Erməni əsirliyindən qayıdan əsgərlərimiz müntəzəm şəkildə fiziki zorakılıqlara məruz qalıblar
Erməni əsirliyindən qayıdan əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirov müntəzəm şəkildə fiziki zorakılıqlara məruz qalıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə bu faktları gizlədib. Bu barədə Minval.az saytı bildirib.
Aqşin Bəbirovun Azərbaycan-Ermənistan sərhədində hərbi əsirlərin dəyişdirilməsi zamanı və ondan sonra evdə, jurnalistlərin azadlığa buraxılan şəxslə müsahibəsi zamanı çəkilmiş fotoları müqayisə edilərək, bu qənaətə gəlinib.
Qeyd olunur ki, mübadilə zamanı Aqşin Bəbirovun üzündə heç bir xəsarət və ya yara nəzərə çarpmayıb. Ancaq onun Bakıya qayıtdıqdan sonra yerli KİV-lərdən birinə müsahibəsi zamanı çəkilən fotosunda yeni döyülmə izləri aydın görünür: "Bu da ona qarşı sistemli şəkildə fiziki zorakılığın tətbiq edildiyini göstərir. Əsgərlərimiz bizim tərəfə təhvil veriləndə yaraları diqqətlə qrimlənib".
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları hər dəfə hərbi əsirlərimizə baş çəkərkən, onların səhhətinin yaxşı olduğunu, hər hansı problemin olmadığını bildirirdilər. İndi aydın olur ki, BQXK döyülmə faktlarını gizlədib".
Aqşin Bəbirov
Aqşin Bəbirov son vəziyyəti ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bacardığım qədər yaxşı olmağa, ayaqda durmağa çalışıram. Ağrılarımız çox ola bilər, amma bu ağrılar vətənimizdə bizə xoşdur. Biz vətən üçün yaşayırıq. Vətənimiz bizim anamızdır, ona uzanan əlləri, dilləri kəsərik. İnşallah, hər şey yaxşı olacaq, hər şey qaydasına düşəcək. Göydə Allah, yerdə Ali Baş Komandanımıza minnətdarıq ki, ailəmizə sağ-salamat gəlib çıxdıq. Sözün doğrusu, mənim buna ümidim var idi. Ümid edirdim ki, sonda biz vətənimizə qovuşacağıq”.
Ailəsinə qovuşan Hüseyn Axundov isə deyib ki, əsirlikdə olanda ilk olaraq vətəni, sonra isə anası üçün darıxıb: “Artıq vətəndəyəm. Allah Prezidentimizi qorusun. Tezliklə azad olunacağımız günü gözləyirdik. Hər zaman dövlətimizə arxalanmışam. Bundan sonra da arxalanacağam. Ali Baş Komandanımız var olsun! Biz qalib ölkənin qalib əsgəriyik. Harada olmağımızdan asılı olmayaraq, hər zaman dövlətimizin adını uca tutmağa çalışırıq”.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.
“Azərbaycan hərbçilərinin əsirlikdən azad edilməsi təbii ki, hamını sevindirir. Azərbaycan Prezidenti onların taleyinə biganə olmadığını bir daha sübut etdi”.
Çingiz Qənizadə
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, bu sevinc təkcə hərbçilərin ailələri deyil, həm də bütün Azərbaycanın sevincidir: “Azərbaycan daha öncə də həm mülki, həm də hərbi vətəndaşları Ermənistana təhvil verib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qeyd-şərtsiz humanist addımlar atmışdı. Ermənistan tərəfi azərbaycanlı hərbçilərin saxlanmasından çox böyük şou yaratdı. Hərbçilərimizə ağır ittihamların irəli sürülməsi Ermənistan siyasi hakimiyyətinin iç üzü idi. Hərbçimiz Hüseyn Axundovun guya şikayətçinin ərizəsi əsasında ömürlük cəzaya məhkum edilməsi də yaranmış vəziyyətdən istifadə məqsədi daşıyırdı. Onlar təxribatçı erməni əsirlərin geri qaytarılmasına nail olmaq istədilər. Amma onların bu istəyi baş tutmadı. Məsələ Prezident İlham Əliyevin humanist yanaşması ilə həll olundu. Bu, iki Azərbaycan əsgərinin həyatının, təhlükəsizliyinin qorunması istiqamətində atılmış addımdır. İki Azərbaycan vətəndaşının 32 erməni ilə dəyişdirilməsi sırf İlham Əliyevin humanist yanaşmasıdır. Bu nəticə Azərbaycan xalqını çox sevindirdi”.
Qeyd edək ki, əsirlərin mübadiləsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib. Paşinyan “əsir mübadiləsi bizə nikbinlik verir ki, yaxın gələcəkdə sülh sazişinin imzalanması mümkün olsun” deyib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı Azərbaycan və Ermənistanda saxlanılan hərbçilərin mübadiləsi məsələsinə toxunub. O qeyd edib ki, ABŞ Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır: “Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”.
Hazırda müzakirə edilən suallardan biri də Azərbaycana qaytarılan hərbiçi Hüseyn Axundov və Aqşin Bəbirovun bundan sonra hərbi xidmətə davam edib-etməyəcəyi ilə bağlıdır.
Ədalət Verdiyev
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a danışıb: “Əsirlikdən qayıdan hərbiçilərimiz ilk növbədə müayinədən sonra müəyyən olunmuş prosedurlardan keçəcəklər. Bundan sonra onlar hərbi xidmətlərinə davam edəcəklər. Qanunla müəyyən olunmuş xidmət başa çatdıqdan sonra tərxis olunacaqlar. Prosedurlar onların xidmət müddəti başa çatana qədər bitməsə, onlar prosedurlardan dərhal sonra tərxis ediləcəklər. Böyük ehtimalla, onların hərbi xidmət müddəti başa çatmadığı üçün hərbçilərin yenidən ordu sıralarına qaytarılması gözləniləndir”.
İrəvanda Azərbaycandan qayıdan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında əlbəyaxa dava olub. Davanın başvermə səbəbi və hadisənin təfərrüatı açıqlanmır.
Xalidə GƏRAY
“Yeni Müsavat”