44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə həm də Ermənistan üçün xilas yolu sayıla biləcək 3+3 əməkdaşlıq formulunu təklif etmişdi. Gah Ermənistan bu əməkdaşlıq formatının baş tutmaması üçün manevrlər etdi, gah Gürcüstan, gah da İran...Əslində maraqlı olmalıydılar, di gəl ki, pozuculuq niyyətlərindən əl çəkmədilər.
Ermənistanı başa düşmək çətin deyil, dövlət olmayandan dövlətçilik ərkanı gözləməyə dəyməz. Tarixən maşa olanların, ağalarını “bir su içimə” satmağa qadir olan xəyanatkar toplum öz xeyrini anlamırsa, əlavə şərhə nə zərurət? Qonşu Gürcüstanın bir ayağı Qərbdə olduğundan o da bəzən qonşuluq haqqını unudur, Azərbaycanın maraqlarının əleyhinə mövqe sərgiləyir, çünki bir gözü Avropada, digər gözü Avropadadır. O mənada sual yaranır, bəs İrana nə düşüb? Axı, müsəlman qonşumuzu kimsə Qərdə gözləmir. Belə olduğu halda rəsmi Tehran niyə özünü Gürcüstan və ya Ermənistan kimi aparmağa çalışır, bununla da özünün min illik dövlətçilik ənənələrinə xələl gətirir?
Ötən illərin təəssüf doğuran təcrübəsindən çox yazmışıq. Müsəlman qonşusunun ərazilərini işğalda saxlayanlar, 70-dən artıq məscidi yer üzündən silib, salamat qalan Allah evlərindən donuz fermaları kimi istifadə edənlər üçün “nəfəslik” rolunu oynayan İran İslam Respublikası hətta Azərbaycan ərazilərinin azad olunmasına belə, ən əcaib şəkildə mane olmağa cəhd göstərdi ötən zamanlarda. Araz sahili boyunca hərbə-zorba xarakterli hərbi təlimləri də unutmadıq. Ermənistanın hələ dəqiqləşməyən, Nikol Paşinyanın belə, kadastr sənədinin olmadığını etiraf etdiyi şərti sərhədlərini özünün “qırmızı xətti” adlandıran İran Ermənistanın qapı-pəncərəsindən istədiyi şəkildə girib-çıxan ABŞ-Avropa İttifaqının hərbçilərini, kəşfiyyatçılarını, cəsuslarını sanki görmür. Doğrudanmı bu ölkənin rəhbərliyində kimsə yoxdur ki, desin axı, İranı “şeytan üçbucağı”na daxil edənlər, ona qarşı əməliyyatlar zamanı Azərbaycan ərazilərindən də istifadəyə illərdir çalışanlar, “yox” cavabı alanlar Ermənistandan həm də İrana qarşı poliqon kimi istifadə edəcəklər günün birində?! Bu, nə arxayınçılıq, nə rahatlıqdır belə? Yəni İran Dəməşqdəki səfirliyinin nöqtəli zərbə ilə vurulmasından, generallarının öldürülməsindən sonra da ayılmadı? Azərbaycan öz ərazilərini işğaldan azad edən zaman tez-tələsik qaçıb, Qafandakı suvağı qurumamış tikilidə baş konsulluq açan, bu günə qədər bu konsulluğun nəyə lazım olduğunu əsaslandıra bilməyən İran necə olur ki, Qərb emissarlarının Qafanda, Göyçədə, Basarkeçərdə, Qarakilsədə...əllərində binokl hərlənməsinə məhəl qoymur? Doğrudanmı anlamırlar ki, əslində bu, cəsus şəbəkəsi koordinatları dəqiqləşdirir, məqamı gələndə hərəkətə keçiləcək və məkrli niyyətlər sırasında İran planının olmayacağını kimsə iddia edə bilməz.
Diqqət edin, aprelin 5-də Brüsseldə keçirilən ABŞ, Avropa İttifaqı və Ermənistan arasındakı üçlü görüşə həm Bakıdan, həm Ankaradan, həm də Moskvadan etiraz kifayət qədər sərt şəkildə verildi. Amma Tehran susdu, heç nə olmamış kimi. Azərbaycana hansısa Qərb diplomatının adi səfərlərindən belə, narahat olan, dərhal xarici qüvvələrin regiona hansısa təhlükəli ssenariləri gerçəkləşdirmək üçün gəldiklərini bəyanlayan İran avropalı, amerikalı emissarların Ermənistanda “at oynatması”nı sakit qarşıladığı kimi, Sorosun kadrı Nikol Paşinyanın və komandasının Brüsseldəki toplantıya qatılmasına, əldə olunan razılaşmalara da səssiz qaldı. Belə yerdə məşhur səhnəcikdəki “ala, xoddan da Roşka, xoddan!”, sözləri yada düşür. İran niyə susur, doğrudanmı Ermənistandan özünə təhlükə görmür. Məgər ermənilərin tarixən etdiyi xəyanətlər İrana məlum deyilmi?
