Azərbaycanın hədəflərindən biri də turizm ölkəsinə çevrilməkdir. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul olunub. Turistlərin meyl etdiyi turizm növlərindən biri də qış turizmidir.
Bu arada Azərbaycanın qış turizmi ilə bağlı hədəfləri açıqlanıb.
Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hədəf ölkəyə daha çox əcnəbi qonağın cəlb edilməsinə nail olmaq, hədəf bazarlarda müvafiq təbliğat işlərini artırmaq, hədəf ölkələrin coğrafiyasını genişləndirmək, eləcə də sənayenin fəaliyyətinə dəstək göstərmək, yeni turizm məhsullarının yaradılmasına nail olmaqdır.
Məlumatda bildirilib ki, hazırda ölkə üzrə 3 əsas qış turizm mərkəzi - “Şahdağ” Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq İstirahət Mərkəzi turistlərə xidmət göstərir:
“Qış turizm destinasiyalarına daha çox MDB ölkələri və Yaxın Şərq regionundan olan turistlər üz tuturlar. Həmçinin Avropa bazarından olan turistlərin də daha çox səfərlərinin təmin edilməsi istiqamətində işlər aparılır. Müasir infrastruktura malik qış turizm mərkəzlərinin mövcudluğu ölkəmizdə qış idman növləri üzrə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək”.
İşğaldan azad edilmiş ərazilərdə qış turizmi ilə bağlı işlərə gəlincə isə qeyd edilib ki, Kəlbəcər və Laçın rayonları qış turizminin inkişaf etdirilməsi üzrə geniş potensiala malikdir.
Bəllidir ki, turizm üçün mühüm şərtlərdən biri də dünya miqyasında PR, təbliğat aparmaqdır. Qarabağın füsunkar təbiəti, turizm imkanları ilə bağlı hansı formada təbliğat qura bilərik? Bu işi səfirlik, diaspor təşkilatları həyata keçirə bilərmi? “Euronews” digər məşhur tv-lərdə reklam yerləşdirmək mümkündürmü?
Vüqar Bayramov
Mövzu ilə bağlı millət vəkili, iqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı kifayət qədər böyükdür: “Və bu potensialdan istifadə imkanları araşdırılır. Əslində gözlənilir ki, növbəti mərhələdə həm yay, qış, həm də sağlamlıq, tarixi-mədəni turizmdə Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanda, bütövlükdə regionda xüsusi paya malik olsun.
Təbii ki, təbliğat və tanıtma çox önəmlidir. Bu baxımdan, beynəlxalq televiziya kanallarında, Azərbaycan, eləcə də Qarabağ və Şərqi Zəngəzurun imkanları ilə bağlı məlumatlandırma kliplərinin saytının artırılması və bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda sosial şəbəkədə daha aktiv şəkildə Azərbaycanın, xüsusən də işğaldan azad edilmiş ərazilərimizin turizm potensialının təqdimatı vacibdir".
Vüqar Bayramov hesab edir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə təmir-bərpa, minadan təmizlənmə ilə bağlı işlərin aparılmasına rəğmən tanıtım və təbliğat kampaniyalarının daha tez başlanmasına ehtiyac var.
Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə bildirib ki, Qarabağ, Şərqi Zəngəzurə tarixən, o cümlədən sovet dövründə turistik səfərlər edilib: “Ümumiyyətlə, Qarabağın relyefi, təbiəti, tarixi abidələri onu deməyə əsas verir ki, gələcəkdə bura tam şəkildə bütün infrastrukturlar yekunlaşdıqdan, təhlükəsizlik məsələləri tam öz həllinin tapdıqdan sonra turistik bölgələrdən birinə çevriləcək, xeyli sayda istər yerli, istərsə də xarici turistləri qəbul edəcək. Orada görülən işlər ən azı bunu deməyə imkan verir. Çünki bildiyimiz kimi, bu zonada 3 beynəlxalq hava limanı inşa olunur. Artıq onların 2-si istifadəyə verilib, digəri də növbəti illərdə istifadəyə veriləcək və turizmin əsas elementlərindən olan daşınma məsələsində ciddi şəkildə turizmə təkan verən faktorlardan, səbəblərdən biri olacaq.
O ki qaldı Kəlbəcər və Laçına, orada istər kənd, yaşıl turizm, karvan, çadır turizmi, tarixi, qədim insan məskənləri ilə bağlı turizmin inkişafı üçün böyük potensial var. Çünki orada isti su var. Məlum olduğu kimi, sovet dövründə bu ərazilərdə isti su sanatoriyaları fəaliyyət göstərib.
Həmçinin dağlıq ərazi olduğu üçün qar tez yağır, bu baxımdan gələcəkdə orada qış turizminin fəaliyyətini təşkil etmək mümkün olacaq.
Məlum olduğu kimi, dövlətimiz Qarabağ ərazisinin tanıdılması ilə bağlı siyasi müstəvidə bir sıra işlər görür. Məsələn, orada müəyyən ədəbi, tarixi, mədəni tədbirlər, idman yarışları keçirir, müxtəlif ölkələrin diplomatları, diaspor nümayəndələri, elm və mədəniyyət adamları və sairə, keçirilən tədbirlərdə iştirak edir. Hesab edirəm ki, gələcəkdə də bu cür tədbirlərin davamlı olmalı, bununla bağlı televiziyada, mətbuatda, hətta sosial şəbəkələrdə daha geniş şəkildə işıqlandırılmalıdır".
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib: “Qış-xizək turizmi kifayət qədər spesifik sahədir və onun öz sevənləri var. Bu turizm növünü sevənlərin böyük əksəriyyəti daha çox Qərb ölkələrində yaşayır. Qeyd edim ki, bir sıra Avropa ölkələri, o cümlədən İtaliya, Avstriya, Fransa bu sahədə öncül ölkələrdəndir.
Qış turizmi çox bahalı turizm növüdür. Təbii ki, Azərbaycan daha ucuz və daha keyfiyyətli xidmət təqdim etsə, ölkələrlə birdəfəlik viza məsələsi öz həllinin tapsa (doğrudur, indi elektron vizadır, amma hər halda, bu ləğv olunsa) və güclü təbliğat kampaniyası qurulsa, bu sahədə ciddi uğurlar əldə etmək olar".
Xalidə GƏRAY,
“Yeni Müsavat”