İnternet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən internet xidmətlərinin qiymətləri, xüsusən də onun əlçatanlığı və sürəti qlobal miqyasda diqqət mərkəzindədir. Bu reallıq fonunda ölkələr arasında internetin qiymət fərqi həm texnoloji infrastrukturun inkişaf səviyyəsindən, həm də hökumətlərin və özəl provayderlərin bu sahədəki siyasətindən asılıdır.
Azərbaycana gəldikdə, ölkəmiz 39.48 Mbit/s internet sürəti ilə dünya üzrə 118-ci yerdə qərarlaşıb. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan internet qiymətlərinin yüksək olduğu ölkələr arasında yer alır. İnternet qiymətlərinin artması, lakin sürət və keyfiyyətdə ciddi bir dəyişiklik olmaması son dövrlər cəmiyyətdə, sosial mediada daha çox müzakirə mövzusuna çevrilib.
Artan xərclərə baxmayaraq, xidmət səviyyəsinin gözlənilən qədər yaxşılaşmaması istifadəçilərin narazılığına səbəb olub. İnternet istifadəçiləri iddia edirlər ki, provayderlər minimal qiyməti 18 manatdan 25 manata qaldıraraq daha yüksək sürət təklif etsələr də, bu sürət artımı nəinki regionlardakı rayon və şəhərlərdə, hətta paytaxt Bakıda hiss olunmur.
Maraqlıdır, Azərbaycanda internetə daha çox pul ödənilsə də keyfiyyətin dəyişməməsi nə ilə əlaqədardır? Azərbaycanın mərkəzi ilə yanaşı, bölgələrində, hətta ən ucqar dağ kəndində internetin əlçatanlığının təmin olunması, keyfiyyətinin daha da artırılması üçün hansı tədbirlər görülür?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov bildirib ki, hazırda ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi prosesi gedir. Daha dəqiq desək, son mərhələdə müvafiq işlər həyata keçirilir.
İKT mütəxəssisinin sözlərinə görə, ucqar rayon və kəndlərdə də sürətli internet infrastrukturunun qurulma prosesi tamamlanmaq üzrədir: “Mən keçmiş illərə nəzər salanda artıq şikayətlərin daha da azaldığını görürəm. Mis kabeldən fiber-optikə keçid dövründə şikayətlər böyük miqyaslı formada azalıb. Keçən ay internetin alt limit paketləri, yəni 18 manatlıq 40 Mbit/s paketlər ləğv olunub, yerinə 100 Mbit/s-lik 25 manatlıq paketlər əlavə olunub. Bundan sonra internetin qiyməti və keyfiyyəti ilə bağlı müəyyən şikayətlər ictimaiyyətdə öz əksini tapdı. Biz gördük ki, bu məsələlərdə bəzi şikayətlər həqiqətən də aktualdır, bəzi şikayətlər isə texniki müstəvidə anlaşılan deyil. Buna bir neçə nümunə gətirmək istəyirəm. Ümumiyyətlə, texniki müstəvidə şikayətləri olan insanların problemlərinin həlli var, yəni texniki müstəvidə olan bir problemin texniki müstəvidə də həlli var. İlkin olaraq vətəndaşlara tövsiyə etmək istəyirəm ki, modemə qədər olan xətti bir notbuka taxaraq orada “speedtest”lə internet provayderinə ödədikləri pulun qarşılığındakı meqabiti alıb-almadıqlarını test etsinlər. Əgər həqiqətən də ödədikləri pul müqabilində vəd olunan internet gəlirsə, bu o deməkdir ki, problem evdəki infrastrukturdadır. Yəni modemin yenidən tənzimlənməsinə ehtiyac ola bilər. Modemin özündə nasazlıq da ola bilər. Evdə digər texniki müşahidə aparılmalıdır ki, problemin səbəbi bilinsin. Ola bilsin ki, “WiFi” dalğaları – MHz, məsələn 2.4-dür, o geniş əhatə deyil. Onu 5 MHz çıxartmaq olar və bununla da “WiFi” üzərindən qoşulan internet sürətinin daha əhatəli və keyfiyyətli olmasına töhfə vermək olar”.
AİKTSA sədri deyib ki, əgər internet problemi modemə qədər söz verilən həcmdə tam gəlmirsə, yəni “speedtest” etdikdə istədiyimiz nəticə yoxdursa, bu, provayderin öhdəliyidir və həmin provayder texniki müstəvidə problemi aradan qaldırmalıdır: “Əgər modemə qədər həmin öhdəlik yerinə yetirilibsə, bu halda daxili infrastruktura baxmaq lazımdır ki, problem nədir. Digər istiqamətlərdə də təbii ki, həm vətəndaşın infrastrukturunda, həm də provayderin infrastrukturunda paylayıcı avadanlıqların, kabellərin də problemi ola bilər. Müşahidələrimiz göstərir ki, problemlər daha çox köhnə modemlərdə, yenidən tənzimlənməmiş modemlərdə və bu tip texniki məsələlərdə daha çox özünü göstərir. Hal-hazırda fiber-optikləşmiş bir ölkədə ucqar rayonla Bakıdakı problemlər bir-birindən fərqlənmir. Yəni, hər yerdə eyni problemdir. Mis kabel dövründə rayonlarda problem daha ağır idi, amma fiber-optikə keçdikdən sonra ucqar rayonla Bakı arasındakı problemlər demək olar ki, eyniləşib, azalıbdır”.
E.Abbasov söyləyib ki, provayderlər Azərbaycanda internet infrastrukturunu qurarkən daxili büdcələrindən yararlanıblar: “Azərbaycanda özəl və dövlət provayderləri daxili büdcələri hesabına ölkədə internet infrastruktunu yaradıblar. Onlar öz maliyyə proqnozları əsasında kollektiv şəkildə qiymət siyasətlərini dəyişiblər. Bu da xidmətin yaxşılaşdırılmasına köklənmiş bir addımdır. Biz inkişaf etmiş bütün ölkələrdə aşağı limit internetin 100 m/bit olduğunu müşahidə edirik”.