Qırğızıstanda mafiya ilə əlaqəsi olan 180-dən çox məmur işdən çıxarılıb

Qırğızıstanda müxtəlif rütbəli 226-dan çox dövlət qulluqçusunun Kamçı Asanbekin (Kolbayev) mütəşəkkil cinayətkar dəstəsinin və Raim Matraimovun mafiyasının üzvləri ilə gizli əlaqədə olduğu üzə çıxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, MTN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan 180-dən çoxu tutduğu vəzifədən azad edilib.

Gömrük xidmətində 85 əməkdaşın mafiya ilə əlaqəli olduğu müəyyən edilib, onlardan 76-sı tutduğu vəzifədən azad edilib, Daxili İşlər Nazirliyində 26 əməkdaşın şəxsiyyəti müəyyən edilib, onlardan 14-ü vəzifə səlahiyyətlərindən kənarlaşdırılıb, 6 yerli şura deputatı mandatını təhvil verib, 65 nəfər rayon dövlət idarələrində və yerli özünüidarə orqanlarında, eləcə də digər nazirlik və idarələrdə vəzifədən azad olunub, bir sıra əməkdaşlar vəzifələrindən kənarlaşdırılıblar.

Qalan dövlət qulluqçuları ilə bağlı hazırda əlavə müvafiq işlər davam etdirilir.

“Dövlət orqanlarımızın eqoist məqsədlər güdən vicdansız əməkdaşlardan təmizlənməsi istiqamətində bu cür işlər dövlətin bütün sahələrində bundan sonra da davam etdiriləcək”, - deyə müraciətdə bildirilir.

Musavat.com

11.12.2023 10:25
758