Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, Bişkek şəhərində keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri 20-25 aprel tarixlərini əhatə edəcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçiriləcək tədbirlə bağlı ölkəmizdən tanımış sənətkarlar, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekdə səfərdədirlər.
Manas Beynəlxalq Aeroportunda Azərbaycan nümayəndə heyəti üçün xüsusi qarşılanma mərasimi təşkil olunub, milli musiqi səslənib və milli təamlar təklif edilib.
Mədəniyyət günləri çərçivəsində Qırğızıstan paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə Qırğız Mədəniyyəti Günləri 2024-cü ilin 23-26 aprel tarixlərində keçirilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
Qırğızıstan, Bişkek