Qışa doğru bu avadanlıqlar xeyli ucuzlaşacaq

Mövsümi dəyişikliklərdən asılı olaraq, bir çox hallarda bəzi satış məhsullarında və avadanlıqlarda ucuzlaşma müşahidə olunur. Məsələn, kombi və digər qızdırıcı cihazların satış qiyməti yaz və yay aylarında xeyli ucuzlaşır.

Əksinə, kondisioner və ventilyator kimi satış avadanlıqları isə qış aylarında xeyli aşağı qiymətə təklif olunur. Bu tendensiya ölkə bazarlarında illərdir ki, davam etməkdədir. Bəs görəsən, bu il də eyni vəziyyət müşahidə olunacaq.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu əsasən sezonda olan tələb-təklif fərqləri ilə əlaqədardır:

“Bu bir çox faktorlardan asılıdır. Təbii ki, bazarda konyuktura var və tələb artdığı zaman qiymətin də artma ehtimal formalaşır. Tələbatın yüksəlməsi qiymət artımının əsaslarından biridir.

Burada xərc və digər faktorlar artmadığı halda belə, tələbat artdığı üçün sahibkar qiymətləri bahalaşdıra bilər. Çünki sahibkarın əsas məqsədi, mənfəətin maksimallaşdırılması və qazancın çoxalmasıdır. Əlbəttə, mövsümi tələbatın azaldığı bir sıra satış məhsullarında ucuzlaşma ola bilər. Müəyyən sahibkarlar bu istiqamətdə çox vaxt endirim kampaniyaları keçirirlər. Amma xüsusən, sezon vaxtı bu cür kampaniyalar azalır”.

Ekspertin fikrincə, ucuzlaşacaq məhsullarla bağlı konkret proqnoz vermək çətindir:

“Lakin hansısa məhsulun hökmən ucuzlaşması ilə bağlı mülahizə irəli sürmək mümkün deyil. Çünki mümkündür ki, məsələn, yayda 30 manata satılan hansısa məhsulun tədarük qiyməti qalxa bilər və qışda ondan da daha baha satılar. Yəni konkret məhsullar üzrə bu cür dəqiq mülahizələr irəli sürmək çətindir. Burada əsas olaraq, məhsulların alış qiymətlərinə və anbar ehtiyatlarına baxılmalıdır. Amma ümumi şəkildə bazarda tələbat artdığı zaman qiymətlər artır, əksinə, təklif artıdığında isə ucuzlaşma olur”.

17.10.2024 16:15
389