Diqqət edin, erməniləri İran və Türkiyədən İrəvan xanlığının ərazisinə köçürüb, onlara dövlət quran, on illərlə onlardan heç nəyini əsrigəməyən Rusiya bu gün Ermənistanın satqınlığına sərt etiraz bildirdi. Rusiya XİN “Ermənistan-ABŞ-Avropa İttifaqı formatında yüksək səviyyəli görüşü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk”, bəyanatını yaydı. “Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən Ermənistanın da iştirakçısı olduğu “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, - deyə Rusiya xarici siyasət idarəsinin bəyanatında bildirildi.
Təsəvvür edin, Rusiya XİN belə, 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən Ermənistanın da iştirakçısı olduğu “3+3” formatına istinad edir, irəliyə doğru addımların qarşısının məhz Qərbin dövriyəyə girməsi ilə alındığını sərtliyi ilə dilə gətirir, amma ev sahibi olmuş ölkə susur.
Qardaş Türkiyə də hər zaman olduğu kimi, Azərbaycanın ədalətli mövqeyinin yanında oldu. Türkiyə Xarici İşlər Nazirliyi Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan–Aİ–ABŞ üçtərəfli görüşünə dair bəyanatında birmənalı şəkildə bildirildi ki, görüşün keçirilməsi regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Etiraz sənədində qeyd olundu ki, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməyəcək, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və ötən il Qarabağda keçirilən antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Lakin: “Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur”. AçıqlamadaTürkiyə XİN təkrarən üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: “Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”.
Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Azərbaycanın olmadığı masada aparılan müzakirələrə öncədən rəsmi Bakının etirazını aşağıdakı kimi ifadə etmişdi: “Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.
Azərbaycan dövlətinin sərt və qətiyyətli mövqeyi ABŞ və Avropa İttifaqının rəhbərliyini Bakıya, cənab Prezidentə zəng edib, izahatlar verməyə vadar elədi. İran susdu. Amma Ermənistanla hərbi paktın imzalanması baş tutsaydı, bu, həm də İrana qarşı planlarda istifadə olunan razılaşma olacaqdı. Azərbaycan dövləti sərt mövqeyi ilə həm də İranı xilas etmiş oldu indiki halında...Bakının prinsipial mövqe həm də ona hesablanmışdı ki, Azərbaycan bölgədə əbədi sülhün bərqərar olunmasını istəyir, üçüncü qüvvələrin regiona gəlməsi, hansısa planlarını reallaşdırmağa çalışması sülhü nəinki əngəlləyəcək, üstəlik, əlavə fəlakətlər gətirəcək. Çox keçmədi, atəş açıldı. Budur, Brüssel görüşündən az sonra Qazax, Tovuz, Daşkəsən, Naxçıvan istiqamətindən atəş səsləri intensiv xarakter almaqdadır. Aylardır davam edən səssizliyi Brüssel fomatı pozdu. Əslində Brüssel ötən illərdə sülh əldə oluna biləcək ünvanlardan biri kimi etimad qazanmaqdaydı, Makron Fransası, Ermənistan bu imicin də üstündən xətt çəkdilər. Heç şübhəsiz, bu təxribatlar “Ermənistanın boyunu aşan”- ifadə cənab Rəcəb Tayyib Ərdoğana məxsusdur - bölgədə böyük və dağıdıcı savaş riski yaradır. Amma İran susur. Təkcə susmur, həm də öz ərazisindən Ermənistana silah-sursat daşınmasına yaşıl işıq yandırır. Budur, təkzibolunmaz faktlar: 29 mart-4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib. Özü də bunu erməni mediası yazıb. Bildirilib ki, İran bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürüb.
Qeyd edək ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub. Beləcə, müsəlman qardaşlarını öldürmək üçün “yaşıl işıq” yandırır, Ermənistanın hələ hardan keçəcəyi bəlli olmayan sərhədlərini “qırmızı xətti” sayan cənub qonşumuz. Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edən, Ermənistanı qızışdıraraq pozuculuq siyasətinə vadar edən - Fransa ilə birgə - müsəlman qonşumuz nədənsə fransız, hind silahları üçün “yaşıl dəhliz” çəkməkdə problem görmür. Yazıqlar olsun. Yaşıl rəng İslamın rəngidir, Azərbaycanın bayrağında da əksini tapıb, amma İslam dövləti, müsəlman qonşumuz, məscid dağıdanların növbəti terroruna, təcavüzünə yaşıl işıq yandırırsa, çox-çox təəssüf...