Qırğızıstanda mallar ölkəyə çatdırılmazdan əvvəl xaricə ödəniş qadağan olundu

Qırğızıstan Milli Bankı ölkədəki bütün maliyyə təşkilatlarına xaricdən alınan mallar respublika ərazisinə faktiki çatdırılmadan idxal müqavilələri üzrə ödənişlər həyata keçirməyi qadağan edib.

Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstanın “Economist” nəşri tənzimləyicinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, məhdudiyyət “iqtisadi təhlükəsizliyi təmin etmək və maliyyə sabitliyini qorumaq üçün” bir il müddətinə tətbiq edilir. Milli Bankın nəzarətində olan bütün təşkilatlar, xüsusən də banklar, mikromaliyyə təşkilatları və ödəniş sistemləri qadağaya riayət etməlidirlər.

Bildirilir ki, İstisnalar yalnız Nazirlər Kabinetinin müəyyən etdiyi müvəkkil dövlət şirkətləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qərb mətbuatında bir çox malların Qırğızıstan adı ilə sifariş olunaraq, ölkəyə gətirilmədən Rusiyaya çatdırıldığına dair məlumatlar yer alıb. ABŞ Maliyyə Nazirliyinin bununla bağlı Bişkekə xəbərdarlıq etdiyi bildirilir. Belə görünür ki, Qırğızıstan hökuməti ölkə biznesini ikincili sanksiyalardan qorumaq üçün addımlar atır.

 

Musavat.com

07.09.2024 01:41
306