“Qırın, öldürün bir-birinizi ...” - Bayden Babək “rolunda”

İlk yayımlanma zamanı: 16 Avqust-02:21

Zelenski (və ondan əvvəlki hakimiyyətdəkilər də) Qərbin oyuncağı olmağa razılaşmasaydılar, dövləti düşünsəydilər, Putin də içindəki mənasız “Böyük Rusiya” ambisiyalarını boğa bilsəydi, Qərbin planlarını puça çıxartmaq olardı...

Müharibə uzandıqca və yeni ərazilərə keçdikcə ukraynalılarla rus xalqının bir-birlərinə nifrətləri də artır, min illərə söykənən slavyan qardaşlığı tarix olur. Əslində, bu savaşı planlayanların əsas məqsədlərindən biri də bu idi. Avropanın iki “boynuyoğun”, torpağı bərəkətli, təbii ehtiyatlarla çox zəngin, hərbi-sənaye potensiallı və üst-üstə 230-240 milyon əhalisi olan iki ölkə arasındakı bu qardaşlıq əlaqələrini birdəfəlik kəssinlər. Krımın anneksiyası görünür, düşmənçilik üçün kifayət etmədi, bu dəfə hədəfi Donbasa çevirdilər, düşmənçilik dərinləşdi. 

424024_O.jpg (217 KB)

Əlbəttə, tarix iki qohum xalqların, hətta qardaşların mənasız savaşları ilə doludur. Amma o zamanlar tarixi saxtalaşdırmaq asan idi, düşmənçiliklər bu səbəbdən tezliklə unudulardı. İndi isə belə deyil, müasir dünya düşmənçiliklər üzərində qurulur, həm də vurulan yaraları da sağaltmağa imkan vermirlər, fürsət düşdükcə “çərtib içinə duz basırlar”. Baxın, indi hətta Belarusu da bu savaşa çəkmək istəyirlər.

Biz yaramaz erməni xalqı ilə Qafqazda birgə yaşayırıq, başqa dinlərə sitayiş edirik, fərqli dillərdə danışırıq. Amma baxın, bu iki kiçik Qafqaz xalqının da ortaq dil tapıb sülh sazişi imzalamasına imkan vermirlər. Onların bizdən alacağı torpaq yoxdur, bizim də daha onlardan. Amma təməlli sülhə imkan vermirlər, həm də təkcə Qərb deyil, şimal da, şərq də, şər də... Çünki yeni dünya trendinə görə düşmənçiliklər çox, dostluqlar az olmalıdır... 

a49f7ef5432d10247c1e41b50254039f.jpg (400 KB)

Kurskda ukraynalının başında faşist dəbilqəsi ilə yolunu azmış yaşlı rusu təhqir edib, məzələnərək çəkib yayması iki qardaş xalqın faciəsinin sübutdur. Faşizmə qarşı birgə döyüşən(əlbəttə, hər iki tərəfdən o vaxt Hitler Almaniyasına xidmət edənlər də olub) iki qardaş indi bir-birlərinə bu qədər nifrət edəcək həddə gəliblər. Bu həm də təkcə Qərbin günahı da deyil, bu savaşdan qaçmaq olardı. Zelenski (və ondan əvvəlki hakimiyyətdəkilər də) Qərbin oyuncağı olmağa razılaşmasaydılar, dövləti düşünsəydilər, Putin də içindəki mənasız “Böyük Rusiya” ambisiyalarını boğa bilsəydi, Qərbin planlarını puça çıxartmaq da olardı. İndi isə gecdir... 

Screenshot_10.png (1.06 MB)

Söhbət ondan getmir ki, hər iki tərəfdən ölənlər çoxdur, həm də qardaş qardaşını, qohum qohumunu öldürüb. Rusiya bunun adını “millətçiləri öldürürük” qoyur, ukraynalılar isə onların torpağına soxulan rusları “moskali”(tarixə görə moskali rus çarlığına xidmət edənlərə deyirdilər) adlandırması bu savaşın iki qardaş xalq arasında olması həqiqətini dəyişmir.

Qərb əlbəttə, bu vəziyyətdən məmnundur. Poroşenko kimi ateistin biri bu iki xalqın minilliklərə söykənən kilsəsini belə ayırdı. İndi guya allahları da ayrıdır! 

1668080076_1667838706_cj.jpg (137 KB)

ABŞ öz vassallarının dəstəyi və milyardları hesabına Avropada(təkcə o qitədə deyil həm də) elə bir düşmənçilik toxumu səpib ki, bunun ağrı-acısı hələ 50 il sağalmaz. Ukrayna darmadığın olub, əhalisi dünyanın dörd bir tərəfinə səpələnib. Rusiya da elə o gündədir. Bu savaşın ədalətli olduğuna inanmayanlar Rusiyanı tərk edib, ölkənin düşünən beyinləri və ziyalı elitası bir nəfərin(Putin) iradəsinə tabe edilib. Rusiya da həm iqtisadi, həm siyasi, həm dərin mənəvi zərbə alıb ki, bunun da ağrısını illərlə çəkməli olacaqlar. Halbuki güclərini birləşdirsəydilər, elə bir slavyan birliyi yaradadırdılar ki, Avropanı iqtisadi qüdrəti, ordu gücü ilə “hop edib udardılar”. Bilirəm, slavyan birliyinin dərdini çəkmək bizə qalmayıb, bəlkə güclü birlikləri olsaydı, bizə də “ilişərdilər” deyə, düşüncəsi də var. Amma bu, təkcə iki xalqın faciəsi deyil, bunu da düşünmək və anlamaq lazımdır. 

c1bdc619-c471-4850-afec-edbf83e60ff1.jpg (119 KB)

ABŞ strateji olaraq Rusiya-Ukrayna savaşının qalibidir, istəklərinə çatıblar. Həm Rusiyanı, həm Ukraynanı dizə gətiriblər, amma hələ də əl çəkmirlər, “dayanmaq, masa arxasında oturub danışmaq” olmaz deyirlər. Zelenski 15 gün əvvəl Kiyevin nəzarətində olmayan ərazilərin Rusiyaya verilməsi ilə bağlı referendumun keçirilməsinin mümkünlüyü haqda danışırdı, Kurska hücumdan sonra qəti şəkildə bildirirlər ki, Ukrayna atəşkəsə razıdır, amma yalnız bütün ərazilər qaytarıldıqdan sonra...

”Babək” filmində iki ərəbin- Cavidanla Əbu İmranın bir-birini öldürməsi səhnəsi var. Babək Xürrəmi qarşısını ala bilmir və hirslə deyir: “Qırın, öldürün bir-birinizi, qoy nəsibiniz zəlalət olsun...” Bir az da bədiiləşdirsək, Bayden indi bir az da Babək “rolunda”dır...

Nəticəsindən asılı olmayaraq, bu, dünya tarixində ən mənasız savaşlardan biri kimi qalacaq. Dayanmaq üçün deyəsən, doğurdan da gecdir...

 

Nazim SABİROĞLU
Musavat.com

16.08.2024 13:00
2435