da dedi ki, əvvəlki qiymətə toylar yoxdur. İnsanlarda vəziyyət elə də yaxşı deyil. Bu, tək bizdə belə deyil. Sanki dünyada indi vəziyyət belədir. Pandemiyadan sonra bütün dünyada iqtisadi böhran yaşandı. Amma buna da şükür. Halımdan məmnunam. Məndə elə şişirdilmə qiymətlər yoxdur. Köməkçimlə mənim hotel xərclərimiz, bilet pulumuz daxil 5 min dollar. Məndə elə pandemiyadan öncə də Vətənimdəki toy qiymətim eyni idi. Rusiyadakı toylar üçün qiyməti qaldırmışam. Sadəcə, indi güzəşt istəyən toy sahiblərinə daha çox rast gəlirəm."
Rusiyanın toy bazarında çox tanınan və sevilən Afət Fərmanqızı Vətəndən uzaq yaşamağın səbəbini belə izah etdi.
"Burda işimdən zövq alıram. Yol getmək də mənə səyahət etmək kimi gəlir. İnsanlarda sevgi görürəm, xoş olur mənə, özümü əlçatmaz müğənni kimi hiss edirəm.